Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında mühüm mərhələdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan səmərəli müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Almaniya əlaqələrinin yeni məzmunla zənginləşdiyini və qarşılıqlı əməkdaşlığın daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu nümayiş etdirir. Azərbaycan və Almaniya arasında münasibətlər qarşılıqlı hörmət, etimad və tərəfdaşlıq prinsiplərinə əsaslanır. Son illər ərzində iki ölkə arasında siyasi dialoqla yanaşı, iqtisadiyyat, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, investisiya, humanitar və digər sahələrdə əməkdaşlıq da genişlənməkdədir. Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri məhz bu çoxşaxəli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Səfərin mühüm nəticələrindən biri Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanmasıdır. Həmçinin Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasına və fəaliyyətinə dair Birgə Bəyannamə imzalandı.
Bu sənəd iki ölkənin gələcək əməkdaşlığının əsas istiqamətlərini müəyyənləşdirmək baxımından əhəmiyyətlidir. Strateji gündəliyin formalaşdırılması Azərbaycan-Almaniya münasibətlərinin daha sistemli və uzunmüddətli əsasda inkişaf etdirilməsinə xidmət edəcək. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə də səfər çərçivəsində diqqət mərkəzində olan əsas məsələlərdən biri olub. Azərbaycanın enerji strategiyası bu gün yalnız ölkənin milli maraqlarına deyil, həm də regional və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan təbii qazının Avropa bazarlarına nəql olunması ölkəmizin Avropanın enerji təminatında etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirib.Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın Avropa ilə münasibətlərə verdiyi strateji əhəmiyyəti bir daha nümayiş etdirdi. Azərbaycan Avropa İttifaqı ölkələri ilə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişafında maraqlıdır. Almaniya isə Avropanın aparıcı dövlətlərindən biri kimi bu əməkdaşlıqda mühüm yer tutur. Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin inkişafında yeni səhifə açan mühüm siyasi və diplomatik hadisədir. Səfər zamanı keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi və enerji, nəqliyyat, logistika, yaşıl enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm zəmin yaradıb.
Əminliklə demək olar ki, Azərbaycan-Almaniya münasibətləri bundan sonra da qarşılıqlı maraqlar və strateji tərəfdaşlıq prinsipləri əsasında inkişaf edəcək. Prezident İlham Əliyevin Almaniyaya səfəri çərçivəsində əldə olunmuş razılaşmalar və müəyyənləşdirilən yeni əməkdaşlıq istiqamətləri iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə, qarşılıqlı iqtisadi imkanların genişləndirilməsinə və Azərbaycan ilə Avropa arasında tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək.
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini