PDF Oxu

Siyasət

  • 767

Azərbaycan dili milli kimliyimizin və dövlətçiliyimizin əbədi rəmzidir - ŞƏRH

image

Hər bir xalqın milli kimliyini, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən mühüm amil onun ana dilidir. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın keçmişini, bu gününü və gələcəyini bir-birinə bağlayan mənəvi körpü, milli varlığın ən etibarlı təminatıdır. Azərbaycan dili əsrlər boyu xalqımızın zəngin mədəniyyətini, ədəbi irsini, dövlətçilik ənənələrini və milli təfəkkürünü yaşadaraq bu günümüzə qədər gətirib çıxarmışdır. Məhz buna görə də ana dilimizin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olmuşdur. Hər il 1 Avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması ana dilimizə göstərilən yüksək dövlət qayğısının, milli-mənəvi dəyərlərimizə ehtiramın və dövlətçilik ənənələrimizin parlaq təzahürüdür. Bu əlamətdar gün xalqımızın öz dilinə bağlılığını nümayiş etdirməklə yanaşı, gələcək nəsillərdə ana dilinə sevgi, hörmət və məsuliyyət hissinin formalaşdırılmasına xidmət edir.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması uzun və mürəkkəb tarixi inkişaf yolu keçmişdir. Xalqımız əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşasa da, ana dilini qorumaqla milli kimliyini və mənəvi dəyərlərini yaşatmağı bacarmışdır. Müstəqil dövlətçilik tariximizdə bu istiqamətdə ilk mühüm addım 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən atılmışdır. Cümhuriyyət Hökumətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə Azərbaycan dili dövlət dili elan edilmiş, bununla da milli dövlət quruculuğunun əsas sütunlarından biri müəyyənləşdirilmişdir. Qısa fəaliyyət dövrünə baxmayaraq, bu qərar sonrakı dövrlər üçün mühüm hüquqi və siyasi əsas yaratdı.
Sovet hakimiyyəti illərində milli dillərin inkişafı ciddi məhdudiyyətlərlə üzləşdi. Rus dili ictimai-siyasi və inzibati həyatın əsas dili kimi üstün mövqeyə malik idi. Belə mürəkkəb şəraitdə Azərbaycan dilinin hüquqlarının qorunması böyük siyasi iradə tələb edirdi. Məhz Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və milli maraqlara sədaqəti nəticəsində 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mümkün oldu. O dövrün siyasi reallıqları nəzərə alındıqda bu addım milli maraqların qorunması istiqamətində böyük tarixi nailiyyət idi və gələcək müstəqil dövlətçilik üçün mühüm ideoloji zəmin yaratdı. 1991-ci ildə dövlət müstəqilliyinin bərpası Azərbaycan dilinin inkişafı üçün tamamilə yeni mərhələnin başlanğıcı oldu. Müstəqil Azərbaycan Respublikasının 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili kimi təsbit edildi və dövlətin onun inkişafını təmin etməsi hüquqi öhdəlik kimi müəyyənləşdirildi. Beləliklə, ana dilimiz yalnız milli-mənəvi sərvət deyil, həm də dövlət müstəqilliyinin və suverenliyinin əsas atributlarından biri kimi möhkəm hüquqi təminat qazandı. Ulu Öndər Heydər Əliyev ana dilini xalqın milli varlığının əsas dayağı hesab edirdi. Onun "Hər bir xalqın milliliyini yaşadan və inkişaf etdirən onun dilidir" fikri dövlət dilinə münasibətdə həyata keçirilən siyasətin mahiyyətini dolğun şəkildə ifadə edir. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil sistemində, elm, mədəniyyət və kütləvi informasiya vasitələrində tətbiq dairəsi əhəmiyyətli dərəcədə genişləndirildi. Dövlət dili cəmiyyət həyatının bütün sahələrində aparıcı mövqeyə yüksəldi. Ana dilimizin inkişafında mühüm mərhələlərdən biri də latın qrafikalı Azərbaycan əlifbasına keçid oldu. Bu addım yalnız texniki dəyişiklik deyildi. Latın qrafikasının tətbiqi milli-mədəni irsimizin qorunmasına, türk dünyası ilə inteqrasiyanın möhkəmlənməsinə, dünya informasiya məkanına daha sürətli inteqrasiyaya və müasir təhsil sisteminin inkişafına mühüm töhfə verdi. Yazılı irsimizin vahid əlifba əsasında formalaşması Azərbaycan dilinin gələcək inkişaf perspektivlərini daha da genişləndirdi.
2001-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman, eləcə də 1 Avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi barədə Sərəncam dövlət dili siyasətində yeni mərhələnin əsasını qoydu. Həmin qərarlar nəticəsində latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin edildi, dövlət dilinin tətbiq mexanizmləri təkmilləşdirildi və ana dilimizin cəmiyyət həyatındakı mövqeyi daha da möhkəmləndirildi. Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də dövlətimizi təmsil edən mühüm dəyərlərdən biridir. Azərbaycanın beynəlxalq nüfuzunun artması nəticəsində ana dilimiz müxtəlif beynəlxalq təşkilatlarda, yüksək səviyyəli tədbirlərdə və rəsmi görüşlərdə qürurla səslənir. Bu isə müstəqil dövlətimizin siyasi nüfuzunun və milli kimliyimizin daha bir göstəricisidir. Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar, həyata keçirilən dövlət proqramları Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsinə, ədəbi dil normalarının qorunmasına, terminologiyanın zənginləşdirilməsinə və rəqəmsal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu siyasətin əsas məqsədi ana dilimizi qloballaşmanın yaratdığı çağırışlar fonunda qorumaqla yanaşı, onun müasir elmin, texnologiyanın və beynəlxalq münasibətlərin tələblərinə cavab verən inkişafını təmin etməkdir. Müasir dünyada informasiya texnologiyalarının sürətli inkişafı dillərin gələcəyi üçün yeni imkanlar və eyni zamanda yeni məsuliyyətlər yaradır. İnternet resursları, elektron kitabxanalar, rəqəmsal media, süni intellekt platformaları və sosial şəbəkələr artıq insanların əsas informasiya mənbəyinə çevrilmişdir. Bu səbəbdən Azərbaycan dilinin rəqəmsal mühitdə zəngin və düzgün şəkildə təmsil olunması strateji əhəmiyyət daşıyır. Dövlət qurumlarının elektron xidmətlərində, təhsil platformalarında, proqram təminatında və informasiya sistemlərində dövlət dilinin yüksək səviyyədə tətbiqi həm vətəndaşların informasiya əldə etmək hüququnun təmin edilməsinə, həm də dilimizin inkişafına mühüm töhfə verir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasından sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri milli-mədəni irsimizin dirçəldilməsi ilə yanaşı, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin həmin torpaqlarda yenidən öz layiqli yerini tutmasını da təmin edir. Yeni məktəblərin, mədəniyyət müəssisələrinin, kitabxanaların və digər sosial infrastrukturun yaradılması ana dilimizin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan dili beynəlxalq tədbirlərdə, nüfuzlu təşkilatlarda və müxtəlif platformalarda dövlətimizi təmsil edən mühüm milli dəyərlərdən biridir. Azərbaycanın artan beynəlxalq nüfuzu ilə paralel olaraq ana dilimizin də tanıdılması, öyrənilməsi və təbliği istiqamətində yeni imkanlar yaranır. Xaricdə yaşayan soydaşlarımızın ana dilini yaşatması, Azərbaycan dili üzrə tədris proqramlarının genişləndirilməsi və milli mədəniyyətimizin təbliği bu siyasətin mühüm istiqamətlərindəndir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimiz üçün təkcə əlamətdar tarix deyil, həm də milli kimliyimizə, tariximizə və dövlətçiliyimizə sədaqətin ifadəsidir. Dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki ana dili xalqın mənəvi yaddaşı, milli birliyinin təməli və dövlət müstəqilliyinin ən mühüm rəmzlərindən biridir.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlət dili siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müasir dövrün tələblərinə uyğun olaraq daha da zənginləşdirilir. Bu ardıcıl siyasət nəticəsində Azərbaycan dili milli-mənəvi sərvət kimi qorunmaqla yanaşı, müasir dünyanın çağırışlarına cavab verən, elm, texnologiya və rəqəmsal inkişaf mühitində öz mövqeyini möhkəmləndirən qüdrətli dövlət dili kimi inkişaf edir. Əminliklə demək olar ki, ana dilimizin qorunması və inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü siyasət onun gələcək nəsillər üçün də zəngin, nüfuzlu və daim yaşayan milli sərvət kimi yaşamasını təmin edəcəkdir.

Namiq Əhmədov

YAP Xəzər rayon təşkilatının sədri

Digər xəbərlər