Böyüklüyündən və kiçikliyindən asılı olmayaraq hər bir xalqın varlığını təsdiq edən başlıca amil onun ana dilidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, birinci növbədə onun Ana dilində öz əksini tapır. Ana dili həm də çətin tarixi-siyasi dövrlərdə millətin varlığının yaşadılması üçün əsas vasitələrdən də hesab olunur. Dilini itirən xalq məhvə məhkumdur. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Tarix yaşadıqca xalqımız bu sərvətin qayğısına qalmalı və dilimiz gələcək nəsillərə ötürülməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi onu deməyə əsas verir ki xalqımız dünyanın ən qədim xalqlarından biridir. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk milli Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi qəbul edildi. 2001-ci ilin iyulunda Ulu Öndərin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanı imzalandı. Eyni zamanda, həmin vaxtlarda Dil Şurası da yaradıldı. Çox keçmədi ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında Ümummilli Lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də böyük tarixi şəxsiyyət, Ulu Öndər Heydər Əliyev Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı. Azərbaycan dilinə böyük məhəbbət və diqqətlə yanaşan Ümummilli Lider demişdir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz. Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır. Azərbaycan dilinin dövlət dili kimi yaşaması, möhkəmlənməsi və inkişaf etməsi də bizim nailiyyətlərimizdən biridir. Bu təkcə dil məsələsi deyil, həm də Azərbaycançılıq məsələsidir”.
Qeyd etmək lazımdır ki, Azərbaycanda latın əlifbasına ilk olaraq məktəblər, ikinci dövlət müəssisələri, sonuncu isə mətbuat keçdi. Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin hazırlanması bunun parlaq göstəricisidir. Dövlət Başçısı İlham Əliyev doğma ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə Prezidentinin özüdür. Humanitar elmlərlə bağlı apardığı söhbətlərin birində milli-mənəvi dəyərlərimizə, ana dilimizə toxunaraq bir sıra təqdirəlayiq mədəni hadisələrdən söz açan Prezidentimizin söylədiyi fikirlər bu gün də hər bir azərbaycanlı üçün böyük əhəmiyyət kəsb edir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən illik ümumi yığıncağındakı nitqində də dil məsələsinə son dərəcə ciddiyyətlə önəm verərək və ana dilimizin mühafizəsini elm xadimlərinin diqqətinə çatdıraraq bir daha təsdiqləmişdir ki, bu istiqamətdə görəcəyimiz işlər çoxdur. Ana dilinə məsuliyyətlə yanaşmaq həm övladlıq, həm də vətəndaşlıq borcumuzdur. Dövlətin həyata keçirəcəyi bu mühüm sənəd dilçilik mədəniyyətimizin yeni üfüqlərini naxışlayır. Ölkə Prezidentinin dediyi kimi, “Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir”. Bu səbəbdən də onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının və hər bir azərbaycanlının müqəddəs borcudur.
Polad Ağakişiyev
YAP Qazax rayon təşkilatının məsləhətçisi