"Bir milləti yaşadan onun dili, tarixi və mənəvi dəyərləridir." Bu həqiqət Azərbaycan xalqının keçdiyi minilliklərə söykənən tarixi yolun ən böyük təsdiqidir. Ana dili xalqın ruhudur, milli yaddaşıdır, onun keçmişini bu günlə, bu gününü isə gələcəklə birləşdirən mənəvi körpüdür. Dilini itirən xalq zamanla öz kimliyini də itirmək təhlükəsi ilə üz-üzə qalır. Məhz buna görə də Azərbaycan xalqı tarix boyu qarşılaşdığı bütün çətinliklərə baxmayaraq, ana dilini qoruyub yaşatmağı özünün müqəddəs borcu hesab etmişdir.1 Avqust – Azərbaycan Dili və Əlifbası Günü xalqımızın öz soy-kökünə, zəngin mədəni irsinə və milli mənliyinə sədaqətinin təntənəsidir. Dil hər bir millətin mövcudluq pasportudur, onun tarixini, psixologiyasını və mənəvi dünyasını gələcək nəsillərə daşıyan körpüdür. Əlifba isə bu böyük mənəvi xəzinənin daşlaşmış, əbədiliyə qovuşmuş yaddaşıdır.
Əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşayan, çətin tarixi sınaqlardan keçən Azərbaycan xalqı öz ana dilini təmiz və toxunulmaz saxlayaraq günümüzə qədər yaşatmışdır. Lakin dilimizin dövlət dili səviyyəsinə yüksəlməsi, ümummilli mənafeyin başlıca atributuna çevrilməsi və latın qrafikalı əlifbaya tam keçid prosesi böyük tarixi şəxsiyyətlərin uzaqgörən siyasəti sayəsində mümkün olmuşdur.
Azərbaycan dilinin dövlət dili kimi formalaşması, qorunması və inkişafı birbaşa Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Hələ Sovet Rejiminin ən sərt illərində – 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddənin daxil edilməsi dahi rəhbərin böyük cəsarətinin və misilsiz vətənpərvərliyinin bariz nümunəsi idi.
Müstəqilliyimizin bərpasından sonra ana dilimizin taleyi yenidən diqqət mərkəzinə gəldi. Ulu Öndərin 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və 2001-ci il avqustun 9-da imzaladığı "Azərbaycan Dili və Əlifbası Gününün təsis edilməsi haqqında" fərmanlar ölkəmizin mədəniyyət tarixində dönüş nöqtəsi oldu. Məhz onun qətiyyəti nəticəsində 2001-ci il avqustun 1-dən ölkədə tam olaraq latın qrafikalı əlifbaya keçildi.
Heydər Əliyevin dilimizə verdiyi dəyər onun bu məşhur kəlamında öz dolğun ifadəsini tapır: "Dil hər bir millətin varlığının yeganə zəmanətidir. Inkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, sarsılmazdır."
Ulu Öndərin dil siyasətini yeni tarixi dövrün tələblərinə uyğun olaraq uzaqgörənliklə davam etdirən Prezident İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi üçün böyük addımlar atmışdır. Dövlət başçısının imzalamış olduğu "Azərbaycan dilində kiril qrafikası ilə çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri haqqında" Fərmanı klassik irsimizin gənc nəsillərə çatdırılmasında misilsiz rol oynadı.
Bundan başqa, "Azərbaycan dilinin elektron məkanında tətbiqinin genişləndirilməsi" və "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" fərmanlar ana dilimizin müasir texnologiyalar əsrində qorunub saxlanılmasına, kütləvi informasiya vasitələrində və məişətdə saflığının təmin edilməsinə xidmət edir.
Böyük fəxarət hissi ilə qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Zəfərdən sonra Azərbaycan dili artıq yalnız mədəniyyət və ədəbiyyat dili kimi deyil, qalib xalqın, azad Qarabağın və Xankəndinin, Şuşanın zirvələrində əks-səda verən zəfər dili kimi səslənir!
Dilimizin zənginliyini qorumaq hər bir Azərbaycan vətəndaşının müqəddəs vətəndaşlıq borcudur. Bu məsuliyyət xüsusilə müəllimlərin, alimlərin, jurnalistlərin, yazıçıların, ziyalıların və gənclərin üzərinə düşür. Çünki ana dilinə göstərilən qayğı gələcək nəsillərin milli kimliyinə göstərilən qayğı deməkdir.
Azərbaycan dili bizim keçmişimiz, bu günümüz və gələcəyimizdir. Bu dil şəhidlərimizin əmanəti, ziyalılarımızın mirası, dövlətimizin dayağı və xalqımızın milli birliyinin ən möhkəm sütunudur.
1 Avqust – Azərbaycan Dili və Əlifbası Günü hər birimizə xatırladır ki, ana dilini sevmək yalnız onunla danışmaq deyil, onu düzgün işlətmək, zənginləşdirmək, qorumaq və gələcək nəsillərə saf şəkildə ötürməkdir.
Qoy ana dilimiz hər zaman dövlətimizin qüdrətini, xalqımızın müdrikliyini və milli birliyimizi ifadə edən müqəddəs dəyər kimi ucalarda səslənsin. Qoy Azərbaycan dili əsrlər boyu olduğu kimi bundan sonra da milli varlığımızın, dövlət müstəqilliyimizin və mənəvi bütövlüyümüzün əbədi rəmzi olaraq yaşasın!
Yalçın Əliyev
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının təşkilati işlər üzrə məsləhətçisi