Azərbaycan dili xalqımızın əsrlər boyu formalaşdırdığı zəngin mədəni irsin, milli təfəkkürünün və mənəvi dəyərlərinin daşıyıcısıdır. Dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, adət-ənənələrini, dünyagörüşünü və milli yaddaşını gələcək nəsillərə ötürən müqəddəs mənəvi sərvətdir. Hər bir xalqın varlığını yaşadan əsas amillərdən biri onun ana dilidir. Azərbaycan xalqı da tarix boyu bütün çətin sınaqlara baxmayaraq, ana dilini qoruyaraq milli kimliyini və mənəvi bütövlüyünü saxlamışdır.
Ulu Öndər Heydər Əliyev Azərbaycan dilinə hər zaman xüsusi önəm vermiş, onu dövlətçiliyin əsas sütunlarından biri kimi qiymətləndirmişdir. Ümummilli Lider qeyd edirdi ki, “Xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Bu fikir Azərbaycan dilinin xalqımızın milli varlığındakı əvəzolunmaz rolunu ən dolğun şəkildə ifadə edir. Onun rəhbərliyi dövründə ana dilimizin inkişafı istiqamətində mühüm tarixi addımlar atılmış, Azərbaycan dili dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir.
Sovet İttifaqı dövründə milli dillərin sıxışdırılması siyasətinin gücləndiyi bir vaxtda Azərbaycan dilinin dövlət dili kimi qorunması böyük cəsarət tələb edirdi. Həmin dövrdə ana dili uğrunda açıq mübarizə aparmaq asan deyildi. Lakin Ulu Öndər Heydər Əliyev bütün çətinliklərə baxmayaraq bu məsələdə qətiyyətli mövqe nümayiş etdirdi və 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail oldu. Bu hadisə milli dövlətçilik tariximizin ən mühüm uğurlarından biri kimi qiymətləndirilir.
Müstəqillik əldə edildikdən sonra Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili olması rəsmən təsbit edildi. Daha sonra qəbul olunan “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun ana dilimizin hüquqi əsaslarını daha da gücləndirdi, onun dövlət idarəçiliyində, təhsil sistemində, elm, mədəniyyət və informasiya məkanında tətbiqini təmin etdi.
2001-ci il iyunun 18-də imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman Azərbaycan dilinin inkişafında yeni mərhələnin başlanğıcı oldu. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dövlət dilinin tətbiqinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirildi. Elə həmin ilin 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi təsis edildi. Bu əlamətdar gün ana dilimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev də Ulu Öndərin müəyyən etdiyi dil siyasətini uğurla davam etdirərək Azərbaycan dilinin saflığının qorunmasını dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, Azərbaycan dili olduqca zəngindir və heç bir xarici kəlməyə ehtiyac duymur. Onun təşəbbüsü ilə latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində nəşri, elektron məkanda Azərbaycan dilinin istifadəsinin artırılması və dilin saflığının qorunmasına dair mühüm dövlət proqramları qəbul edilmişdir.
Qloballaşma dövründə informasiya texnologiyalarının sürətli inkişafı ana dilimizin qarşısında yeni çağırışlar yaradır. Xarici dillərin təsiri, sosial şəbəkələrdə dil normalarının pozulması və lüzumsuz alınma sözlərin artması Azərbaycan dilinin saflığının qorunmasını daha da aktuallaşdırır. Prezident İlham Əliyevin bu istiqamətdə verdiyi tapşırıqlar və qəbul etdiyi fərmanlar milli dilimizin inkişafına xidmət edən mühüm addımlardır. 2025-ci ildə imzalanan Fərmanla Azərbaycan dilinin tətbiqinə və dil normalarına nəzarət səlahiyyətinin Mədəniyyət Nazirliyinə verilməsi də bu siyasətin davamlı xarakter daşıdığını göstərir.
Azərbaycan dili bu gün təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla soydaşımızı birləşdirən mənəvi körpüdür. Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili milli mənsubiyyətin və vətənlə bağlılığın ən mühüm göstəricisidir. Ona görə də Azərbaycan dilinin tədrisi, təbliği və qorunması həm ölkə daxilində, həm də diaspor fəaliyyətində xüsusi əhəmiyyət kəsb edir.
Gənc nəslin Azərbaycan dilini mükəmməl bilməsi milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsinin əsas şərtidir. Məktəblərdə, ali təhsil müəssisələrində, media qurumlarında və ailədə ana dilinə sevginin aşılanması hər bir vətəndaşın mənəvi borcudur. Dilimizin zənginliyi yalnız düzgün danışmaqla deyil, həm də onun ədəbi normalarına riayət etməklə, klassik və müasir Azərbaycan ədəbiyyatını öyrənməklə qorunur.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü xalqımızın milli kimliyinə, dövlətçiliyinə və mədəni irsinə sonsuz ehtiramın ifadəsidir. Bu əlamətdar gün hər bir azərbaycanlıya ana dilinin qorunmasının və inkişaf etdirilməsinin ümummilli vəzifə olduğunu bir daha xatırladır. Azərbaycan dili dünən olduğu kimi bu gün də xalqımızın milli birliyinin, dövlət müstəqilliyinin və gələcək inkişafının ən möhkəm dayaqlarından biri olaraq yaşayır və yaşayacaqdır.
Rövşən Qasımov,
YAP Gədəbəy rayon təşkilatının məsləhətçisi