"Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması bir sıra mühüm amillərlə bağlıdır. İlk növbədə, Azərbaycan uzun illərdir ki, dünyada sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və beynəlxalq enerji layihələrinin həyata keçirilməsinə mühüm töhfələr verir".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.O bildirib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan ölkələrdən biridir:"Ölkəmiz beynəlxalq aləmdə etibarlı, dayanıqlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Bu, Prezident İlham Əliyevin milli maraqlara əsaslanan, praqmatik və ardıcıl xarici siyasət kursunun nəticəsi kimi qiymətləndirilə bilər.Azərbaycanın beynəlxalq nüfuzunu artıran amillərdən biri də ölkəmizin nüfuzlu beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir. Son illərdə siyasi, iqtisadi, mədəni və idman sahələrində keçirilən beynəlxalq forumlar, konfranslar və digər mötəbər tədbirlər Azərbaycanın təşkilatçılıq imkanlarını və beynəlxalq etimadını daha da gücləndirib.2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində Azərbaycanın öz gücü hesabına torpaqlarını işğaldan azad etməsi, daha sonra həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin bütün ərazisində tam bərpa olunması regionda yeni geosiyasi reallıqlar formalaşdırdı. Bu proseslər Azərbaycanın beynəlxalq mövqeyinin və nüfuzunun daha da yüksəlməsinə təsir göstərən mühüm amillərdən biri oldu.İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastruktur layihələrinin icrası, yeni şəhər və qəsəbələrin salınması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli şəkildə qayıdışı da Azərbaycanın inkişaf modelinə beynəlxalq marağı artırır.Bununla yanaşı, ölkənin iqtisadi potensialının güclənməsi, nəqliyyat-kommunikasiya marşrutlarının genişləndirilməsi, regional əməkdaşlıq layihələrinin təşviqi və Zəngəzur dəhlizi kimi strateji təşəbbüslərin irəli sürülməsi Azərbaycanın regionda mühüm logistika və nəqliyyat mərkəzinə çevrilməsi istiqamətində atdığı addımları nümayiş etdirir.Eyni zamanda, Azərbaycanın regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi mövqe, beynəlxalq əməkdaşlığa verdiyi önəm və çoxtərəfli diplomatiyada fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə nüfuzunun davamlı şəkildə artmasına mühüm töhfə verir".
Müəllif: Günel Fərzəliyeva