PDF Oxu

Siyasət

  • 509

Dilimiz milli varlığımızın ən böyük xəzinəsidir - ŞƏRH

image

Hər il 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, milli kimliyinin və dövlətçilik ənənələrinin əsas sütunlarından biri olan ana dilimizin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, mədəniyyətini, adət-ənənələrini və mənəvi irsini yaşadan ən qiymətli sərvətlərimizdən biri olmuşdur.

Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsi və cəmiyyət həyatında layiqli yer tutması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ulu Öndər hər zaman cəsarətli və prinsipial mövqe nümayiş etdirmişdir. Bütün süni məhdudiyyətlərə və çətinliklərə baxmayaraq, o, ana dili məsələsində öz qətiyyətli mövqeyini qorumağa müvəffəq olmuş, Azərbaycan dilinin hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atmışdır.
Ulu Öndər Heydər Əliyev ana dilini xalqın milli varlığının əsas göstəricisi hesab edir, ziyalıları və geniş ictimaiyyəti Azərbaycan dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər edirdi. O, SSRİ Konstitusiyası haqqında çıxışlarında xüsusi olaraq vurğulayırdı ki, Konstitusiya vətəndaşlara təhsil hüququ verir və bu hüquq ana dilində təhsil almaq imkanı ilə təmin olunmalıdır. Bu prinsipial mövqe Azərbaycan dilinin dövlət səviyyəsində qorunması və inkişafı istiqamətində mühüm tarixi əhəmiyyət kəsb etmişdir.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Heydər Əliyevin uzaqgörən siyasətinin və qətiyyətli iradəsinin nəticəsi idi. Bu tarixi qərar milli şüurun güclənməsinə, ana dilinin nüfuzunun artmasına və gələcək müstəqil dövlətimizin dil siyasətinin əsasının formalaşmasına mühüm töhfə verdi.
Müstəqillik illərində də Azərbaycan dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. 2001-ci il 9 avqust tarixli fərmanla latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin edilməsi və 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edilməsi milli dil siyasətinin mühüm mərhələlərindən biri kimi tarixə düşmüşdür. Bu qərar ana dilimizin müasir inkişafına, onun beynəlxalq aləmdə tanıdılmasına və milli-mədəni irsimizin qorunmasına xidmət etmişdir.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, tətbiq dairəsinin genişləndirilməsi və zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qloballaşan dünyada ana dilimizi qorumaq, onu düzgün öyrənmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər bir vətəndaşın mənəvi borcudur.
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizə ana dilimizin dəyərini bir daha xatırladır. Dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, tariximizin, dövlətçiliyimizin və mənəvi birliyimizin rəmzidir. Ana dilimizi sevmək, onu qorumaq və zənginləşdirmək hər bir azərbaycanlının müqəddəs vətəndaşlıq borcudur.

Lalə Mədətova
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər