Bu istiqamətdə Ulu Öndər Heydər Əliyev hər zaman cəsarətli mövqe nümayiş etdirib
“Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə siyasi fəaliyyətinin təməlini milli-mənəvi dəyərlərimiz təşkil edirdi. Sovet hakimiyyəti illərində bu nə qədər çətin və böyük hünər tələb etsə də, Ulu Öndərimiz bütün bu işlərin öhdəsindən ləyaqətlə gəlirdi. Azərbaycan dili məsələsi də daim onun diqqət mərkəzində olub. Ana dilinin qorunması, inkişaf etdirilməsi, mütəmadi olaraq zənginləşdirilməsi, bu sahə üzrə mütəxəssislərin hazırlanmasına xüsusi qayğı ilə yanaşırdı. Bu istiqamətdə vacib və cəsarətli qərarlar qəbul edirdi. 1970-ci illərin ortalarından SSRİ respublikalarının ictimai-siyasi həyatında dil məsələsi geniş müzakirələrə səbəb olmuşdu. Belə ki, ittifaqda milli dillərin sıxışdırılması prosesi getdikcə güclənirdi, hətta respublika rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdən ehtiyat edirdilər. Həmin vaxt Heydər Əliyev heç nədən çəkinməyərək dil məsələsində öz mövqeyini qətiyyətlə ortaya qoydu. Məhz onun bilavasitə təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi. Bunu mən şəxsən Ulu Öndərin xalqımız, Vətənimiz, dövlətimiz qarşısında ən böyük tarixi xidmətlərindən biri hesab edirəm. O, bu addımı ilə milli varlığımızın təminatçısı olan dilimizi məharətlə qorumuş oldu”.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi istiqamətində müxtəlif vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, milli dildə nəşr edilən kitabların tirajlarının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədi daşıyırdı;
– Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytarmışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdir
Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir.Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Dövlət dili sahəsində yaşanan problemlərin həllinə xidmət edən siyasət. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir
Ümummilli Lider Heydər Əliyev tərəfindən bu sahədə əsası qoyulmuş siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Dövlətimizin başçısının bu sahədə imzaladığı Fərman və Sərəncamlar ana dilimizin saflığının qorunması və inkişafı istiqamətində əsas olmaqla yanaşı, eyni zamand, milli identikliyi də gücləndirən əhəmiyyətli amildir. Ulu Öndər Heydər Əliyevin dil siyasəti, onun dilimizin inkişafı yolunda göstərdiyi tarixi xidmətlər əsl məktəbdir və bu məktəbin təcrübəsindən daima istifadə olunacaqdır.
Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri