PDF Oxu

Siyasət

  • 541

Milli kimliyimizin və mənəvi dəyərlərimizin daşıyıcısı - ŞƏRH

image

Hər il 1 Avqust Azərbaycanda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və zəngin mədəni irsini özündə yaşadan Azərbaycan dilinə göstərilən dövlət qayğısının bariz ifadəsidir.

Azərbaycan dili xalqımızın milli kimliyinin, tarixinin, mədəniyyətinin və mənəviyyatının ayrılmaz tərkib hissəsidir. Tarixin müxtəlif dövrlərində üzləşdiyi çətinliklərə baxmayaraq, ana dilimiz xalqımızın milli birliyinin və mənəvi bütövlüyünün qorunmasında mühüm rol oynayıb. Azərbaycan əlifbası isə bu dilin yazılı şəkildə yaşamasını, inkişaf etməsini və gələcək nəsillərə ötürülməsini təmin edən ən mühüm vasitədir.

1 Avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsis edilmişdir. Bu qərar milli-mənəvi dəyərlərimizin qorunması, dövlət dilinin nüfuzunun artırılması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin mühüm tərkib hissəsi olmuşdur.

Hələ sovet dövründə ana dilimizin qorunması, inkişaf etdirilməsi və Azərbaycan dilinin dövlət dili statusunun təmin olunması istiqamətində Ümummilli Lider Heydər Əliyev mühüm tarixi addımlar atmışdı. Onun qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili kimi rəsmiləşdirilmiş, bu mühüm məsələ Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında ayrıca maddə ilə təsbit olunmuşdur. Həmin qərar dövrün mürəkkəb ictimai-siyasi şəraiti nəzərə alındıqda, milli maraqlar baxımından böyük əhəmiyyət daşıyan tarixi hadisə idi.

Ümummilli Lider Heydər Əliyevin ana dilinə sonsuz sevgisi və onun qorunması, zənginləşdirilməsi istiqamətində gördüyü işlər Azərbaycan dövlətçilik tarixində xüsusi yer tutur. O, Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsinə də daim xüsusi önəm verirdi. Ulu Öndər deyirdi: "Mən hər yerdə Azərbaycan dilində danışıram. Qoy tərcüməçilər mənim danışdıqlarımı öz dilimdən tərcümə etsinlər. Mən arzu edərdim ki, Azərbaycan gənci Şekspiri ingilis dilində oxusun, Puşkini rus dilində oxusun, Nizamini, Füzulini, Nəsimini isə Azərbaycan dilində oxusun. Öz ana dilini bilməyən adamlar şikəst adamlardır!"

2001-ci il iyunun 18-də Heydər Əliyevin imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmana əsasən, həmin il avqustun 1-dən etibarən ölkədə bütün mətbuat orqanlarının və kütləvi nəşrlərin latın qrafikalı Azərbaycan əlifbasına keçidi rəsmiləşdirildi. Bununla da müstəqil Azərbaycanın latın qrafikalı əlifbaya keçid prosesi uğurla başa çatdırıldı. Fərmanda qeyd olunurdu: "Millətin milliliyini saxlayan onun dilidir. Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır, bunlarsız isə vətənpərvərlik formulu yoxdur."

Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ana dilimizin qorunmasına, inkişafına və zənginləşdirilməsinə xüsusi diqqət yetirir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının klassik nümunələri latın qrafikası ilə yenidən nəşr olunmuş, Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun inkişafı istiqamətində mühüm dövlət proqramları və sərəncamlar qəbul edilmişdir.

Ana dili hər bir xalqın milli varlığının, tarixinin və mənəvi dəyərlərinin əsas daşıyıcısıdır. 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimizi milli kimliyimizin aynası olan doğma dilimizin saflığını qorumağa, onu zənginləşdirməyə və gələcək nəsillərə olduğu kimi çatdırmağa çağırır.Unutmamalıyıq ki, torpaq xalqın fiziki varlığının vətəni olduğu kimi, ana dili də onun mənəvi dünyasının beşiyi, milli yaddaşının və dövlətçilik şüurunun əsas sütunudur.

Mahiyəddin Mazanov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkliatının əməkdaşı

Digər xəbərlər