PDF Oxu

Siyasət

  • 392

Azərbaycan dili milli sərvətimizdir - ŞƏRH

image

Ana dili xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”.

Azərbaycan dilinin respublikada dövlət dili elan edilməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni aşağıdakı redaksiyada vermək təklif olunmuşdu. “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biridir.

1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülürmüşdü. Ulu Öndər müstəqil dövlətimizin yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın 5 noyabr 1995-ci ildə keçirilən iclasında müzakirələrin məntiqi nəticəsi kimi dövlət dilinin adı barədə öz qəti fikrini bildirdi: “Mən hər bir dilə hörmət edirəm və ehtiramımı bildirirəm. Hesab edirəm ki, Azərbaycan dili ilə fəxr edə bilərik. Çünki bu zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın da, dilimizin də adı tanınıb. Bu reallıqdır”. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirilmişdi.

Ulu Öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud durumunu və problemlərini daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə dair imza atıb. Ümummilli Lider Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzaladı. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edirdi. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı. Ulu Öndərin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir və yeni dövrün çağırışlarına uyğun olaraq daha da zənginləşdirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə latın qrafikalı kitabların kütləvi nəşri, Azərbaycan Milli Ensiklopediyasının hazırlanması, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcüməsi, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi, Azərbaycan dilinin elektron məkanda istifadəsinin genişləndirilməsi və dilimizin saflığının qorunmasına dair mühüm qərarlar milli dil siyasətinin müasir mərhələsini təşkil edir.

2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman dilimizin yad təsirlərdən qorunması istiqamətində mühüm addım oldu. Bu sənəd dövlət dili normalarına əməl olunmasının daha səmərəli təşkilinə, media məkanında və ictimai həyatda Azərbaycan dilinin düzgün işlədilməsinə əlavə stimul verdi. 2025-ci il 31 iyul tarixli Prezident Fərmanı isə dövlət dilinin tətbiqinə və Azərbaycan dili normalarına əməl olunmasına nəzarət funksiyasını Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə etməklə bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsini təmin etdi.

Azərbaycan dili bu gün yalnız dövlət idarəçiliyinin deyil, həm də elm, təhsil, mədəniyyət, diplomatiya və informasiya texnologiyalarının əsas dillərindən biri kimi inkişaf edir. Süni intellekt, elektron hökumət, rəqəmsal platformalar və beynəlxalq kommunikasiya mühitində Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi onun gələcək inkişafının mühüm istiqamətlərindəndir.

Müşfiq Səfərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri

Digər xəbərlər