Hər il avqustun 1-i ölkəmizdə "Azərbaycan əlifbası və Azərbaycan dili günü" kimi qeyd olunur. Bu əlamətdar gün Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, mədəni irsinin və dövlətçilik ənənələrinin mühüm sütunlarından biri olan ana dilimizin qorunmasına, inkişafına və gələcək nəsillərə ötürülməsinə göstərilən diqqətin bariz ifadəsidir. Azərbaycan dili xalqımızın tarixini, milli yaddaşını, adət-ənənələrini və mənəvi dünyasını yaşadan ən böyük sərvətlərdən biridir.
Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi, tətbiq dairəsinin genişləndirilməsi və latın qrafikalı əlifbaya keçid prosesi Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndər hələ sovet dövründə Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində prinsipial mövqe nümayiş etdirərək 1978-ci il Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına nail olmuşdu. Bu, həmin dövrün mürəkkəb siyasi şəraitində milli maraqların qorunması baxımından mühüm tarixi hadisə idi.
Müstəqillik illərində də Ulu öndər Heydər Əliyev ana dilinin inkişafını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdi. Onun 2001-ci il 9 avqust tarixli Fərmanı ilə avqustun 1-i "Azərbaycan əlifbası və Azərbaycan dili günü" elan edildi. Eyni zamanda latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin olunması, dövlət idarəçiliyində, təhsil sistemində, kütləvi informasiya vasitələrində və nəşriyyat sahəsində yeni əlifbanın tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Bu qərarlar milli-mənəvi dəyərlərin qorunması və müasir dövlət quruculuğu baxımından mühüm əhəmiyyət daşıyırdı.
Ulu Öndər ana dilini xalqın milli varlığının əsas göstəricisi hesab edirdi. Onun "Xalqı xalq edən, milləti millət edən onun ana dilidir" fikri bu gün də Azərbaycan dilinin əhəmiyyətini ən dolğun şəkildə ifadə edən müdrik kəlamlardan biridir. Ümummilli lider Heydər Əliyev hesab edirdi ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixini, mədəniyyətini və milli şüurunu yaşadan mənəvi sərvətdir. Məhz buna görə də ana dilinin saflığının qorunması, zənginləşdirilməsi və düzgün istifadəsi hər bir vətəndaşın mənəvi borcudur.
Bu gün Ulu öndərimizin müəyyən etdiyi dil siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin dövlət idarəçiliyində, elm, təhsil, informasiya-kommunikasiya texnologiyaları və media sahəsində tətbiq imkanlarının daha da genişləndirilməsinə xidmət edir. Azərbaycan dilinin qloballaşma şəraitində qorunması, onun zəngin leksik imkanlarının inkişaf etdirilməsi və xarici təsirlərdən mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, ana dili xalqın milli kimliyinin əsas atributlarından biridir və onun qorunması hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Dövlət başçısının təşəbbüsü ilə Azərbaycan dilinin elektron informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi, lüğətçilik işinin təkmilləşdirilməsi, klassik və müasir Azərbaycan ədəbiyyatının nəşri, eləcə də dilin saflığının qorunmasına yönəlmiş mühüm layihələr həyata keçirilir. Xüsusilə "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" imzalanmış Fərman bu sahədə dövlət siyasətinin ardıcıl xarakter daşıdığını bir daha nümayiş etdirir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı, xarici dillərin geniş yayılması və qloballaşma prosesləri Azərbaycan dili qarşısında yeni çağırışlar yaradır. Bu baxımdan dövlət tərəfindən həyata keçirilən məqsədyönlü siyasət ana dilimizin zənginliyinin qorunmasına, onun beynəlxalq aləmdə tanıdılmasına və gələcək nəsillərə olduğu kimi çatdırılmasına mühüm töhfə verir.
"Azərbaycan əlifbası və Azərbaycan dili günü" yalnız təqvim əhəmiyyətli bir tarix deyil, həm də hər bir vətəndaşı ana dilinə sevgi, milli-mənəvi dəyərlərə hörmət və dövlətçiliyə sədaqət ruhunda birləşdirən əlamətdar gündür. Azərbaycan dili əsrlərin sınağından çıxaraq bu gün müstəqil dövlətimizin rəsmi dili kimi inkişaf edir, xalqımızın milli kimliyini və zəngin mədəni irsini gələcəyə daşıyır.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri