Məlum olduğu kimi, ölkəmiz ətraf bölgələrdə cərəyan edən gərgin proseslərin ortasında daxili nizamını qoruyan, sosial-iqtisadi dayanıqlılığını artıran, eləcə də dünya üçün etibarlı tərəfdaş olan unikal bir dövlətə çevrilir və sabitlik adası kimi dəyərləndirilir.
Xüsusilə qeyd edək ki, Azərbaycanın təhlükəsizlik və sabitlik unvanına çevrilməsi Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən, milli maraqlara söykənən dövlətçilik kursunun birbaşa nəticəsidir. Dövlətimizin başçısının qəbul etdiyi qərarların uzunmüddətli hədəflərə hesablanması, daxili və xarici risklərin vaxtında neytrallaşdırılması Azərbaycanı böyük güclərin toqquşma poliqonu olmaqdan xilas edib. Yeri gəlmişkən, indiki dönəmdə ən böyük problemlərdən biri etibarlı dialoq platformalarının azlığıdır. Azərbaycan isə şərqlə qərbin, şimalla cənubun kəsişməsində yerləşərək fərqli siyasi qütblərin maraqlarını ortaq nöqtəyə gətirməyi bacaran birləşdirici rol oynayır. Heç bir hərbi bloka daxil olmadan Qoşulmama Hərəkatına uğurla sədrlik edən rəsmi Bakı bütün tərəflərlə bərabərhüquqlu və açıq diplomatiya yürüdür. NATO və Rusiya generallarının, yaxud ABŞ və Rusiya rəsmilərinin ən gərgin vaxtlarda məhz Bakıda görüşmələri də ölkəmizə olan qlobal etimadın bariz nümunəsidir.
Qeyd etmək etmək lazımdır ki, ölkəmizin hərb tarixinə yazılan 44 günlük Vətən müharibəsindəki Zəfəri və 2023-cü ilin lokal antiterror tədbirləri dövlətimizin gücünün bütün dünyaya nümayişi oldu. Bir çox münaqişənin illərlə "dondurulmuş" halda saxlanılmasına baxmayaraq, Azərbaycan öz torpaqlarını işğaldan azad edərək suverenliyini tam bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan bu mütləq qələbə beynəlxalq güclərin münaqişədən təzyiq aləti kimi istifadə etmək cəhdlərini də birdəfəlik iflasa uğratdı. Azərbaycan böyük Zəfərdən sonra Ermənistana davamlı sülhü və əməkdaşlığı təklif etdi. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın irəli sürdüyü sülh gündəliyinə söykənir. Hazırda Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri isə ölkəmizin qurucu gücünü göstərir.
Onu da qeyd edək ki, ölkəmizin dünya sülhünə verdiyi töhfələr qlobal problemlərin həllinə yönəlmiş irimiqyaslı təşəbbüslərdə də özünü göstərir. İşğaldan azad edilmiş ərazilərdə müasir standartlara uyğun quruculuq işləri aparılır ki, bu da Azərbaycanın şəhərsalma sahəsində qabaqcıl təcrübəsini ortaya qoyur. Məhz bu unikal təcrübənin nəticəsi olaraq ölkəmizdə BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyası keçirildi. İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübəyə malik olan Azərbaycan bu cür platformalar sayəsində həm də özünün qurucu və bəşəri dəyərlərə söykənən inkişaf modelini dünyaya təqdim edir.
Ölkəmizin təhlükəsizlik və sabitlik mühiti dünya nəhənglərinin də diqqət mərkəzindədir. Hazırda ABŞ, Avropa İttifaqı və Çin kimi böyük güclər rəsmi Bakı ilə əlaqələri dərinləşdirməyə xüsusi önəm verirlər. Avropa İttifaqı üçün Azərbaycan alternativ enerji mənbəyi və Mərkəzi Asiyaya açılan qapıdır. Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycan qazını alır, "yaşıl enerji" layihələri tərəfdaşlığı daha da möhkəmləndirir. O cümlədən, Çin tərəfindən ölkəmiz qlobal "Bir kəmər, bir yol" layihəsinin risklərdən uzaq önəmli mərkəzi kimi dəyərləndirilir. Eyni zamanda ABŞ-nin nəzərində Azərbaycan Avrasiyanın enerji və nəqliyyat xəritəsində mühüm mərkəzdir. Ənənəvi beynəlxalq marşrutların təhlükəsizliyini itirdiyi bir vaxtda Orta dəhlizin önəmi dəfələrlə artıb. Azərbaycan illər öncədən reallaşdırdığı Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, müasir yollar və hava limanları infrastrukturu ilə dünya ticarətinin əsas xilaskarlarından birinə çevrilib. Çindən çıxan yüklərin Avropaya qısa və təhlükəsiz çatdırılması, eyni zamanda Zəngəzur dəhlizi (TRIPP) kimi perspektivli layihələr ölkəmizin əhəmiyyətini daha da artırıb. Bir dövlətin daxili təhlükəsizliyinin və siyasi sabitliyinin ən önəmli amili cəmiyyətin öz rəhbərinə inamıdır. Ölkəmizdə keçirilən rəy sorğularının nəticələri də birmənalı nümayiş etdirir ki, Azərbaycanın bütün uğurlarının arxasında sarsılmaz xalq-lider həmrəyliyi durur. Davamlı həyata keçirilən sosialyönümlü siyasət, vətəndaş rifahının daim diqqətdə saxlanılması və multikultural dəyərlərin qorunması cəmiyyətin möhkəm birliyini formalaşdırır. Məhz bu birlik Azərbaycanı daxili və ya xarici təhdidlərdən qoruyan qalxan rolunu oynayır. Nəticə etibarı ilə, dünyanı bürüyən böhranlar fonunda Azərbaycanın nümayiş etdirdiyi inkişaf və sabitlik formulu bir daha sübuta yetirir ki, həqiqi güc müstəqil siyasi iradə nümayiş etdirmək və milli maraqları qətiyyətlə qorumaq bacarığı ilə ölçülür. Doğru seçilmiş kurs ölkəni hər cür riskdən sığortalamağa qadirdir.
Ən əsası, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu uğurlu model ölkəmizin gələcək inkişafının, təhlükəsizliyinin və beynəlxalq müstəvidəki yüksək statusunun ən etibarlı zəmanətidir!
Yasin Ələsgərov,
YAP Göygöl rayon təşkilatı üzrə Aşıqlı kənd ərazi partiya təşkilatının fəal üzvü