PDF Oxu

Siyasət

  • 483

Ana dilimiz – milli kimliyimizin və mənəvi irsimizin təməli - ŞƏRH

image

Hər il 1 Avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, ana dilimizin zənginliyinin təbliği və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dili xalqımızın çoxəsrlik tarixini, mədəniyyətini, ədəbiyyatını və milli düşüncəsini yaşadan ən qiymətli sərvətlərimizdən biridir. Bu dil əsrlər boyu müxtəlif tarixi sınaqlardan keçərək öz saflığını və zənginliyini qoruyub saxlamış, müstəqil Azərbaycan Respublikasında dövlət dili statusu qazanaraq cəmiyyətin bütün sahələrində geniş tətbiq olunmağa başlamışdır.
Müstəqillik illərində də Ulu Öndər Heydər Əliyev ana dilimizin qorunması və inkişafı istiqamətində ardıcıl siyasət həyata keçirdi. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi milli dövlətçilik tariximizin mühüm hadisələrindən biri oldu. Bu qərar Azərbaycan dilinin hüquqi əsaslarını daha da möhkəmləndirdi və onun ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyini təmin etdi.
2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanmış müvafiq fərmanla latın qrafikalı Azərbaycan əlifbasına keçid tam təmin edilmiş, 1 Avqust isə Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilmişdir. Bu qərar milli-mədəni irsimizin qorunması, dilimizin inkişafı və dünya azərbaycanlılarının ortaq ünsiyyət məkanının formalaşdırılması istiqamətində mühüm addım olmuşdur.
Bu gün Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının imzaladığı mühüm sərəncamlar ana dilimizin tətbiq dairəsinin genişləndirilməsinə, onun müasir dövrün tələblərinə uyğun inkişafına və beynəlxalq informasiya məkanında mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.Azərbaycan dili dövlətimizin müstəqilliyinin, milli birliyimizin və suverenliyimizin mühüm rəmzlərindən biridir. Dövlət dilinin qorunması, zənginləşdirilməsi və düzgün tətbiqi istiqamətində həyata keçirilən tədbirlər dilimizin inkişafına mühüm töhfə verir. Eyni zamanda, müasir informasiya məkanında Azərbaycan dilinin saflığının qorunması, xüsusilə gənc nəslin ana dilində düzgün danışması və yazması hər birimizin qarşısında duran vacib vəzifələrdəndir.
Ana dilinə hörmət xalqın öz tarixinə, mədəniyyətinə və milli kimliyinə hörmətinin ifadəsidir. Hər bir vətəndaş Azərbaycan dilini sevməli, onun zənginliyini qorumalı və gələcək nəsillərə olduğu kimi çatdırmağa çalışmalıdır. Çünki dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, mənəvi irsi və milli varlığının əsas dayağıdır.
Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə hər bir soydaşımızı bu dəyərli irsimizi qorumağa, ana dilimizin saflığını yaşatmağa və onun inkişafına öz töhfəsini verməyə çağırırıq. Ana dilimizə göstərilən qayğı gələcəyimizə, milli kimliyimizə və dövlətçiliyimizə göstərilən qayğının ən bariz ifadəsidir.

Cavid Mustafayev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədr müavini

Digər xəbərlər