İran Kəşfiyyat Nazirliyinin AZTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi molla rejiminin Azərbaycana yönəlik siyasətinin dəyişmədiyini göstərir. Burada təəccüblü heç nə yoxdur. Baxmayaraq ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana münasibəti dostluq xarakteri daşıyır.Bu sözləri SİA-ya açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.O bildirib ki, İranda kütləvi informasiya vasitələri, eləcə də əksər strateji sahələr molla rejiminin və SEPAH-ın nəzarəti altındadır. Onların ideologiyasının əsasında isə İslam dünyasının, xüsusilə Türk dünyasının birliyinin qarşısını almaq dayanır. Bu da onu göstərir ki, İran hakimiyyəti monolit deyil:“Azərbaycan dövləti hər zaman İranın ərazi bütövlüyünü dəstəkləyib, bu ölkənin əleyhinə yönəlmiş heç bir beynəlxalq layihədə iştirak etməyib və qonşuluq prinsiplərinə sadiq qalıb. Təəssüf ki, son illərdə, xüsusilə Vətən müharibəsindən sonra İranın əsl mövqeyi açıq şəkildə üzə çıxdı. Sərhədlərimiz yaxınlığında ardıcıl hərbi təlimlər keçirən, müxtəlif təxribatlara əl atan İran rəsmiləri ən yüksək səviyyədə Zəngəzur dəhlizinin və Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasına da etiraz etdilər.Molla rejimi bir həqiqəti dərk etməlidir ki, AZTV dövlət televiziyasıdır və onun əsas vəzifələrindən biri Azərbaycanın dövlət siyasətini təbliğ etmək, milli maraqlarını müdafiə etməkdir. Hazırkı vəziyyətdə AZTV sadəcə İranın kütləvi informasiya vasitələrində, siyasətçiləri, din xadimləri və hərbçiləri tərəfindən Azərbaycana qarşı səsləndirilən təhdid və böhtanlara cavab verib. Təkcə İranın “Səhər” kanalının və digər media resurslarının Azərbaycana qarşı gündəlik təbliğatını, separatçılığı dəstəkləyən çağırışlarını və ölkəmizin konstitusiya quruluşuna qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətini xatırlamaq kifayətdir.AZTV-yə qarşı atılan bu addımı qətiyyətlə pisləyir və hesab edirəm ki, bu, iki ölkənin media qurumları arasında etimadsızlıq yaratmağa yönəlmiş, dostluq, mehriban qonşuluq və sülh münasibətlərinə zərbə vuran qərardır. Bölgənin ehtiyacı gərginlik deyil, qarşılıqlı hörmətə, etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərdir”.