"Azərbaycan Prezidentinin Almaniyaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni səhifə aça bilər. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan bəyannamə, eləcə də birgə biznes şurasının yaradılması ilə bağlı əldə olunan razılaşmalar Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin genişlənməsinə xidmət edəcək".Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.Onun sözlərinə görə, bu prosesdə mühüm məqamlardan biri iki ölkə arasında enerji sektorundan kənar sahələrdə əməkdaşlığın gücləndirilməsidir:"Ümumilikdə, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarına yaxın olub. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini Almaniyanın Azərbaycana ixracı təşkil edib. Azərbaycanın Almaniyaya ixracında isə xam neft və neft məhsulları əsas paya malikdir.Bu göstəricilər Azərbaycan üçün qeyri-neft sektorunda əməkdaşlığın genişləndirilməsinin nə qədər vacib olduğunu göstərir. Yeni Biznes Şurasının yaradılması qeyri-neft sektoruna sərmayələrin cəlb olunması, sahibkarlar arasında əlaqələrin gücləndirilməsi və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından mühüm rol oynaya bilər.Hazırkı rəsmi statistikaya əsasən, Almaniyanın Azərbaycandakı investisiyalarının həcmi 9,8 milyon ABŞ dollarıdır. Bu sərmayələrin 94 faizə yaxın hissəsinin qeyri-neft sektoruna yönəldilməsi müsbət göstərici kimi qiymətləndirilə bilər. Azərbaycanın Almaniyadakı investisiyalarının həcmi isə 668 milyon ABŞ dolları təşkil edir.Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması qarşılıqlı sərmayə qoyuluşlarının artırılmasına, biznes subyektləri arasında birbaşa əlaqələrin genişlənməsinə və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsinə imkan verə bilər. Bu istiqamətdə institusional addımların atılması, bəyannamənin imzalanması və Biznes Şurasının yaradılması iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı baxımından strateji əhəmiyyət daşıyır.Bununla yanaşı, Almaniya investisiyalarının və müasir texnologiyalarının Azərbaycanın qeyri-neft sektoruna daha geniş şəkildə cəlb olunması üçün sahibkarlar arasında əlaqələrin gücləndirilməsinə ehtiyac var. İki ölkə arasında strateji əməkdaşlığın mövcudluğu biznes subyektlərinin daha yaxın əlaqələr qurması və birgə layihələr həyata keçirməsi üçün əlverişli zəmin yaradır.Bütün bunlar Almaniyadan Azərbaycana daha çox sərmayənin cəlb edilməsinə, yeni texnologiyaların transferinə və qeyri-neft sektorunun inkişafına müsbət təsir göstərə bilər. Prezidentin Almaniyaya səfəri çərçivəsində imzalanan sənədlər və əldə olunan razılaşmalar 2026-cı ildə iki ölkə arasında ticarət dövriyyəsinin artacağına, qarşılıqlı investisiya qoyuluşlarının genişlənəcəyinə və iqtisadi əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağına əsas verir.Əsas məqsəd Almaniyanın Azərbaycanın qeyri-neft sektoruna daha çox sərmayə yatırmasını təşviq etmək, müasir texnologiyaların ölkəyə gətirilməsini sürətləndirmək və yüksək əlavə dəyər yaradan yeni istehsal sahələrinin formalaşmasına şərait yaratmaqdır. Bu baxımdan, Almaniya investisiyalarının cəlb olunması yalnız maliyyə vəsaitlərinin artırılması deyil, eyni zamanda texnologiya transferi, innovasiyaların tətbiqi və iqtisadiyyatın şaxələndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır".
Müəllif: Günel Fərzəliyeva