PDF Oxu

Siyasət

  • 702

Milli kimliyimizin ən böyük sərvəti - ŞƏRH

image

Hər il 1 Avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin, dövlətçilik ənənələrinin və mədəni irsinin əsas sütunlarından biri olan ana dilimizin əhəmiyyətini bir daha xatırladır. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixini, ədəbiyyatını, mədəniyyətini və milli ruhunu yaşadaraq bu günümüzə qədər gəlib çatmışdır.

Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin, mənəvi dəyərlərimizin və müstəqilliyimizin rəmzidir. Məhz buna görə də ana dilimizin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə düzgün şəkildə ötürülməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Qloballaşma dövründə informasiya axınının sürətlənməsi və xarici dillərin təsirinin artması Azərbaycan dilinin saflığının qorunmasını daha da aktuallaşdırır. Xüsusilə televiziya, sosial media və gündəlik danışıqda əcnəbi sözlərin lüzumsuz işlədilməsi dilimizin zəngin ifadə imkanlarına kölgə sala bilər. Halbuki Azərbaycan dili ən mürəkkəb fikirləri belə ifadə etməyə qadir olan zəngin və qüdrətli dillərdən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu məsələyə xüsusi həssaslıqla yanaşaraq Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxışında qeyd etmişdir:

"Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər... Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər."

Bu dəyərli fikirlər bir daha göstərir ki, ana dilimizin qorunması yalnız dilçilərin və ya elm adamlarının deyil, bütün cəmiyyətin ortaq məsuliyyətidir. Hər bir müəllim, jurnalist, dövlət qulluqçusu, valideyn və gənc Azərbaycan dilində düzgün danışmağa, yazmağa və onu yad təsirlərdən qorumağa çalışmalıdır.

Azərbaycan əlifbası da xalqımızın mədəni inkişaf tarixində mühüm yer tutur. Latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi dilimizin müasir inkişafına, informasiya texnologiyalarına inteqrasiyasına və dünya ilə əlaqələrinin genişlənməsinə böyük töhfə vermişdir. Bu əlifba milli-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu gün hər birimiz ana dilimizə sevgi və hörmətimizi yalnız bayram günlərində deyil, gündəlik həyatımızda da nümayiş etdirməliyik. Düzgün danışmaq, düzgün yazmaq, Azərbaycan dilinin qaydalarına riayət etmək və onun zəngin söz ehtiyatından istifadə etmək milli dəyərlərimizə hörmətin göstəricisidir.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə hər bir vətəndaşı ana dilimizin saflığını qorumağa, onu sevməyə və gələcək nəsillərə olduğu kimi çatdırmağa çağırırıq. Çünki dilini qoruyan xalq öz tarixini, mədəniyyətini və milli kimliyini də qoruyur. Azərbaycan dili bizim ən qiymətli mənəvi sərvətimizdir və onun keşiyində durmaq hər birimizin vətəndaşlıq borcudur.

Vəfa Məmmədova

YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər