"Hazırda Azərbaycan–Almaniya münasibətləri son illərin ən yüksək siyasi və iqtisadi mərhələlərindən birini yaşayır. İki ölkə arasında enerji əməkdaşlığı artıq ənənəvi neft-qaz sahəsini aşaraq yaşıl enerji, nəqliyyat-logistika, sənaye, rəqəmsallaşma və Orta Dəhliz kimi istiqamətləri də əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.Onun sözlərinə görə, Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyinə dair Birgə Bəyannamə” münasibətlərin yeni institusional mərhələyə keçdiyini göstərir:"Sənəddə siyasi dialoqun dərinləşdirilməsi, müntəzəm hökumətlərarası məsləhətləşmələrin keçirilməsi və iqtisadi əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu və Cənubi Qafqazın nəqliyyat-kommunikasiya imkanlarını strateji əhəmiyyətli hesab edir. Birbaşa qaz tədarükünün başlanması, Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişlənməsi və Berlinin ölkəmizi Avropa ilə Mərkəzi Asiyanı birləşdirən Orta Dəhlizin əsas tərəfdaşlarından biri kimi qiymətləndirməsi ikitərəfli münasibətlərin praktiki məzmununu daha da gücləndirib. Bu baxımdan, Azərbaycan–Almaniya əlaqələri hazırda təkcə enerji tərəfdaşlığı deyil, həm də regional təhlükəsizlik, iqtisadi inteqrasiya və Avropa ilə əməkdaşlığın mühüm sütunlarından biri kimi inkişaf edir".
Müəllif: Arzu Qurbanlı