PDF Oxu

Siyasət

  • 1 296

Türk İnvestisiya Fondu və Qırğız Respublikasının Milli İnvestisiya Agentliyi anlaşma memorandumu imzalayıblar

image

Türk İnvestisiya Fondu (TİF) və Qırğız Respublikası Prezidentinin yanında Milli İnvestisiya Agentliyi (MİA) bu ölkədə investisiyaların təşviqi və asanlaşdırılması sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalayıblar.SİA xəbər verir ki, memorandum “Qırğızıstan–Özbəkistan: Sənaye əməkdaşlığı, investisiyalar və ticarət” biznes forumu çərçivəsində Bişkek şəhərində TİF-in Baş direktoru Ramil Babayev və Qırğız Respublikası Prezidentinin yanında Milli İnvestisiya Agentliyinin rəhbəri Ravşanbek Azatoviç Sabirov tərəfindən imzalanıb.Memorandumun şərtlərinə əsasən, MİA Qırğız Respublikasında investisiya layihələrinin müəyyənləşdirilməsi və həyata keçirilməsi prosesində TİF-ə dəstək göstərəcək. TİF isə maliyyə resurslarını səfərbər etməyi, transsərhəd investisiyaları təşviq etməyi və xüsusi diqqəti Qırğız Respublikasına yönəltməklə üzv dövlətlər arasında iqtisadi inteqrasiyaya və dayanıqlı inkişafa töhfə verən investisiya layihələrini dəstəkləməyi nəzərdə tutur.Tərəfdaşlıq birgə layihələrin müəyyənləşdirilməsinə, investorların Qırğız Respublikasındakı investisiya imkanlarına çıxışının asanlaşdırılmasına və TİF-in regional investisiya layihələri portfelinin formalaşdırılmasını dəstəkləyən məlumat mübadiləsinə yönələcək.İmzalanma münasibətilə TİF-in Baş direktoru Ramil Babayev deyib: “Qırğız Respublikası Türk İnvestisiya Fondunun əsas prioritet ölkələrindən biridir. Məqsədimiz ölkədə real iqtisadi təsir yarada biləcək perspektivli investisiya layihələrini müəyyən etmək və onların həyata keçirilməsinə dəstək verməkdir. Milli İnvestisiya Agentliyi ilə əməkdaşlıq bizə belə layihələri erkən mərhələdə seçməyə, düzgün strukturlaşdırmağa və onların icrası üçün uzunmüddətli maliyyə resurslarını səfərbər etməyə imkan verəcək”.TİF və MİA memorandumun icrasını nəzərdən keçirmək və Qırğız Respublikasında konkret investisiya imkanlarını irəli aparmaq məqsədilə sıx əlaqə saxlamaq barədə razılığa gəliblər.Qeyd edək ki, Türk İnvestisiya Fondu Türk dövlətləri tərəfindən birgə təsis edilib, Türk dünyasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və dayanıqlı inkişafın təşviqinə yönəlmiş ilk ixtisaslaşmış beynəlxalq maliyyə institutudur. TİF-in Təsis Sazişi 16 mart 2023-cü il tarixində Ankarada keçirilmiş Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə Görüşündə imzalanıb və 24 fevral 2024-cü il tarixində qüvvəyə minib.Ortaq inkişaf və rifahın dəstəklənməsi məqsədilə istifadə olunacaq 600 milyon dollar həcmində nizamnamə kapitalına malik TİF “Türk Dünyasının İqtisadi İnteqrasiyası”na əsaslanan böyük Türk vizyonu çərçivəsində təsirli investisiyaları, innovativ həlləri və regional inteqrasiyanı təşviq edən platformadır.

Digər xəbərlər