"Azərbaycanın son dövrlərdə artan beynəlxalq nüfuzu bir neçə istiqamətdə özünü göstərir. Şübhəsiz ki, ölkəmizin suverenliyinin tam bərpa olunması bu prosesdə mühüm rol oynayan əsas amillərdən biridir. İstər 44 günlük Vətən müharibəsi, istərsə də 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə nəticələnib".Bu sözləri SİA-ya açıqlmasında politoloq Zeynal Əmrəliyev deyib.O bildirib ki, bu nailiyyətlər ölkəmizin beynəlxalq miqyasda nüfuzunun sürətlə artmasına mühüm töhfə verib:"Bu, yalnız hərbi-siyasi qələbə deyil, eyni zamanda beynəlxalq hüquq baxımından da böyük əhəmiyyət daşıyan nailiyyətdir. Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər icra olunmamış dörd qətnaməsinin tələblərini öz gücü hesabına təmin edib və beynəlxalq hüququn bərpasına mühüm töhfə verib. Məhz bu baxımdan Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb.Eyni zamanda, Azərbaycanın enerji sektorunda həyata keçirdiyi və iştirak etdiyi beynəlxalq layihələr ölkəmizin qlobal enerji bazarındakı mövqeyinin möhkəmlənməsinə xidmət edir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunu daha da gücləndirib. Paralel olaraq, Orta Dəhlizin inkişafı istiqamətində atılan addımlar Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində əhəmiyyətini artırıb.Rusiya–Ukrayna müharibəsindən sonra Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol daha da aktuallaşıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış etməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərib. Avropa ölkələrinin rəhbərlərinin Azərbaycana səfərlərinin intensivləşməsi və ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə maraq göstərilməsi də bunun bariz nümunəsidir.Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi Azərbaycanın iqtisadi imkanlarını və inkişaf potensialını nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda müasir şəhər və kəndlərin salınması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrası, yeni yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və digər infrastruktur obyektlərinin tikilməsi ölkəmizin dayanıqlı inkişaf imkanlarından xəbər verir. Bu layihələr Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə şərait yaradır.Azərbaycan eyni zamanda “ASAN xidmət” modelini beynəlxalq səviyyədə təşviq edir və bu təcrübəni digər ölkələrlə bölüşür. “ASAN xidmət” modelinə müxtəlif ölkələrdə marağın artması Azərbaycanın dövlət xidmətlərinin təşkili və idarəetmə sahəsində əldə etdiyi mühüm uğurlardan biri kimi qiymətləndirilə bilər.Ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlər də Azərbaycanın qlobal nüfuzunun artmasına mühüm töhfə verir. Xüsusilə COP29-un Azərbaycanda keçirilməsi ölkəmiz üçün böyük siyasi və diplomatik əhəmiyyət daşıyıb. Bu tədbir Azərbaycanın beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə, qlobal problemlərin müzakirəsində fəal iştirakına və dünyadakı mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradıb.Bütün bu uğurların əsasını Azərbaycan Prezidentinin həyata keçirdiyi məqsədyönlü, ardıcıl və milli maraqlara əsaslanan siyasət təşkil edir. Azərbaycanın fəal diplomatik fəaliyyəti, beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığı və qlobal proseslərdə artan rolu ölkəmizin mühüm nailiyyətlər əldə etməsinə imkan yaradıb. Bu amillər birlikdə Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsində və dünya miqyasında mövqeyinin möhkəmlənməsində mühüm rol oynayır".
Müəllif: Günel Fərzəliyeva