Milli-mənəvi dəyərlərimizin mənimsənilməsində doğma dilimizin rolu olduqca böyükdür. Azərbaycan dili xalqımızın minillik tarixi, mədəni yaddaşı və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətlərimizdən biridir. Dövlət dili kimi onun qorunması və inkişafı Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Məlumdur ki, sovet hakimiyyəti illərində bütün milli dillər kimi Azərbaycan dilinə münasibətdə də böyük ədalətsizliklərə yol verilmiş, ayrı-ayrı vaxtlarda isə Azərbaycan dilinin qanuni hüququnun özünə qaytarılması üçün göstərilən cəhdlər Mərkəzin ciddi müqaviməti ilə qarşılaşmışdı. Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyası qəbul olunarkən, orada Azərbaycan dilinin dövlət dili statusu təsbit olunmuşdu, lakin Sovetlər İttifaqının ümumi dili rus dili hakim dil olduğundan Azərbaycan dilinin respublikada dövlət dilinə çevrilməsi yolunda çoxlu maneələr yaradılmışdı. 70-ci illərin sonlarında Heydər Əliyevin təşşəbüsü ilə dörd cildlik “Müasir Azərbaycan dili” dərsliyinə dövlət mükafatı verilməsi Azərbaycan dilinə böyük qayğının nəticəsi idi. Yalnız müstəqillik illərində Heydər Əliyevin qayğısı sayəsində Azərbaycan dilinin bütün hüquqları özünə qaytarıldı, eyni zamanda doğma dilimiz barədə əvvəllər yol verilmiş nöqsanlara son qoyuldu. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də ümumxalq referendumu əsasında qəbul olunmuş ilk Konstitusiyasında (maddə 21) təsbit olundu ki, "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir".
Azərbaycan dilinin dövlət dili statusunda təkcə azərbaycanlılara deyil, Azərbaycan ərazisində yaşayan bütün xalqlara eyni dərəcədə sədaqətlə xidmət etməsi, milli-mənəvi dəyərlərimizin qorunması və tərəqqisi baxımından yeni və mühüm bir mərhələni təşkil edir.
Hər bir millətin inkişafinda onun varlığı və yaşama amili olan dilinin müstəsna rolu vardır. Təsadüfi deyildir ki, Heydər Əliyevin dil doktrinasında dil amili hər bir xalqın varlığı üçün başqa bütün amillərdən uca tutulurdu. Heydər Əliyevin ana dilinə olan qayğısı bütün hakimiyyəti boyu davam etmişdir. Dövlət başçısının “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli və “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli fərmanlarını buna misal göstərmək olar. 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi istiqamətində daha bir addım idi.
Heydər Əliyevin fəaliyyətində milli dil siyasəti həmişə mühüm mövqe, aparıcı yer tutmuş və o, Azərbaycan dilinin zənginliyinə, bədii estetik qaynaqlarına, mürəkkəb fəlsəfi məntiq tutumuna, zəngin ifadə imkanlarına, güclü söz ehtiyatına dərindən bələd olduğu üçün həmişə bu böyük ümummilli sərvətin keşiyində dayanmış, onun cəsarətli müdafiəçisi, səmimi təəssübkeşi olmuşdur. Onun Milli televiziya ilə göstərilən iclaslarda, ümumrespublika toplantılarında rusdilli müraciətlərə dəfələrlə etiraz etməsi, doğma dildə qusurla danışan nazirləri danlaması, çox nüfuzlu beynəlxalq görüşlərdə Azərbaycan dilində danışması, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında fərman imzalaması Heydər Əliyevin dilə sonsuz qayğısının parlaq nümunəsidir. Heydər Əliyev öz ana dilinə, doğma Azərbaycan dilinə sahib çıxan, Azərbaycan dilinin keşiyində dayanan bir rəhbər idi. Müstəqil Azərbaycan Respublikasının dövlət dili-Azərbaycan dili Heydər Əliyevin qətiyyətli çıxışlarında, nitq mədəniyyətində bütün gücü, qüdrəti ilə görünür. Heydər Əliyevin nitqləri canlı Azərbaycan dili abidələridir.
Heydər Əliyevin Ana dilimizə bu qədər sonsuz məhəbbətlə yanaşması, onu sevməsi, beynəlxalq tribunalarda, yüksək səviyyəli görüşlərdə bu dildə danışması həm Heydər Əliyevə sonsuz məhhəbət oyadır, həm onları doğma dili onun qədər sevməyə, öyrənməyə çağırır.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan ana dili siyasəti cənab Prezident İlham Əliyev tərəfindən də bu gün uğurla davam etdirilir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqətdə saxladığı əsas məsələlərdəndir. Cənab Prezident İlham Əliyev dilimizin qorunması və inkişafına böyük həssaslıqla yanaşır. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı, eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu.
Prezident cənab İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli fərmanı ölkəmizdə dövlət dili istiqamətində aparılan məqsədyönlü siyasətin davamıdır. Bu, həmçinin özünəməxsus davamlı ənənələrə, möhkəm prinsiplərə, zəngin söz ehtiyatına malik dilimizin yad təsirlərdən qorunmasına xidmət edir. Bu fərman Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi və saflığının qorunması kimi vəzifələri özündə ehtiva edir. Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində dövrün tələblərinə uyğun istifadəsi və ölkədə dilçilik elminin inkişafı haqqında” 23 may 2012-ci il tarixli, “AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki təminatının gücləndirilməsi barədə” 29 may 2012-ci il tarixli, eyni adlı Dövlət Proqramının təsdiqinə dair 9 aprel 2013-cü il tarixli Sərəncamları, “Azərbaycan dilinin elektron mühitdə istifadəsinin genişləndirilməsi ilə bağlı tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli Sərəncamı, “Dövlət dilinin saflığının qorunması və ondan istifadənin daha da təkmilləşdirilməsi ilə dair tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanı, eləcə də Nazirlər Kabinetinin 26 noyabr 2012-ci il tarixli qərarı ilə “Terminologiya Komissiyası haqqında Əsasnamə”nin təsdiqi ana dilinə dövlət qayğısını gücləndirmiş, dilçilik sahəsində fundamental və tətbiqi tədqiqatların keyfiyyətinin yüksəldilməsi üçün münbit imkanlar yaratmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həm 03 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyindəki tarixi çıxışında, həm də 05 yanvar 2026-cı il tarixində yerli televiziya telekanallarına verdiyi tarixi müsahibəsində qalib Lider kimi doğma xalqına Azərbaycan dili ilə bağlı söylədiyi müdrik fikirləri, çağırışları bu məfkurələrə əsaslanırdı. Bəli, bu gün Azərbaycan Prezidentinin Liderliyi ilə dövlətimiz, xalqımız, dilimiz dünyaya zəfər zirvəsindən baxır!
Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı səsləndirdiyi fikirlər təkcə dil məsələsinə münasibət deyil, eyni zamanda milli təhlükəsizlik, milli kimlik və dövlətçilik fəlsəfəsinə dair mühüm çağırış kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidenti bu təhlükəli prosesə AMEA-nın 80 illiyindəki tarixi nitqində olduqca sərt münasibət bildirmişdi: “Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyac yoxdur. Bir daha demək istəyirəm ki, biz əsrlər boyu dilimizi qorumuşuq. Bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik.”
İqbal Əmənullayev,
YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru