Dil hər bir xalqın mövcudluğunu, tarixi yaddaşını, mədəniyyətini və milli kimliyini yaşadan, onu nəslinə ötürən en mühüm amildir. Azərbaycan dili əsrlər boyu müxtəlif tarixi sınaqlardan, kəskin siyasi təzyiqlərdən keçərək öz zənginliyini, özünəməxsusluğunu və təmizliyini qoruyub saxlaya bilmişdir. Lakin dilin yalnız xalqın məişətində yaşaması kifayət deyil; onun dövlət dili səviyyəsinə yüksəlməsi, rəsmi idarəçilikdə, elm və təhsildə tamhüquqlu tətbiq olunması siyasi iradə və böyük dövlətçilik təfəkkürü tələb edir.
Azərbaycan dilinin inkişafı və onun dövlət dili kimi mövqelərinin möhkəmlənməsi tarixi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu siyasətin dövrün tələblərinə və qlobal çağırışlara uyğun olaraq yeni mərhələdə uğurla davam etdirilməsi isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir.
Sovet rejiminin sərt ideoloji çərçivələri daxilində milli dil məsələsini gündəmə gətirmək böyük siyasi cəsarət tələb edirdi. Hələ 1970-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik edərkən Ümummilli Lider Heydər Əliyev anadilli təhsilin genişləndirilməsinə, bu dildə elmi və bədii əsərlərin nəşrinə xüsusi diqqət yetirirdi.
Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən biri 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan dili Azərbaycan SSR-in dövlət dilidir" maddəsinin daxil edilməsi oldu. Bu, Mərkəzi Hökumətin ciddi müqavimətinə baxmayaraq əldə edilmiş böyük siyasi qələbə idi.
Müstəqilliyin bərpasından sonra, 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
2001-ci il iyunun 18-də imzalanan "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman və həmin il avqustun 9-da verilən sərəncamla 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olundu. Eyni zamanda, latın qrafikalı əlifbaya tam keçid təmin edildi.
2002-ci ildə qəbul edilən "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun dilimizin işlənməsi, qorunması və inkişafı üçün möhkəm hüquqi baza formalaşdırdı.
Heydər Əliyevin "Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamı həmin siyasi xəttin fəlsəfi ana xəttini təşkil edirdi.
Ulu Öndərin müəyyənləşdirdiyi milli dövlətçilik xəttini uğurla sürdürən Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və dünyada təbliği istiqamətində ardıcıl və məqsədyönlü addımlar atmaqdadır.
Prezident İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 2004-cü il tarixli Sərəncamı nəticəsində klassik və müasir Azərbaycan ədəbiyyatının, eləcə də dünya ədəbiyyatı nümunələrinin latın qrafikası ilə kütləvi tirajla nəşr olunaraq kitabxanalara hədiyyə edilməsi təmin olundu.
"Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yaradılması və müasir standartlara uyğun fəaliyyət göstərməsi, dilimizin elmi bazasının gücləndirilməsinə xidmət etdi.
2012–2013-cü illərdə qəbul edilmiş qərarlar və "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" ana dilimizin yad təsirlərdən, lüzumsuz ajnəbi sözlərdən qorunması məqsədi daşıyır.
Prezident İlham Əliyev kütləvi informasiya vasitələrində, internet məkanında, televiziya və radiolarda, küçə reklamlarında ədəbi dil normalarının pozulmasına qarşı defələrlə ciddi xəbərdarlıqlar etmiş, bu sahədə nəzarəti artırmaq üçün Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması haqqında fərman imzalamışdır.
Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, dünyada yaşayan milyonlarla azərbaycanlının həmrəylik və birlik rəmzidir. Qarabağın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün tam bərpa olunması ilə Azərbaycan dili öz tarixi torpaqlarında – Xankəndidə, Şuşada, Laçında yenidən ucalır.
Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət dil siyasəti göstərir ki, dilimizi qorumaq müstəqilliyimizi, milli ruhumuzu və gələcəyimizi qorumaqdır. Doğma dilimizə qayğı hər bir Azərbaycan vətəndaşının və dövlətinin ən müqəddəs borcudur.
Nurlana Yusifova
YAP Samux rayon təşkilatının əməkdaşı