Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycanda həyata keçirdiyi İnkişaf Elçiləri Proqramı çərçivəsində bir sıra rəsmi görüş və ziyarətlər keçirilib.SİA xəbər verir ki, proqram çərçivəsində iştirakçılar əvvəlcə Türkiyənin Bakıdakı Səfirliyini ziyarət ediblər. İnkişaf Elçiləri səfirliyin əməkdaşları ilə görüşərək Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, köklü qardaşlıq münasibətləri, ictimai diplomatiya fəaliyyəti və TİKA-nın Azərbaycanda həyata keçirdiyi inkişaf layihələri barədə ətraflı məlumat alıblar. Görüş zamanı təhsil, səhiyyə, kənd təsərrüfatı və mədəniyyət sahələrində əməkdaşlığın davamlı olaraq genişləndiyi vurğulanıb.Daha sonra İnkişaf Elçiləri ASAN Radionu ziyarət ediblər. Burada onlar TİKA-nın media və kommunikasiya infrastrukturunun gücləndirilməsinə yönəlmiş layihələri ilə tanış olub, yayım fəaliyyəti və media sahəsində texniki, institusional potensialın inkişafı istiqamətində görülən işlər barədə məlumat əldə ediblər.Proqram çərçivəsində iştirakçılar həmçinin Ucar Rayon Mərkəzi Xəstəxanasında TİKA-nın dəstəyi ilə yaradılmış Dializ Mərkəzi və Uşaq Poliklinikasını ziyarət ediblər. Burada səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr təqdim olunub.Səfərin növbəti mərhələsində İnkişaf Elçiləri Göyçayda TİKA tərəfindən yaradılmış Subtropik Bitkilərin Tədqiqat və İnkişaf İstixanalarında olublar. Onlara müasir kənd təsərrüfatı texnologiyalarının tətbiqi, aqrar innovasiyalar və dayanıqlı kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib.Proqram Bakıdakı Türk Şəhidliyinin ziyarəti ilə yekunlaşıb. İnkişaf Elçiləri şəhid məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad edib, ruhlarına dualar oxuyublar. Ziyarət zamanı iştirakçılara Türkiyə ilə Azərbaycan arasında "Bir millət, iki dövlət" prinsipi əsasında formalaşan qardaşlıq münasibətlərinin tarixi və Türk Şəhidliyinin hər iki ölkə üçün daşıdığı mənəvi əhəmiyyət barədə ətraflı məlumat verilib. Proqram şəhidlərin xatirəsinin yad edilməsi ilə başa çatıb.
Müəllif: Günel Fərzəliyeva