PDF Oxu

Siyasət

  • 654

Maarifləndirmə insan alverinə qarşı mübarizənin ən güclü silahıdır - ŞƏRH

image

İnsan alveri XXI əsrin ən ağır transmilli mütəşəkkil cinayət növlərindən biri olmaqla yanaşı, insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan qlobal təhlükələr sırasındadır. Bu cinayət növü təkcə ayrı-ayrı dövlətlərin deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin təhlükəsizliyinə, sosial rifahına və dayanıqlı inkişafına ciddi təhdid yaradır. Məhz buna görə də Birləşmiş Millətlər Təşkilatı tərəfindən hər il 30 iyul tarixi Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd edilir və dünya dövlətləri bu gün münasibətilə insan alverinin qarşısının alınması, qurbanların müdafiəsi, cinayətkarların məsuliyyətə cəlb edilməsi və ictimai maarifləndirmənin gücləndirilməsi istiqamətində görülən işləri diqqət mərkəzinə gətirirlər. Müasir dövrdə qlobal miqyasda miqrasiya proseslərinin intensivləşməsi, rəqəmsal platformaların geniş yayılması, sosial şəbəkələrdən sui-istifadə halları, iqtisadi çətinliklər və beynəlxalq münaqişələr insan alveri risklərini daha da artırmışdır. Xüsusilə qadınlar, uşaqlar, miqrantlar və sosial həssas əhali qrupları bu cinayətkar şəbəkələrin əsas hədəfinə çevrilirlər. Son illər insan alveri yalnız əmək və ya cinsi istismar formasında deyil, həm də kiberməkanda aldadılma, məcburi dilənçilik, qanunsuz əmək fəaliyyəti və digər müasir istismar üsulları ilə özünü göstərir. Azərbaycan Respublikası insan alverinə qarşı mübarizəni dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etmiş və bu sahədə beynəlxalq öhdəliklərinə uyğun olaraq ardıcıl hüquqi və institusional mexanizmlər formalaşdırmışdır. Azərbaycan BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına və onu tamamlayan İnsan Alverinin Qarşısının Alınması, Dayandırılması və Cəzalandırılması haqqında Palermo Protokoluna qoşulmaqla beynəlxalq əməkdaşlığın fəal iştirakçısına çevrilmişdir. Ölkəmizdə “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, qanunun tətbiqi ilə bağlı çoxsaylı normativ-hüquqi aktlar təsdiq olunmuş, dövlət proqramları və Milli Fəaliyyət Planları həyata keçirilmişdir. Bu sənədlər insan alverinin profilaktikası, qurbanların müdafiəsi, sosial reabilitasiyası, cinayətkarların ifşası və beynəlxalq əməkdaşlığın genişləndirilməsi kimi əsas istiqamətləri əhatə edir. Dövlət proqramlarının icrası nəticəsində aidiyyəti dövlət qurumları arasında koordinasiya daha da gücləndirilmiş, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq yeni mərhələyə yüksəlmişdir.

Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizənin əsas icraçı qurumlarından biri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsidir. Baş İdarə cinayətlərin aşkar edilməsi, insan alveri ilə məşğul olan mütəşəkkil cinayətkar qrupların ifşası, qurbanların müəyyənləşdirilməsi, onların təhlükəsizliyinin təmin edilməsi, sosial müdafiə tədbirlərinin həyata keçirilməsi və preventiv fəaliyyət istiqamətində mühüm işlər görür. Müasir əməliyyat-axtarış metodlarının tətbiqi, beynəlxalq hüquq-mühafizə qurumları ilə əməkdaşlıq və informasiya mübadiləsi bu sahədə əldə olunan uğurların əsas amillərindəndir. Xüsusilə qeyd edilməlidir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyinin və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun rəhbərliyi ilə Nazirliyin müvafiq Baş İdarəsi tərəfindən bu cinayətkarlıq növünə qarşı sistemli, çevik və təxirəsalınmaz tədbirlər həyata keçirilir. İnsan alveri ilə mübarizənin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmaması, profilaktik fəaliyyətin, qurbanların müdafiəsinin və ictimai maarifləndirmənin paralel şəkildə aparılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən bu sahəyə göstərilən xüsusi diqqət, mübarizə mexanizmlərinin daim təkmilləşdirilməsi, hüquq-mühafizə orqanlarının peşəkarlığının artırılması, beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi və müasir çağırışlara uyğun fəaliyyət modelinin formalaşdırılması ölkəmizin insan alverinə qarşı mübarizədə əldə etdiyi nəticələrin əsas səbəblərindəndir. İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Milli Koordinator hər il Azərbaycan Respublikasının Milli Məclisində insan alverinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə geniş məruzə təqdim edir. Bu hesabatlar parlament nəzarətinin səmərəli həyata keçirilməsinə, mövcud vəziyyətin obyektiv qiymətləndirilməsinə, qanunvericiliyin təkmilləşdirilməsinə və gələcək fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə mühüm töhfə verir. Bu yanaşma şəffaflığın, hesabatlılığın və dövlət-vətəndaş əməkdaşlığının gücləndirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. İnsan alverinə qarşı mübarizədə dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlıq xüsusi önəm daşıyır. Dövlət qurumları, qeyri-hökumət təşkilatları, media nümayəndələri, təhsil müəssisələri və beynəlxalq təşkilatlar vahid məqsəd uğrunda fəaliyyət göstərərək insan alverinin profilaktikasına və qurbanların müdafiəsinə öz töhfələrini verirlər. Bu əməkdaşlıq modelinin davamlı inkişafı Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində mühüm nəticələr əldə edilməsinə imkan yaratmışdır. Mübarizənin ən vacib istiqamətlərindən biri isə maarifləndirmədir. Təcrübə göstərir ki, insan alverinin qarşısının alınmasında cəmiyyətin məlumatlılıq səviyyəsinin yüksəldilməsi hüquqi tədbirlər qədər əhəmiyyətlidir. Xüsusilə gənclərin, yeniyetmələrin və risk qrupuna daxil olan şəxslərin bu cinayətin təhlükələri barədə məlumatlandırılması onların cinayətkar şəbəkələrin təsiri altına düşməsinin qarşısını alır. Rəqəmsal dövrdə maarifləndirmə metodları da müasirləşməlidir. Sosial media platformalarında geniş auditoriyaya ünvanlanan maarifləndirici postların paylaşılması, qısa videoçarxların hazırlanması, sənədli filmlərin və televiziya seriallarının istehsalı, interaktiv kampaniyaların təşkili, podkastlar, animasiya layihələri və rəqəmsal kommunikasiya vasitələrinin tətbiqi cəmiyyətin bütün təbəqələrinə effektiv şəkildə çatmağa imkan verir. İnsan alveri ilə mübarizədə informasiya texnologiyalarından istifadə artıq zərurətə çevrilmişdir. Bu istiqamətdə vətəndaş cəmiyyətinin təşəbbüsləri xüsusi diqqətə layiqdir. Sədri olduğum İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı tərəfindən uzun illər ərzində bu sahədə ardıcıl maarifləndirmə fəaliyyəti həyata keçirilmişdir. Təşkilat tərəfindən insan alverinin təhlükələri, cinayətkarların istifadə etdikləri üsullar və vətəndaşların özlərini necə qoruya bilmələri barədə 20-dən çox sosial videoçarx hazırlanmışdır. Bundan əlavə, altı bölümdən ibarət “İfşa” və on bölümdən ibarət “İfşa – Çətin Hədəf” serialları çəkilərək geniş auditoriyaya təqdim edilmişdir. Hazırlanan videoçarxlar sosial media platformalarında və informasiya portallarında yayımlanaraq yüz minlərlə insana çatdırılmış, seriallar isə ATV və ARB televiziya kanallarında, eləcə də “YouTube” platformasında nümayiş etdirilərək cəmiyyətin maarifləndirilməsinə mühüm töhfə vermişdir. Bu layihələr göstərir ki, vizual kommunikasiya vasitələri insan alverinə qarşı ictimai immunitetin formalaşdırılmasında olduqca effektiv vasitələrdən biridir. Bu gün Azərbaycan insan alverinə qarşı mübarizə sahəsində həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm institusional idarəetmə modelinin gücləndirilməsi, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə etmiş dövlətlərdən biridir. Dövlət orqanlarının, hüquq-mühafizə strukturlarının, vətəndaş cəmiyyətinin, medianın və beynəlxalq tərəfdaşların birgə fəaliyyəti gələcəkdə də bu cinayət növünə qarşı daha səmərəli nəticələrin əldə olunmasına xidmət edəcəkdir.

30 İyul-Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günü hər birimizə bir daha xatırladır ki, insan alveri yalnız hüquq-mühafizə orqanlarının deyil, bütün cəmiyyətin mübarizə aparmalı olduğu ağır cinayətdir. Hər bir vətəndaşın məlumatlı olması, şübhəli hallara biganə qalmaması, aidiyyəti qurumlarla əməkdaşlıq etməsi və maarifləndirmə prosesində fəal iştirakı insan alverinə qarşı ümummilli mübarizənin mühüm tərkib hissəsidir. Güclü dövlət siyasəti, peşəkar hüquq-mühafizə fəaliyyəti və aktiv vətəndaş cəmiyyəti əməkdaşlığı sayəsində Azərbaycan bu istiqamətdə də öz uğurlarını davam etdirəcək, insan hüquqlarının etibarlı müdafiəsini təmin edən ölkələr sırasında mövqeyini daha da möhkəmləndirəcəkdir.

Ramiz Alıyev

İnsan Alverinə Qarşı Mübarizə Təşkilatınının sədri

Digər xəbərlər