Hər bir xalqın varlığını yaşadan əsas dəyərlərdən biri onun ana dilidir. Dil xalqın tarixini, mədəniyyətini, adət-ənənələrini və milli kimliyini gələcək nəsillərə çatdırır. Azərbaycan dili də əsrlər boyu xalqımızın ən qiymətli mənəvi sərvəti kimi qorunub saxlanılıb. Dil hər bir xalqın milli varlığını, tarixi yaddaşını və mənəvi dəyərlərini yaşadan ən mühüm amildir. Ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın düşüncə tərzini, mədəniyyətini, ədəbiyyatını və dövlətçilik ənənələrini gələcək nəsillərə çatdıran müqəddəs mənəvi sərvətdir. Azərbaycan xalqı da əsrlər boyu öz dilini qoruyub saxlamış, onu inkişaf etdirərək milli kimliyinin ayrılmaz hissəsinə çevirmişdir.
Azərbaycan dili zəngin söz ehtiyatına, qədim ədəbi ənənələrə və böyük ifadə imkanlarına malik dillərdən biridir. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Bəxtiyar Vahabzadə və digər görkəmli söz ustalarının yaratdığı möhtəşəm ədəbi irs bu dilin qüdrətini bütün dünyaya nümayiş etdirir.
Bu gün Azərbaycan dili artıq beynəlxalq tribunalar səviyyəsində səslənən, müstəqil dövlətimizin gücünü və nüfuzunu ifadə edən dildir. Azərbaycanın qazandığı siyasi, iqtisadi və hərbi uğurlar ana dilimizin nüfuzunun artmasına da mühüm töhfə verir.
Ana dilimizin dövlət dili kimi möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Dünyanın ən mötəbər kürsülərində çıxışlarını Azərbaycan dilində səsləndirilən dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dilinin saflığının qorunmasında, hərtərəfli inkişafında, ümumişlək dilə, dövlət dilinə çevrilməsində, diplomatiya aləminə yol açmasında əvəzsiz rolu olub.
1969-cu ilin iyulundan başlayan, Azərbaycanı zəfərdən-zəfərə aparan Heydər Əliyev yolu Azərbaycan dilinin xilaskarı kimi tariximizə öz əbədi imzasını atdı. 1969-1982-ci illərdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə bütün sahələr üzrə misli görünməmiş qazanılan uğurlarla yanaşı milli-mənəvi dəyərlərimizin qorunmasında, inkişafında mühüm rolu olan ana dilimiz dövlət dili kimi təsbit edildi. Dahi rəhbərin 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla 1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü təsis edilib. Bu qərar latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin başa çatmasını qeyd etməklə yanaşı, ana dilimizə verilən yüksək dəyərin göstəricisi olub.
Bu gün Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunması və inkişafına xüsusi diqqət yetirir. Dövlət başçısının imzaladığı fərman və sərəncamlar nəticəsində dilimizin saflığının qorunması, düzgün istifadəsi və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm işlər görülür. Kitab nəşri, elektron lüğətlərin hazırlanması, Azərbaycan dilinin internet məkanında daha geniş istifadə olunması bu sahədə həyata keçirilən tədbirlərdəndir.
1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər birimiz üçün təkcə təqvimdə qeyd olunan tarix deyil, milli kimliyimizə, tariximizə və mənəvi irsimizə ehtiramın ifadəsidir. Ana dilimizi qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə çatdırmaq hər bir azərbaycanlının müqəddəs vəzifəsidir. Çünki dilini yaşadan xalq öz tarixini, mədəniyyətini və dövlətçiliyini də yaşadır. Ana dilimiz varlığımızın səsi, milli birliyimizin rəmzi və müstəqilliyimizin əbədi dayağıdır.
Qloballaşma dövründə ana dilimizi qorumaq daha da vacibdir. Xüsusilə gənclər gündəlik danışıqda və sosial şəbəkələrdə Azərbaycan dilinin qaydalarına əməl etməli, xarici sözlərdən yersiz istifadə etməməlidirlər. Dilimiz nə qədər düzgün işlədilərsə, bir o qədər zəngin və güclü olar.
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri