Hər il 1 Avqust tarixinin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və ana dilimizə göstərilən ali ehtiramın bariz nümunəsidir. Azərbaycan dili əsrlər boyu xalqımızın milli kimliyini, zəngin mədəniyyətini, tarixi yaddaşını və mənəvi irsini qoruyaraq bu günümüzə çatdırmış ən böyük sərvətlərimizdən biridir. Məhz buna görə də ana dilimizin qorunması, inkişaf etdirilməsi və gələcək nəsillərə saf şəkildə ötürülməsi hər bir Azərbaycan vətəndaşının müqəddəs vəzifəsidir.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsini milli dövlət quruculuğunun əsas istiqamətlərindən biri hesab etmişdir. Onun “Dil hər bir millətin milliliyinin əsasıdır” fikri bu gün də öz aktuallığını qoruyur. Ulu Öndər hər zaman vurğulayırdı ki, hər bir gənc Azərbaycan dilini ən incəliklərinə qədər bilməli, onu qorumalı və gündəlik həyatında düzgün istifadə etməlidir. Bu çağırış müasir dövrdə də öz əhəmiyyətini itirməmiş, əksinə, qloballaşma şəraitində daha böyük aktuallıq qazanmışdır.
Sovet hakimiyyəti illərində milli dillərin sıxışdırılması siyasəti həyata keçirilərkən ana dilinin qorunması uğrunda mübarizə aparmaq böyük cəsarət tələb edirdi. Xüsusilə 1970-ci illərdə SSRİ məkanında milli dillərin mövqeyinin zəiflədilməsi istiqamətində aparılan siyasət fonunda Heydər Əliyev prinsipial mövqe nümayiş etdirərək Azərbaycan dilinin hüquqlarının qorunmasına nail oldu. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının daxil edilməsi Ulu Öndərin siyasi qətiyyətinin və xalq qarşısında tarixi xidmətlərinin ən mühüm nümunələrindən biri oldu.
Müstəqillik illərində də bu siyasət uğurla davam etdirildi. 1995-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili olması hüquqi cəhətdən təsbit edildi, 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanın imzalanması ilə dövlət dilinin inkişafı istiqamətində yeni mərhələ başlandı. Elə həmin il “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmana əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunmağa başladı. Daha sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi, Dövlət Dil Komissiyasının yaradılması və orfoqrafiya normalarının təsdiq olunması dil siyasətinin hüquqi əsaslarını daha da möhkəmləndirdi.
Bu gün Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi dil siyasətini uğurla davam etdirir. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, Azərbaycan dilinin saflığının qorunması hər bir vətəndaşın borcudur. Onun təşəbbüsü ilə latın qrafikalı nəşrlərin genişləndirilməsi, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın təsdiqi, Azərbaycan dilinin elektron məkanda tətbiqinin genişləndirilməsi və dövlət dilinin saflığının qorunmasına dair mühüm fərmanların imzalanması bu sahədə həyata keçirilən məqsədyönlü siyasətin bariz göstəricisidir.
Müasir informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, sosial şəbəkələrin gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə Azərbaycan dilinin düzgün istifadəsi daha böyük məsuliyyət tələb edir. Təəssüf ki, bəzi hallarda xarici sözlərin lüzumsuz işlədilməsi, orfoqrafiya və nitq normalarının pozulması ana dilimizin zənginliyinə xələl gətirir. Bu baxımdan hər bir ziyalının, müəllimin, jurnalistin, dövlət qulluqçusunun, eləcə də gənclərin üzərinə mühüm vəzifələr düşür. Ana dilinə hörmət milli kimliyə, dövlətə və tarixə hörmətin ayrılmaz tərkib hissəsidir.
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü hər birimiz üçün təkcə əlamətdar tarix deyil, həm də milli kimliyimizə, tariximizə və dövlətçiliyimizə sədaqətin ifadəsidir. Dilimizi qorumaq, onun saflığını təmin etmək, zənginləşdirmək və gələcək nəsillərə olduğu kimi çatdırmaq hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur. Çünki ana dili xalqın mənəvi yaddaşı, milli birliyinin təməli və dövlət müstəqilliyinin ən mühüm rəmzlərindən biridir.
Mən hesab edirəm ki, Azərbaycan əlifbası və Azərbaycan dili günü hər birimiz üçün sadəcə təqvim bayramı deyil, milli qürurumuzun, mənəvi dəyərlərimizin və dövlət müstəqilliyimizin təntənəsidir. Hər bir Azərbaycan gənci ana dilini dərindən öyrənməli, onun saflığını qorumalı, zənginliyini gələcək nəsillərə çatdırmalı və bu müqəddəs mirasa sahib çıxmalıdır. Çünki xalqı xalq edən, milləti millət edən onun ana dilidir.
Əminəm ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti Prezident İlham Əliyev tərəfindən bundan sonra da uğurla davam etdiriləcək, Azərbaycan dili dövlətimizin qüdrətini, xalqımızın milli birliyini və mənəvi zənginliyini ifadə edən ən böyük sərvətlərimizdən biri kimi daim yaşayacaq və inkişaf edəcəkdir.
Əfsanə Muradova
YAP Nərimanov rayon təşkilatının gənc fəalı