PDF Oxu

Siyasət

  • 1 039

"Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməlidir" - ŞƏRH EDİLDİ

image

"Azərbaycan–Rusiya münasibətləri son dövrlərdə xüsusi bir mərhələyə qədəm qoyub. Bu mərhələ daha çox Rusiya tərəfindən qaynaqlanan müəyyən problemlər və ziddiyyətli yanaşmalarla xarakterizə olunur. Rusiya hər nə qədər Azərbaycanla münasibətlərin əhəmiyyətini və Azərbaycana ehtiyac duyduğunu başa düşsə də, zaman-zaman ölkəmizlə bağlı qeyri-adekvat mövqe ortaya qoyur".Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.Onun sözlərinə görə, bu isə iki ölkə arasındakı münasibətlərdə müəyyən sualların və anlaşılmazlıqların yaranmasına səbəb olur:"Rusiyanın Azərbaycanla bağlı ziddiyyətli mövqeyi ölkə daxilində müxtəlif yanaşmaların və müəyyən fikir ayrılıqlarının mövcudluğu ilə bağlı ehtimalları da gücləndirir. Bu, təkcə Rusiyanın Azərbaycan siyasətində deyil, həmçinin Ukrayna müharibəsi ilə bağlı mövqeyində və Avropa siyasətində də özünü göstərir. Bəzən Rusiyanın müxtəlif siyasi və hərbi dairələrinin nümayəndələri bir-birindən fərqli, hətta ziddiyyət təşkil edən açıqlamalar verirlər.Bu isə belə düşünməyə əsas verir ki, Rusiya daxilində hərbi-siyasi dairələr arasında müəyyən fikir ayrılıqları mövcuddur. Həmin fikir ayrılıqları Rusiyanın hazırda üzləşdiyi mürəkkəb vəziyyət, beynəlxalq təcrid və xarici siyasətdə qarşılaşdığı çətinliklərlə də əlaqəli ola bilər.Bununla belə, hazırkı mərhələdə Rusiyanın Azərbaycana ciddi ehtiyacı var.Birincisi, Rusiya Cənubi Qafqazda öz siyasi və geosiyasi mövcudluğunu qorumaq istəyirsə, Azərbaycanla münasibətlərini sağlam və sabit şəkildə davam etdirməlidir. Azərbaycan regionun əsas siyasi və iqtisadi aktorlarından biridir və Moskvanın Cənubi Qafqaz siyasətində Bakı ilə münasibətləri mühüm əhəmiyyət daşıyır.İkincisi, Rusiya–Ukrayna müharibəsi fonunda da Moskvanın Azərbaycana ehtiyacı yarana bilər. Azərbaycan gələcəkdə müəyyən diplomatik təşəbbüslərdə və ya vasitəçilik proseslərində rol oynaya biləcək ölkələrdən biridir.Üçüncüsü, Azərbaycan və Rusiya arasında iqtisadi əlaqələr inkişaf edir. Azərbaycan Rusiya məhsulları üçün mühüm bazarlardan biridir. Xüsusilə Rusiyanın Qərb ölkələri ilə iqtisadi əlaqələrinin zəiflədiyi və müxtəlif məhdudiyyətlərlə üzləşdiyi bir dövrdə Azərbaycan bazarı Moskva üçün əlavə iqtisadi imkanlar yaradır.Bundan başqa, Rusiya ilə Avropa arasında münasibətlərin gələcək inkişafı baxımından da Azərbaycanın müəyyən əhəmiyyətli rolu ola bilər.Demək olar ki, Azərbaycanla münasibətlərdə ziddiyyətlərin dərinləşməsi ilk növbədə Rusiyanın öz maraqlarına zərər vura bilər. Başqa sözlə, Moskvanın Azərbaycanla münasibətləri gərginləşdirməsi öz ayağına güllə sıxması ilə nəticələnə bilər.Düşünürəm ki, Rusiya hakimiyyəti bu reallıqları yaxşı anlayır. Ehtimal etmək olar ki, tərəflər arasında baş tutan telefon danışığında mövcud problemlər və ziddiyyətlər geniş şəkildə müzakirə olunub.Gözlənti ondan ibarətdir ki, növbəti mərhələdə mövcud fikir ayrılıqlarının və problemlərin aradan qaldırılması istiqamətində addımlar atılacaq. Əks halda, münasibətlərin daha da gərginləşməsindən ən çox zərər görən tərəflərdən biri məhz Rusiya və Moskva ola bilər".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər