PDF Oxu

Siyasət

  • 599

Azərbaycan dilinin dövlət dili statusu müstəqil dövlətçiliyin əsas atributlarından biridir - ŞƏRH

image

Azərbaycan dili xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, zəngin mədəni irsini və dövlətçilik ənənələrini yaşadan ən böyük mənəvi sərvətlərdən biridir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də millətin tarixi keçmişini, dünyagörüşünü, mənəvi kimliyini və gələcəyə baxışını özündə əks etdirən fundamental milli atributdur. Məhz buna görə də Azərbaycan Respublikasında həyata keçirilən dil siyasəti təkcə linqvistik xarakter daşımır, eyni zamanda dövlətçilik ideologiyasının, milli təhlükəsizliyin və strateji inkişaf siyasətinin mühüm istiqamətlərindən biri kimi çıxış edir.

Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi sahəsində Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Ulu Öndər ana dilinin milli dövlətçiliyin əsas sütunlarından biri olduğunu hər zaman xüsusi vurğulayaraq bildirirdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm." Bu fikir Azərbaycan dilinə verilən yüksək siyasi və mənəvi qiymətin ən dolğun ifadələrindən biridir.

Sovet hakimiyyəti dövründə Azərbaycan dili müxtəlif məhdudiyyətlərlə üzləşsə də, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ana dilimizin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. XX əsrin 60-cı illərinin sonlarından etibarən həyata keçirilən məqsədyönlü dil siyasəti ana dilimizin saflığının qorunmasına, funksional imkanlarının genişlənməsinə və ictimai həyatın bütün sahələrində tətbiqinin artırılmasına əlverişli şərait yaratmışdır.

Görkəmli dilçi alim, filologiya elmləri doktoru, professor Nizami Xudiyev bu tarixi mərhələni belə qiymətləndirir: "Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, diplomatiya aləminə yol açması, zənginləşməsi və dünyanın mötəbər kürsülərindən səslənməsi məhz Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik dil siyasətinin nəticəsidir."

Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində ən mühüm hadisələrdən biri 1978-ci ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında müddəanın daxil edilməsidir. O dövrün mürəkkəb ictimai-siyasi şəraitində bu qərarın qəbul olunması Ümummilli Liderin qətiyyətinin və milli maraqlara sadiqliyinin parlaq nümunəsi idi. Heydər Əliyev həmin dövrü sonralar belə xatırlayırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük."

Azərbaycan dili sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindən biri də elmi və tədris bazasının möhkəmləndirilməsi olmuşdur. Azərbaycan dili üzrə ali məktəb dərsliyinin Dövlət Mükafatına layiq görülməsi də Ulu Öndərin ana dilinə verdiyi yüksək qiymətin və dövlət qayğısının bariz nümunəsi hesab edilir.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlət dili məsələsi yeni siyasi reallıqlar fonunda yenidən aktuallıq qazandı. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ilin oktyabr-noyabr aylarında Milli Məclisdə aparılan geniş müzakirələr nəticəsində Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Nəticədə 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili dövlət dili elan edildi. Bununla da ana dilimizin hüquqi statusu ən yüksək konstitusion səviyyədə təsbit olundu.

Azərbaycan dilinin inkişafı və tətbiqinin genişləndirilməsi istiqamətində sonrakı dövrdə də ardıcıl tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin 18 iyun 2001-ci il tarixli "Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və 9 avqust 2001-ci il tarixli "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanları dövlət dilinin tətbiqinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Həmin sənədlər dövlət idarəçiliyində, təhsil sistemində və ictimai həyatın bütün sahələrində Azərbaycan dilinin istifadəsinin daha da təkmilləşdirilməsinə xidmət etmişdir.

Bu istiqamətdə növbəti mühüm addım 2 yanvar 2003-cü ildə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi olmuşdur. Qanun dövlət dilinin hüquqi müdafiəsini gücləndirmiş, onun tətbiq dairəsini genişləndirmiş, dövlət idarələrinin, müəssisə və təşkilatların adlarının ilk növbədə Azərbaycan dilində yazılması kimi mühüm normaları müəyyən etmişdir.

Ümummilli Lider gənclərin milli-mənəvi tərbiyəsində ana dilinin rolunu da xüsusi vurğulayırdı. O qeyd edirdi: "Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz." Bu yanaşma müasir dövrdə də öz aktuallığını qorumaqla milli kimliyin formalaşmasında ana dilinin həlledici rolunu bir daha təsdiq edir.

Heydər Əliyev ana dilini Azərbaycanın milli sərvəti kimi dəyərləndirərək bildirirdi: "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir." Onun fikrincə, hər bir Azərbaycan gənci ilk növbədə dövlət dilini mükəmməl bilməli, milli tariximizi, ədəbiyyatımızı və zəngin mədəni irsimizi məhz ana dili vasitəsilə mənimsəməlidir. Bu konseptual yanaşma Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsini təşkil edir.

Müasir dövrdə Azərbaycan dilinin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 23 may 2012-ci il tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", 29 may 2012-ci il tarixli "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında", 9 aprel 2013-cü il tarixli Dövlət Proqramının təsdiq edilməsi haqqında, 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamları, eləcə də 1 noyabr 2018-ci il tarixli "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ana dilimizin müasir çağırışlara uyğun inkişafına, elektron informasiya məkanında mövqeyinin möhkəmləndirilməsinə və dilçilik elminin inkişafına mühüm töhfələr vermişdir.

Bununla yanaşı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 noyabr 2012-ci il tarixli "Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Terminologiya Komissiyası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə Qərarı terminologiyanın vahid prinsiplər əsasında inkişafına, elmi dilin zənginləşdirilməsinə və dövlət dilinin normativ əsaslarının möhkəmləndirilməsinə xidmət etmişdir.

Bu gün Azərbaycan dili dövlət müstəqilliyimizin, milli kimliyimizin və Azərbaycançılıq ideologiyasının əsas dayaqlarından biri kimi inkişafını uğurla davam etdirir. Qloballaşma şəraitində ana dilinin saflığının qorunması, zənginləşdirilməsi və gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcu, dövlətin isə strateji vəzifəsidir.

Azərbaycan dilinin dövlət dili statusu yalnız hüquqi norma deyil, milli dövlətçiliyimizin əsas atributlarından biri, xalqımızın tarixi yaddaşının, milli-mənəvi dəyərlərinin və mədəni irsinin qorunmasının fundamental təminatıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirdiyi ardıcıl dil siyasəti nəticəsində Azərbaycan dili beynəlxalq nüfuzunu getdikcə artırır, milli birliyimizin və dövlətçiliyimizin ideoloji sütunu kimi mövqeyini daha da möhkəmləndirir. Ana dilimizin qorunması və inkişaf etdirilməsi bugünkü nəslin qarşısında duran mühüm vəzifə olmaqla yanaşı, gələcək nəsillər qarşısında da tarixi və mənəvi məsuliyyət kimi xüsusi əhəmiyyət daşıyır.

Şamo Qasımov

YAP Laçın rayon təşkilatının sədr müavini

Digər xəbərlər