Zaman- zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da tarixi şəxsiyyətlər yetişdirib. Dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyev hər zaman xalqımız üçün misilsiz xidmətlər göstərmişdir. Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan xalqının tərəqqi və inkişaf dövrü başlamışdır. Təsadüfi deyil ki, məhz Ümummilli Liderimiz Heydər Əliyevin ötən əsrin 70 – ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli – mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi – bədii nümunələrin yad hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır. Dil, həm də, çətin tarixi – siyasi dövrlərdə millətin varlığı üçün əsas vasitədir. Dilini itirən xalq məhvə məhkumdur. Azərbaycan dili də Azərbaycan xalqının milli sərvətidir. Xalqımız, millətimiz tarix durduqca bu sərvətin qayğısına qalmalı və dilimizi gələcək nəsillərə ötürməlidir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Lakin Azərbaycan dilinin yaxın keçmişdə ciddi sınaqlarla üzləşdiyini də unutmaq olmaz. Belə ki, çar Rusiyasının ruslaşdırma siyasətindən sonra 1918-1920- ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu qısa müddətdə dilimizin inkişafına böyük önəm verildi. Daha sonra Azərbaycanın Sovet imperiyasının tərkibində olduğu illərdə isə dilimizə qarşı yenə hücumlar başlandı. “Sovet xalqı” formalaşdırmaq adı altında müxtəlif xalqların dilini, mədəniyyətini, milli kimliyini yox etməyə yönələn siyasət Azərbaycanda da özünü göstərirdi. Məlumdur ki, ölkədə rəsmi dövlət dili rus dili idi, rəsmi tədbirlərdə bir qayda olaraq rus dilində çıxışlar üstünlük təşkil edirdi. Ölkədə elə bir psixoloji mühit yaradılmışdı ki, hətta sıravi insanlar arasında da Azərbaycan dilində danışmaq, rus dilini bilməmək qəbahət hesab olunurdu. Lakin Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli Lider Heydər Əliyevin dilə münasibəti hər kəsə örnək oldu. Hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə Ulu Öndər bir çox ziyalıların cəsarət etmədiyi halda, müxtəlif tədbirlərdə Azərbaycan dilində çıxış etməklə dilimizə verdiyi dəyəri göstərdi. O, həmçinin, rusdilli məktəblərdə Azərbaycan dilində dərsliklərin daha çox istifadəsinə dair göstərişlər də vermişdi. Bunlarla kifayətlənməyən Ulu öndər 1978 -ci ildə tarixi bir uğura imza atdı. Belə ki, həmin ildə qəbul olunan Azərbaycan SSR- in növbəti Konstitusiyasında ilk dəfə olaraq, rus dili ilə yanaşı, Azərbaycan dili rəsmi dil statusu əldə etdi. Azərbaycan yerli dilin rəsmi dil statusuna malik olduğu azsaylı respublikalardan biri idi. Azərbaycan xalqının əlifbası tarixin müxtəlif dövrlərində müəyyən səbəblər ucbatından bir neçə dəfə dəyişdirilməyə məruz qalıb, kiril qrafikalı əlifba isə ümumiyyətlə, Azərbaycan dilinin səs sisteminə uyğun olmamasına baxmayaraq qəbul edilmişdi. 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. Milli dil məsələsini qabardanlar sürgünə məruz qalırdı. Bütün məhdudiyyətlərə baxmayaraq Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında danışarkən öz nitqində xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq isə ana dilində oxumaq imkanı ilə təmin olunur. Ulu öndərin ana dili siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olmuşdur. Görkəmli dövlət xadiminin həyata keçirdiyi mühüm tarixi əhəmiyyətli işlərdən bir neçəsinə nəzər salsaq görə bilərik ki, Azərbaycan dili dövlət dili olaraq Azərbaycan SSR- in müvafiq qanunlarında (xüsusilə Konstitusiyada) öz əksini tapıb. Moskvanın etirazlarına baxmayaraq, respublikada rus dili ilə yanaşı, Azərbaycan dilinin də rəsmiliyi təmin edilib. Azərbaycan dilli məktəblərin, maarifin inkişafına xüsusi qayğı göstərilib, bir sıra digər Sovet respublikalarından fərqli olaraq, Azərbaycanda ana dilində təhsilə üstünlük verilib. Ən önəmlisi, Azərbaycan dilində mətbuatın, elmin tərəqqisi üçün böyk işlər görülmüşdür. Azərbaycanın böyük yazıçıları öz əsərlərini, demək olar ki, yalnız ana dilində yazmağa başladılar. Azərbaycan Yazıçılar İttifaqının aparıcı mətbuat orqanları “Azərbaycan”, “Ulduz” jurnalları, “Ədəbiyyat və incəsənət” qəzeti Azərbaycan dilində nəşr edilməyə başlanmışdir. Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş bir ardıcıllıqla araşdırılmış, çoxcildlik “Müasir Azərbaycan dili” kitabları yaradılmışdır. Bundan başqa, həm rəsmi, həm də qeyri – rəsmi yığıncaqlarda, məclislərdə Azərbaycan dilində danışmaqdan çəkinməyən respublika rəhbəri praktik olaraq ana dilinin ictimai -siyasi mövqeyinin yüksəlməsinə bilavasitə təsir göstərib, başqalarına nümunə olub. 1980-ci illərin sonu, 90-cı illərin əvvəllərində başqa sahələrdə olduğu kimi, dil quruculuğu, geniş mənada dil mədəniyyəti sahələrində də hədsiz hərc-mərcliyə yol verilirdi. Normal təhsil görməmiş, mədəniyyətdən uzaq bir sıra “dövlət xadimləri”nin, “siyasi xadimlər”in müxtəlif çıxışlarında, məntiqsiz mülahizələrdə Azərbaycan ədəbi dilinin tarixən müəyyənləşmiş norma və üslublarına məsuliyyətsiz münasibət nəzərə çarpırdı. 1993- cü ilin iyununda xalqın təkidli və tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev qısa bir zamanda ölkədə iqtisadi, ictimai -siyasi, ideoloji- mənəvi həyatın normallaşmasına və stabilləşməsinə nail oldu. Ümumiyyətlə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu öndərin müstəsna xidmətləri vardır. Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı uzaqgörən addımlar atan Ümummilli Liderin “Millətin milliliyini saxlayan onun dilidir” ifadəsi dərin məna daşıyır. Dövlətə və xalqa yenidən rəhbərlik edən Ümummilli Lider ana dili məsələsinə müstəqil dövlət quruculuğunun tələb etdiyi səviyyədə yanaşmağın yolunu göstərdi. 2001-ci ildə Ümummilli Liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük bir siyasi hadisə idi. Məhz Ulu Öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri – hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. 30 sentyabr 2002-ci ildə isə Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun imzalandı. Bu sənəddə göstərilir ki, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu qanun, ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. Ulu Öndər müxtəlif ölkələrdəki diaspor nümayəndələrimizlə görüşlərində dəfələrlə vurğulayıb ki, hansı ölkədə yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. “Nə yaxşı ki, Azərbaycan dili bütün tələblərə cavab verir. Daha doğrusu, onun böyük potensialı imkan verib ki, o, artıq dünya dilləri içərisində öz layiqli yerini tutmuşdur”, – ifadəsi də Ulu Öndərimizə məxsusdur. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi dil siyasətini bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Latın qrafikasında kütləvi nəşrlərin meydana çıxması bu uğurun parlaq göstəricisidir. Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət – ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz dövlət başçısının təşəbbüsü ilə baş tutdu. Azərbaycan Respublikasının Prezidentinin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, həm də, əlifba ilə bağlı problemləri tamamilə həll etdi. Bu sərəncamla kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu. 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası”, 100 cildlik “Dünya uşaq ədəbiyyatı kitabxanası”, 100 cildlik “Azərbaycan ədəbiyyatı kitabxanası” seriyasından olan yeni nəşrlər respublika kitabxana şəbəkəsinin latın qrafikalı ədəbiyyat fondunu zənginləşdirdi. “Azərbaycan milli ensiklopediyasının nəşri haqqında” sərəncam imzalayan cənab Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin saxlanmasında ana dili və ədəbiyyatımızın başlıca amillərdən olduğunu dəfələrlə qeyd edərək deyib: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir”. Azərbaycan dilinin elektron məkanda da daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı tədbirlərin reallaşdırılması müstəsna əhəmiyyətə malikdir. Cənab Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsiilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Müstəqil dövlətimizin mövcudluğu, dilimizin qorunması, onun dünya dilləri içərisində layiqli yer tutması mühüm tarixi qələbədir. Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, Azərbaycan dilinin dövlət dilinə çevrilməsi, onun diplomatiya aləminə yol açması, bu dilin dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan daha bir uğurlu siyasətin nəticəsidir. Ulu Öndərin “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” – müdrik kəlamında ana dilimizə olan məhəbbəti hər bir soydaşımız üçün örnəkdir. Azərbaycan dili lüğət tərkibinin zənginliyinə görə inkişaf etmiş dillər sırasındadır. Azərbaycan dili Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Böyük tarixi inkişaf yolu keçmiş qədim, ədəbi dillərdən biridir. Azərbaycan dili tarixən geniş bir ərazidə ünsiyyət vasitəsi olmuşdur. Azərbaycan dilinin yayılma coğrafiyası Azərbaycanın sərhədlərindən geniş olmuşdur. Azərbaycan əlifbasının tarixi qədim dövrlərə gedib çıxır. Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında və inkişafında başlıca rol oynayır. Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan onun dilidir. Dil mədəniyyətin sadiq dayağıdır. Sadiq dayağıdır ona görə ki, mədəniyyət dil vasitəsilə başqalarına çatdırıla bilir. Məsələn, biz hər hansı bir bədii əsəri oxumaqla onun bədii dəyəri barədə məlumat əldə edirik. Biz ana dili vasitəsilə Nizamini, Nəsimini, Füzulini, Xətaini və digərlərini oxuya, onların yaradıcılığının özəlliklərini bir-birindən fərqləndirə bilirik. Dil millətin gücü və özüdür. Folklor nümunələrimizdən başlamış müasir ədəbiyyatımıza qədər yazılanların hər birində millətin ruhu vardır. Xalqın dil imkanlarının genişliyi onun ruhunun sərhədini, səviyyəsini əks etdirmək qabiliyyətinə malikdir. Doğrudan da, millətin dili onun ruhudur. Dilini itirən hər bir kəsin ruhu da ölür. Dil yaşamazsa milliliyin itirilməsilə yanaşı, millətlərin içərisində əriyib yox olurlar. Ulu Öndər Heydər Əliyev deyirdi: “Bizim hamımızı- azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir-ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda assimilyasiya prosesi də var. Ancaq insanlar gərək daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır.” 1 Avqust tarixi əlamətdar gün olaraq Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalamışdır. Ana dilimizin hərtərəfli inkişafı, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir. Ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi: “Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur”. Bu mənada Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində Ulu Öndərin səyləri xalqımız üçün əvəzedilməz töhfələrdir. Belə ki, dilimizlə bağlı hər bir məqamda Ulu Öndər Heydər Əliyevin nitqi yada düşür. Dahi şəxsiyyət Azərbaycan dövlətinin rəhbəri olduğu dövrlərdə ana dilinin sosial-siyasi, ideoloji problemləri ilə bilavasitə məşğul olub. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər gördü. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanın imzalanması olmuşdur. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmişdir. Tarixi əhəmiyyət kəsb edən bu sənəd dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynamışdır. Həmin Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Belə bir qurumun yaradılması ana dilimizin tətbiqi işinin təkmilləşdirilməsini daha səmərəli şəkildə tənzimləmək məqsədi daşıyırdı. Dilimizin tətbiqindəki problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına keçilməsi qərara alınmışdır. Müstəqilliyimizin ilk ilində latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Yalnız Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq Fərmanından sonra ana dilimizin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə başlanmışdır. Dilimizin zənginliklərinə dərindən bələd olan Ümummilli lider Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı Sərəncama əsasən hər il 1 avqust tarixi respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu, Azərbaycan dili tarixində əlamətdar və önəmli hadisədir. Dünya dillərinə nəzər salsaq görərik ki, bir çox dillərin də müəyyən tarixi hadisələrlə bağlı olaraq öz xüsusi günləri vardır. 1 avqust isə Azərbaycan əlifbası və Azərbaycan dili günü ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Bu gün hər bir azərbaycanlı Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevə minnətdar olmalıdır. Ana dilimizin gözəl bilicisi Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb. Qeyd etmək lazımdır ki, böyük siyasətçi, diplomat və dövlət başçısı üçün natiqlik olduqca vacibdir. Azərbaycanda siyasi natiqliyin eləcə də natiqlik sənətinin formalaşıb inkişaf etməsində də dahi şəxsiyyət Heydər Əliyevin rolu əvəzsizdir. Bildiyimiz kimi, dil lüğət fondu, qrammatik quruluşu, fonetik sistemi ilə təşəkkül tapmış ünsiyyət vasitəsidir. Nitq isə xalqın hər bir nümayəndəsinin bu ünsiyyət vasitəsindən fərqli istifadəsidir, ayrı-ayrı insanların danışığıdır. Hər hansı bir xalqın milli mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir. Gözəl nitq üçün, əsasən, iki şərt tələb olunur: Dilin ifadə imkanlarının genişliyi və bu dildə danışanın yüksək hazırlığı, yəni dilin ifadə imkanlarından düzgün şəkildə istifadə edilməsi. Dil faktlarını mükəmməl bilən Ulu Öndər onları düzgün qiymətləndirir və yerində onlardan istifadə edirdi. Nitq mədəniyyətinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyev səs tonuna və intonasiyaya xüsusi məna verməyi bacarırdı. O həmişə və hər yerdə Azərbaycan dilini üstün tutmuşdur. Bu siyasi natiqlikdə olduqca önəmlidir. Ulu Öndər Heydər Əliyev görkəmli siyasi natiq kimi nitqlərində dövlət işlərindən, dövlət əhəmiyyətli məsələlərin həllindən danışırdı. Onun nitqindən dərin məzmun və yüksək ideyalılıq duyulurdu. Ulu Öndərin xalqla bağlılığı onun nitqində də təzahür etmişdir. Görkəmli dövlət xadimi və siyasi natiq Heydər Əliyev bütün çıxışlarında Azərbaycan dilinin əzəmət və vüqarını önə çəkirdi. Bu gün müasir gəncliyin qarşısında böyük və məsuliyyətli vəzifələr dayanır. Hər bir gənc ana dilini dərindən öyrənməli, onun zəngin söz ehtiyatını mənimsəməlidir. Ana dilinə hörmət edən insan öz millətinə, mədəniyyətinə və keçmişinə də hörmət etmiş olur. Müasir dövrdə qloballaşma, internet və sosial şəbəkələrin sürətli inkişafı dilimizə həm müsbət, həm də mənfi təsirlər göstərir. Xarici sözlərin həddindən artıq işlədilməsi, sosial şəbəkələrdə orfoqrafiya və durğu işarələrinə laqeyd yanaşılması, sözlərin qısaldılaraq yazılması nitq mədəniyyətinə mənfi təsir göstərir. Buna görə də gənclər yazılı və şifahi nitqdə Azərbaycan dilinin qaydalarına riayət etməli, fikirlərini aydın, səlis və məntiqli ifadə etməyi bacarmalıdırlar. Nitq mədəniyyətinin formalaşmasında ailənin, məktəbin, müəllimlərin və kütləvi informasiya vasitələrinin böyük rolu vardır. Bədii ədəbiyyatın mütaliəsi, klassik və müasir Azərbaycan yazıçılarının əsərlərinin oxunması, eləcə də zəngin söz ehtiyatına malik insanların nitqini dinləmək gənclərin dil bacarıqlarını inkişaf etdirir. Oxuyan, araşdıran və daim öz üzərində çalışan gənclər daha savadlı, dünyagörüşlü və mədəni nitqə malik olurlar. Düzgün danışan və yazan insan ətrafındakılarda müsbət təəssürat yaradır, fikirlərinin çatdırılmasında və asan ünsiyyət qurmasında çətinlik çəkmir. Buna görə də hər bir gənc ana dilini sevməli, onun qaydalarını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməyə çalışmalıdır. Ana dilimizi qorumaq hər birimizin vətəndaşlıq borcudur. Çünki güclü dilə sahib olan xalq öz milli kimliyini, mədəniyyətini və dövlətçiliyini də daha möhkəm şəkildə qoruyub inkişaf etdirmək bacarığına malik olur. Cənab Prezident İlham Əliyev çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycanın gələcəyi bilikli, vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı gənclərdən asılıdır. O, gənclərin ana dilini mükəmməl bilməsini, milli kimliyini qorumasını və müasir biliklərə yiyələnməsini cəmiyyətin inkişafının əsas şərtlərindən biri kimi qiymətləndirmişdir. Dövlət başçısı çıxışlarında ana dilinin milli dəyərlərimizin ayrılmaz hissəsi olduğunu vurğulayaraq, gəncləri öz tarixinə, mədəniyyətinə və dilinə bağlı olmağa çağırmışdır. Hər bir gənc başa düşməlidir ki, ana dilini qorumaq yalnız dilçilərin və ya müəllimlərin deyil, bütün xalqın, xüsusilə də gənc nəslin vətəndaşlıq borcudur. Dilimizi nə qədər düzgün öyrənib gündəlik həyatımızda tətbiq etsək, milli kimliyimizi və mənəvi dəyərlərimizi də bir o qədər möhkəm qorumuş olarıq. Milli kimliyimizin əbədi sərvəti olan Ana dilimizə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır.
Məhsəti Məmmədova
“H.B.Zərdabi pr.59” (“4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi”) ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini