PDF Oxu

Siyasət

  • 463

Ana dili hər bir xalqın milli kimliyini və tarixini yaşadan sərvətidir - ŞƏRH

image

Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Bu əlamətdar gün xalqımızın milli-mənəvi dəyərlərinin əsasını təşkil edən ana dilimizin qorunmasına, inkişaf etdirilməsinə və gələcək nəsillərə saf şəkildə ötürülməsinə verilən önəmin bariz ifadəsidir.

Ana dili hər bir xalqın milli kimliyini, tarixini, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən böyük sərvətdir. Azərbaycan dili də əsrlər boyu xalqımızın dünyagörüşünü, adət-ənənələrini və tarixi yaddaşını qoruyaraq zəngin inkişaf yolu keçmişdir. Tarixin müxtəlif mərhələlərində qarşılaşdığı çətinliklərə baxmayaraq, dilimiz öz zənginliyini və ifadə imkanlarını qoruyub saxlamış, bu gün isə müstəqil Azərbaycanın dövlət dili kimi mühüm mövqeyə malik olmuşdur.

Azərbaycan dilinin inkişafı və dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun təşəbbüsü ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi uğurla başa çatdırılmış, 2001-ci ildə ölkə üzrə bu əlifbanın tam tətbiqi təmin edilmişdir. Həmin ilin müvafiq sərəncamı ilə hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilmişdir.

Heydər Əliyev ana dilinin milli varlığımız üçün əhəmiyyətini yüksək qiymətləndirərək deyirdi: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir." Bu fikir Azərbaycan dilinin xalqımızın milli kimliyində tutduğu müstəsna yeri aydın şəkildə ifadə edir.

Bu gün Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, ədəbi dil normalarına riayət olunması, rəqəmsal mühitdə istifadəsinin genişləndirilməsi və beynəlxalq aləmdə nüfuzunun artırılması istiqamətində mühüm dövlət proqramları və layihələr həyata keçirilir. Xüsusilə qloballaşma dövründə ana dilimizin yad təsirlərdən qorunması və gənc nəslin düzgün nitq mədəniyyətinə yiyələndirilməsi prioritet məsələlərdən biri kimi diqqətdə saxlanılır.

Azərbaycan dilinin inkişafı istiqamətində atılan mühüm addımlardan biri də latın qrafikalı nəşrlərin genişləndirilməsi olmuşdur. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncama əsasən Azərbaycan və dünya ədəbiyyatının seçilmiş nümunələri, ensiklopediyalar və digər dəyərli nəşrlər latın qrafikası ilə kütləvi şəkildə çap edilmişdir. Bu kitablar ölkənin kitabxanalarına, təhsil müəssisələrinə və mədəniyyət ocaqlarına pulsuz paylanılmış, gənc nəslin milli ədəbi irsə daha rahat çıxışı təmin olunmuşdur. Eyni zamanda, kiril qrafikasından latın qrafikasına keçid dövründə yaranmış çətinliklərin aradan qaldırılmasına mühüm töhfə verilmişdir.

Hazırda da Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Elektron resursların zənginləşdirilməsi, dilin rəqəmsal platformalarda istifadəsinin genişləndirilməsi, lüğət fondunun təkmilləşdirilməsi və ədəbi dil normalarının təbliği bu sahədə görülən işlərin əsas istiqamətlərindəndir.

Hər il 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə respublikanın müxtəlif bölgələrində elmi konfranslar, seminarlar, kitab sərgiləri, ədəbi-bədii gecələr, inşa və şeir müsabiqələri, maarifləndirici tədbirlər təşkil olunur. Bu tədbirlərin məqsədi ana dilimizin zənginliyini təbliğ etmək, gənc nəslə dilimizə sevgi aşılamaq və milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verməkdir.

Ana dili xalqın mənəvi varlığını yaşadan ən mühüm dəyərdir. Azərbaycan dilini qorumaq, onu düzgün öyrənmək, gündəlik həyatda ədəbi dil normalarına uyğun istifadə etmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin vətəndaşlıq borcudur.

İlkin Bağırov

YAP Babək rayon təşkilatının əməkdaşı

Digər xəbərlər