PDF Oxu

Siyasət

  • 591

Ümummilli Liderin uzaqgörən xətti və müasir dövlətçilik strategiyası - ŞƏRH

image

Hər bir xalqın milli kimliyini, tarixi yaddaşını, mədəni irsini və mənəvi dəyərlərini yaşadan, onu əsrlər boyu gələcək nəsillərə ötürən ən qüdrətli vasitə onun ana dilidir. Dil yalnız ünsiyyət vasitəsi deyil, eyni zamanda xalqın ruhu, təfəkkür tərzi və azadlıq şüurunun təcəssümüdür. Azərbaycan xalqı əsrlər boyu müxtəlif imperiyaların, siyasi fırtınaların və ideoloji təzyiqlərin təsirinə məruz qalsa da, öz ana dilini, milli ruhunu və özünəməxsusluğunu qoruyub saxlamağı başarmışdır. Bu tarixi zəfərin arxasında duran ən mühüm amillərdən biri isə dövlət səviyyəsində həyata keçirilən dil siyasəti, ana dilinə göstərilən ali diqqət və qayğıdır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən dil siyasəti bu sahədə dönüş nöqtəsi olmuş, bu gün isə həmin müqəddəs siyasi xətt Möhtərəm Prezident İlham Əliyev tərəfindən böyük inam, qətiyyət və ardıcıllıqla davam etdirilməkdədir. Hər il 1 Avqust tarixində təntənə ilə qeyd olunan Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü məhz bu tarixi varisliyin, milli qürurun və dövlətçilik təfəkkürünün parlaq təzahürüdür.

Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsi, funksional imkanlarının genişlənməsi və tətbiq sahələrinin möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Hələ Sovet Rejimi dövründə, ideoloji buxovların və mərkəzi hakimiyyətin sərt nəzarətinin hökm sürdüyü 1970-ci illərdə Ulu Öndər müstəsna cəsarət və siyasi iradə nümayiş etdirərək ana dilimizin mühafizəsi istiqamətində tarixi adımlar atmışdır. 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması həmin dövrün siyasi reallıqları kontekstində gerçək bir qəhrəmanlıq aktı idi. Ümumilli Lider Heydər Əliyev yaxşı dərk edirdi ki, müstəqilliyə gedən yol məhz milli şüurun, mədəniyyətin və dilin qorunmasından keçir. O, bütün rəsmi tədbirlərdə, möhtəşəm yubileylərdə və beynəlxalq kürsülərdə ana dilində nitq söyləməklə dilimizə qarşı ehtiramı bir dövlət prinsipi səviyyəsinə qaldırmış, ziyalıları, yazıçılıarı və dilçiləri bu müqəddəs işə səfərbər etmişdir.

Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dili özünün həqiqi inkişaf və çiçəklənmə mərhələsinə qədəm qoydu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğunun digər mühüm sahələri ilə yanaşı, dil siyasətini də prioritet istiqamət kimi müəyyənləşdirdi. 1995-ci ildə ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu bir daha təsbit olundu. Bu, yalnız hüquqi normanın müəyyənləşdirilməsi deyil, milli dövlətçiliyin təməl sütunlarının möhkəmləndirilməsi idi. Ulu Öndərin "Hər bir xalqın milli mədəniyyəti, mənəviyyatı onun dili ilə bağlıdır. Dilini sevməyən, dilini bilməyən insan öz xalqını, öz vətənini sevə bilməz" kəlamı müasir Azərbaycan cəmiyyətinin mənəvi xartiyasına çevrildi.

Ümummilli Liderin ana dilimizin tətbiq dairəsinin genişləndirilməsi və latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin təmin olunması istiqamətində imzaladığı tarixi fərmanlar dövlətçilik tariximizin qızıl səhifələridir. 18 İyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman ana dilinin ölkənin siyasi, ictimai, iqtisadi və mədəni həyatındakı mövqeyini köklü şəkildə möhkəmləndirdi. Bu Fərmanla latın qrafikalı Azərbaycan əlifbasına tam keçid təmin olundu, dövlət idarələrində, mətbuatda, təhsil və elmdə kiril əlifbasının istifadəsinə son qoyuldu. 9 Avqust 2001-ci il tarixli Fərmanla hər il Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis edildi. Bu qərarlar ölkədə dil quruculuğu sahəsində tam bir dönüş yaratdı, latın qrafikalı əlifbanı müstəqil Azərbaycanın rəsmi və vahid yazı sisteminə çevirdi.

1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü yalnız tarixi bir təqvim günü deyil, milli qürur, dövlətçilik təfəkkürü və mənəvi birlik günüdür. Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə sürdürülməsi ana dilimizin bundan sonra da əbədi yaşamasına, dövlətçiliyimizin rəmzi kimi daha da ucalmasına təminat verir. Ana dilimizi sevmək, onu yad təsirlərdən qorumaq, saflığını saxlamaq və gənc nəsilə aşılamaq müstəqil Azərbaycanın hər bir övladının ən ali vəzifəsi olaraq qalmaqdadır.

Varis Rüstəmov,

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri

Digər xəbərlər