1 Avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu günün qeyd olunması xalqımızın milli-mənəvi dəyərlərinə, dövlətçilik ənənələrinə və tarixi yaddaşına ehtiramın ifadəsidir. Dil hər zaman dövlətlərin və xalqların taleyində strateji rola malik olub. Azərbaycan dili əsrlər boyu xalqımızın tarixi yaddaşını, mədəniyyətini, ədəbiyyatını və mənəvi sərvətlərini qoruyub saxlayıb. Tarixin ən mürəkkəb dövrlərində belə ana dilimiz xalqımızın milli varlığını yaşatmış, müstəqillik ruhunun formalaşmasına xidmət etmişdir. Bu gün Azərbaycan dilinin dövlət dili kimi möhkəm hüquqi əsaslara malik olması isə Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin və Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsinin nəticəsidir.
Sovetlər dövründə milli dillərin sıxışdırılması siyasəti sistemli şəkildə həyata keçirilirdi. Ana dili məsələsini gündəmə gətirmək böyük siyasi risk hesab olunurdu. Keçmişdə milli dil uğrunda mübarizə aparan ziyalıların repressiyalara məruz qalması bu sahədə ciddi qorxu mühiti yaratmışdı.
Belə bir mürəkkəb şəraitdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev böyük siyasi iradə nümayiş etdirərək ana dilimizin hüquqlarının qorunmasını prioritet məsələlərdən birinə çevirdi. O, Azərbaycan dilinin dövlət dili kimi tanınması uğrunda ardıcıl və prinsipial mübarizə apardı, ziyalıları və cəmiyyəti bu müqəddəs məqsəd ətrafında birləşdirdi.
1978-ci ilin aprelində isə Azərbaycan SSR Konstitusiyasının müzakirəsi zamanı Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyanın 73-cü maddəsində “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” müddəasının təsbit olunmasına nail olundu. O dövrün siyasi reallıqları fonunda bu addım böyük cəsarət və uzaqgörənlik nümunəsi idi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə dövlət dilinin hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsində dövlət dilinin Azərbaycan dili olması təsbit edildi. Bununla da ana dilimiz müstəqil dövlətimizin əsas atributlarından biri kimi konstitusion təminat qazandı.
2001-ci il iyunun 18-də imzalanmış “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə dövlət dilinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı oldu. Bu Fərman əsasında Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı və dil siyasətinin vahid şəkildə həyata keçirilməsi üçün mühüm mexanizm formalaşdırıldı.
Elə həmin il avqustun 9-da Ümummilli Lider Heydər Əliyev “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanı imzaladı. Bu sənədə əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
2002-ci ildə qəbul edilən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun isə dövlət dilinin hüquqi statusunu daha da möhkəmləndirdi. Qanunda Azərbaycan dilinin dövlətçiliyimizin əsas atributlarından biri olduğu xüsusi vurğulandı və onun qorunması, inkişaf etdirilməsi dövlətin əsas vəzifələrindən biri kimi müəyyən edildi.
Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, “dil hər bir millətin milliliyinin əsasıdır”.
Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin də mühüm istiqamətlərindən biridir. 2004-cü ildə latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi ilə bağlı sərəncamlar, Azərbaycan Milli Ensiklopediyasının nəşri, dünya klassiklərinin Azərbaycan dilində çapı ana dilimizin inkişafına mühüm töhfələr verdi.
2013-cü ildə təsdiq edilmiş Dövlət Proqramı, 2018-ci ildə imzalanan “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam Azərbaycan dilinin mövqeyinin gücləndirilməsinə xidmət etdi.
Həmin ilin noyabrında imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dil normalarına əməl olunması istiqamətində yeni mərhələ açdı.
2025-ci il 31 iyul tarixli Fərmanla isə Azərbaycan dilinin tətbiqinə, dil normalarına əməl olunmasına nəzarət və dilin inkişafının təmin edilməsi sahəsində səlahiyyətlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə edildi. Bu qərar dövlət dilinin qorunması istiqamətində institusional mexanizmlərin daha da gücləndirilməsinin göstəricisidir.
Qloballaşma dövründə xarici sözlərin həddindən artıq istifadəsi, sosial şəbəkələrin təsiri, televiziya və internet məkanında dil normalarının pozulması Azərbaycan dili qarşısında yeni çağırışlar yaradır. Prezident İlham Əliyevin də söylədiyi kimi, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.”
Dövlət başçımız da hesab edir ki, dilimizi qorumasaq, milli kimliyimiz də zərər görə bilər. Bu baxımdan media, təhsil müəssisələri, elm adamları, yazıçılar, jurnalistlər və bütövlükdə cəmiyyət Azərbaycan dilinin saflığının qorunmasına xüsusi məsuliyyətlə yanaşmalıdır.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı üçün Azərbaycan dili milli mənsubiyyətin əsas göstəricilərindən biridir. Azərbaycan dilinin qorunması yalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Ailədə, məktəbdə, ali təhsil müəssisələrində, mediada, sosial şəbəkələrdə və ictimai həyatda ədəbi dil normalarına riayət edilməsi milli mədəniyyətimizin inkişafına xidmət edir.
Nigar Məmmədova
Milli Məclisin deputatı