Zaman-zaman Fransanın bəzi üzüqara olmuş bəd niyyətli hakimiyyət nümayəndələri, eləcə də özünü dünya ictimaiyyətinə hələ də prezident kimi təqdim edən E.Makron Azərbaycana qarşı qərəzli yanaşmalar nümayiş etdirib, əsassız ittihamlar səsləndirib. 30 il Azərbaycan torpaqlarının erməni işğalında qalmasında Fransanın işğalçıya böyük miqyasda hərbi, siyasi, maliyyə dəstəyi olub. Azərbaycanda erməni əsilli hərbi caniləri dəstəkləyən addımlar atıb, terrorçuları qoynunda bəsləyib və onları Azərbaycan ərazilərinə göndərib. Dəfələrlə separatçı ideoloqlar Parisdə yüksək səviyyədə qəbul ediliblər. Bu kimi həyasız addımlarla yanaşı, Makronun sifarişlərinin qulu olan hakim partiyanın nümayəndələri Fransa parlamentində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına qoyan, onlara xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul ediblər. Eyni zamanda, erməni terrorçu dəstələri ilə sıx əlaqələdə olduqlarını gizlətməyərək Qarabağdakı keçmiş qondarma separatçı rejimlə dostluq qrupları formalaşdırıblar. 44 günlük Vətən müharibəsi dönəmində də Fransa hakimiyyəti Azərbaycana qarşı erməni maraqlarından çıxış etməkdən, pozucu, təxribatçı mövqe nümayiş etdirməkdən çəkinmədi. Hətta bu üzdəniraq Fransa rejimi müharibənin gedişində Ermənistana hər cür dağıdıcı gücə malik silah-sursat, hərbi texnika ötürməkdən çəkinmədi. Lakin hər cür hərbi, siyasi dəstəyə baxmayaraq Azərbaycan Ermənistanı, həm də Fransanı məğlub etdi, Paşinyanı ağ bayraq qaldırmağa və təslimçilik aktını imzalamağa məcbur etdi. Bundan sonra Fransa hakimiyyəti Azərbaycana qarşı açıq mübarizədən çəkinərək, gizli fəaliyyətə başladı. Bu məqsədlə ölkəmizə müxtəlif yollarla casuslar göndərildi, Bakıda və regionlarda agentura şəbəkələri qurmağa cəhdlər göstərdi. Ancaq bu cür iyrənc fəaliyyətləri də nəticəsiz qaldı. Fransa maraqlarına xidmət edən, müxtəlif vasitələrlə casusluq missiyasını yerinə yetirənlər Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən aşkar edilərək, həbs olundular.
Fransa casusunun həbs olunması ilə yeni faktlar üzə çıxdı
Həbs olunan Fransa casuslarından biri də özünü "Merkorama" MMC-nin baş direktoru kimi təqdim etmiş, əslində, Fransa xüsusi xidmət orqanlarının yüksək rütbəli zabiti olan Martin Rayandır. İstintaq araşdırması ilə məlum olmuşdur ki, Martin Rayan Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış, əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, bir sıra xarici dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib. Təqsirləndirilən Fransa vətəndaşı Martin Ryan azərbaycanlı Azad Məmmədlini Bakı şəhərində Fransanın xüsusi xidmət orqanlarının əməkdaşları ilə görüşdürüb. Azad Məmmədliyə görəcəyi işlərin qarşılığında xarici vətəndaşlıq vəd olunub. Təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı casusluq ittihamı irəli sürülüb. Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryana AR Cinayət Məcəlləsinin 276-cı (casusluq) maddəsi, AR vətəndaşı Azad Məmmədliyə isə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəmə prosesində onların cinayət əməlləri sübuta yetirilib və məhkəmənin hökmü ilə Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Qərarla razılaşmayan casuslar yuxarı instansiya məhkəməsinə şikayət ünvanlayıblar. İyulun 30-da Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, müdafiə tərəfinin verdiyi şikayət təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Fransa hakimiyyəti casus şəbəkə yetişdirdiyi üçün üzr istəməlidir
Diqqətçəkən məqam ondan ibarətdir ki, Fransa hakimiyyəti məhkəmənin ədalətli qərarını qəbul edib, casus şəbəkə yetişdirdiyinə görə Azərbaycan xalqından üzr istəməkdənsə, fərqli yol tutdu. Yenə də əsassız iddia, şər və böhtanlarla öz iyrənc əməllərini və fəaliyyətlərini ört-basdır etməyə çalışdılar. Fransanın Avropa və Xarici İşlər Nazirliyi bir qədər də irəli gedərək diplomatik etket qaydalarını pozaraq məhkəmə prosesini şübhə altına almağa cəhdlər göstərib. Bununla yanaşı, yenə də Makronun sayıqlamlarına, Fransa parlamentinin dezinformasiya tipli informasiyalarını səsləndirməkdən çəkinməyib və ölkəmizə qarşı əsassız ittihamlar irəli sürülüb. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Martin Rayana hökm ilə bağlı Fransanın Avropa və Xarici İşlər Nazirliyinin bəyanatını şərh edərkən iddiaları qətiyyətlə rədd edib. Bildirilir ki, Martin Rayan barəsində cinayət işi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq araşdırılıb və təqdim edilmiş sübutlar və ona qarşı irəli sürülən ittihamlar əsasında məhkəmə qərar qəbul edib. Apelyasiya instansiyasının qərarı da Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində həyata keçirilmiş məhkəmə prosesinin nəticəsidir: “Bu baxımdan, Fransa tərəfinin məhkəmə proseslərinə siyasi don geyindirməsi, Azərbaycan məhkəmələrinin fəaliyyətinə müdaxilə xarakteri daşıyan bəyanatlar verməsi, “əsassız saxlanılma” və “ədalətsiz məhkəmə araşdırması” ilə bağlı iddialar irəli sürməsi qəbuledilməzdir”.
Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə onu da bildirib ki, məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsin prosessual hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi və ölkəmizin beynəlxalq öhdəliklərinə uyğun şəkildə təmin olunub. Fransa səfirliyinin konsulluq nümayəndələrinin də bütün məhkəmə iclaslarında iştirak etməsi prosesin şəffaf şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. XİN Fransa tərəfini Azərbaycan Respublikasının suverenliyinə, daxili işlərinə və müstəqil məhkəmə sisteminə hörmət etməyə, habelə ikitərəfli münasibətlərə zərər vuran əsassız ittihamlardan çəkinməyə çağırıb.
Hesab etmək olar ki, bundan sonra Fransa dövləti, onun separatçılara dəstək verən, maliyyələşdirən hakim zümrəsi reallıqları qəbul edəcək və əməllərinə görə rəsmi qaydada üzr istəyəcəklər. Əgər belə bir addım atılmasa, deməli, onlar reallıq hissini itiriblər və separatçılardan heç nə ilə fərqlənmirlər.
İ.ƏLİYEV