Ana dili xalqın varlığının ən başlıca göstəricisi, ən böyük milli-mənəvi sərvətidir. Milli dil hər bir xalqın, millətin özünəməxsusluğunu, tarixi keçmişini və mədəniyyətini, zəngin söz xəzinəsini, inanc və ənənələrini, əxlaqi davranışları və dünyagörüşünü özündə daşıyan, əsrlərdən-əsrlərə çatdıran əvəzsiz milli sərvətdir. Ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, “xalqı xalq edən, milləti millət edən onun ana dilidir”. Azərbaycan dilinin hazırda dünya dilləri sırasında özünəməxsus yeri var. Prezident İlham Əliyevin sözləri ilə desək, “ana dilimiz öz imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik quruluşunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir”. Tarixin müxtəlif dönəmlərində ölkəmizin ayrı-ayrı imperiyalar tərkibində olmasına baxmayaraq, Azərbaycan dili öz varlığını qoruyub saxlamış, tarixin amansız və sərt sınaqlarından üzüağ, şərəflə çıxmış, zaman-zaman cilalanaraq saflaşmışdır. Cəsarətlə demək olar ki, Azərbaycan dili hazırkı qloballaşma dövründə - elmin, texnikanın görünməmiş sürətlə irəli getdiyi çağımızda bütün sahələr üzrə hər hansı bir anlayışı incəliyinə qədər ifadə etməyə qadir olan zəngin və seçkin dünya dillərindən biridir.Ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, mövcud problemlərini də daim diqqət mərkəzində saxlamış və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atmışdır. Həmin tədbirlər sırasında “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli fərman xüsusi yer tutur. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Belə ki, fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Fərmanda həmçinin müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şəraitin yaranması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi vəzifə olaraq qarşıya qoyulurdu. Fərmanda Azərbaycan dilinin tarixi ilə xalqımızın tarixi arasında sıx və qırılmaz tellər olduğu vurğulanır və dil siyasətinin azərbaycançılıqla bağlılığı qeyd olunurdu.Bu tarixi fərmanda müstəqil Azərbaycan dövlətinin dil siyasətinin mərkəzində iki başlıca ideya dayanırdı. Birincisi, Azərbaycan dilinin dövlət dili kimi qorunması, ikincisi isə - bu dilin dövlət dili səviyyəsində inkişafı üçün hər cür imkan və şəraitin yaradılması.Fərman çərçivəsində ilk növbədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmış və “Azərbaycan Respublikasında Dövlət dili” haqqında qanun layihəsinin hazırlanması barədə müvafiq qurumlara göstəriş verilmişdi. Bundan əlavə, ölkənin müxtəlif nazirlik, idarə və təşkilatlarında dövlət dilinin və latın əsaslı Azərbaycan əlifbasının tətbiqi, ali təhsil ocaqlarında və orta məktəblərdə Azərbaycan dilinin tədrisinin yaxşılaşdırılması qarşıya vəzifə olaraq qoyulurdu. Fərmanda həmçinin Azərbaycan dilçiliyinin müxtəlif sahələri üzrə sanballı elmi araşdırmaların nəşri də başlıca məsələlər sırasında yer alırdı. Bu tarixi qərarda eyni zamanda Azərbaycan dilinin və latın əsaslı Azərbaycan əlifbasının yerlərdə tətbiqi işinə nəzarətin gücləndirilməsi və ölkədə çap olunan mətbuat orqanlarının, kitabların 2001-ci il avqustun 1-nə qədər bütövlükdə latın əsaslı Azərbaycan əlifbasına keçidi bir vəzifə olaraq müvafiq orqanlar və dövlət qurumları qarşısında qoyulurdu. Qeyd edək ki, ulu öndərin Azərbaycan dili ilə bağlı bu mühüm fərmanından irəli gələn bütün məsələlər tezliklə öz müsbət həllini tapdı və bir sıra tədbirlər həyata keçirildi.
Pərviz Hacıyev,
Neftçala rayon Mirzəqurbanlı kənd orta məktəbin direktoru, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri