Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gənclərinin və könüllülərinin birgə “Yay məktəbi”nin iştirakçıları üçün Qusar rayonunda təlim və istirahət düşərgəsi təşkil edilib.
Düşərgədə “Siyasi partiyalar və siyasi kampaniyalar” mövzusunda simulyasiya oyunu keçirilib. Gənclər komandalar şəklində mövzuya uyğun materiallar hazırlayıb, süni intellektin dəstəyi ilə rəmzləri formalaşdırıb, “ən uğurlu namizəd” nominasiyası üzrə yarışıblar.
Sonra gənclər üçün ebru sənəti üzrə master-klas keçirilib. Təlim zamanı ebru sənətinin tarixi, sirrləri, istifadə olunan xüsusi boyalar və alətlər haqqında ətraflı məlumat verilib. Qeyd edilib ki, ebru sənətindən terapiya növü kimi də istifadə edilir. Belə ki, hiss və düşüncələrin rənglərlə və naxışlarla ifadə olunduğu bu sənət növü insanların emosional vəziyyətinin stabilləşməsinə, əhval-ruhiyyəsinin yüksəldilməsinə və təxəyyülün inkişafına müsbət təsir edir.
Su üzərində naxışların yaradılması əyani olaraq mərhələli şəkildə izah olunub və hər bir gənc öz fərdi kompozisiyasını hazırlayıb.
Daha sonra düşərgənin oğlan və qız istirakçıları arasında “master-şef” yarışması keçirilib. Komanda şəklində yarışan gənclər bu sahədə də bacarıqlarını nümayiş etdiriblər.
“Yay məktəbi”nin iştirakçıları üçün Qusar rayonunda təşkil olunan təlim və istirahət düşərgəsi onlarda yüksək təəssürat formalaşdırıb.