PDF Oxu

Siyasət

  • 837

Sabitliyə və dayanıqlı inkişafa xidmət - ŞƏRH

image

Məlum olduğu kimi, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər hər iki ölkənin xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib və son illərdə dinamik inkişaf yolu keçərək keyfiyyətcə yeni mərhələyə yüksəlib. Dövlət başçıları arasında formalaşmış qarşılıqlı etimada əsaslanan fəal siyasi dialoq, hökumətlərarası əməkdaşlıq mexanizmlərinin səmərəli fəaliyyəti, beynəlxalq və regional təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstək ikitərəfli əlaqələrin strateji məzmununu zənginləşdirərək daha da gücləndirib.

Azərbaycan Prezidentinin Qırğızıstana dövlət səfəri iki dost və qardaş ölkə arasında münasibətlərin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.Səfər çərçivəsində keçirilən Azərbaycan Respublikası və Qırğız Respublikası Dövlətlərarası Şuranın 3-cü iclası siyasi dialoqun daha da möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi əməkdaşlığın genişləndirilməsi,humanitar əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və Türk dünyasında inteqrasiyanın möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İyulun 30-dan avqustun 1-nədək Qırğızıstanın evsahibliyi ilə ilk dəfə keçirilən "Mərkəzi Asiya-Azərbaycan" Sammiti də ikitərəfli və çoxşaxəli əməkdaşlığın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən müstəsna platforma rolunu oynayacaq. Bu Zirvə görüşü Azərbaycanın Mərkəzi Asiya regionu ilə sıx inteqrasiyasının, qarşılıqlı faydalar verən tərəfdaşlığının və formalaşan yeni Avrasiya geoiqtisadi reallığının növbəti təzahürüdür.
Xüsusi vurğulanmalıdır ki, "Mərkəzi Asiya-Azərbaycan" görüşü Bakının regionla münasibətlərində yeni statusun formalaşdığını nümayiş etdirir. Azərbaycan çox əmin addımlarla Mərkəzi Asiya ilə əməkdaşlıq edən tərəf mövqeyindən həmin geosiyasi məkanın qərarlarının hazırlanmasında iştirak edən strateji aktora çevrilir. Bişkekə səfər çərçivəsində Qırğızıstanla "Müttəfiqlik münasibətləri haqqında Müqavilə"nin imzalanması da nəzərdə tutulub ki, bu da Azərbaycan-Qırğızıstan münasibətlərində uzunmüddətli və ardıcıl siyasi fəaliyyətin nəticəsidir.
Bakı və Bişkek əlaqələri qarşılıqlı hörmətə, etimada və strateji tərəfdaşlığa əsaslanan, gələcəyə hesablanmış əməkdaşlıq modelidir. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu əlaqələr siyasi dialoqdan iqtisadi əməkdaşlığa, parlament diplomatiyasından humanitar münasibətlərə qədər bütün istiqamətlər üzrə davamlı inkişaf edir. Son illərdə həyata keçirilən yüksəksəviyyəli səfərlər, fəal işləyən Dövlətlərarası Şura mexanizmi və imzalanan 105 sənəd münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldib.
İki ölkə arasında iqtisadi göstəricilər də yüksəlməkdədir. 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən üç dəfə artaraq 13,67 milyon dollara çatıb. Azərbaycanın Qırğızıstana məhsul ixracı 10,53 milyon dollara yüksəlib. Maliyyə-investisiya mexanizmləri də sürətlə işə düşür. Nizamnamə kapitalı 100 milyon dollara çatdırılan Azərbaycan-Qırğız İnkişaf Fondu artıq ümumi dəyəri 52,7 milyon dollar olan strateji biznes layihələrini maliyyələşdirib.
Ölkələrimiz arasında enerji təhlükəsizliyi və yanacaq tədarükü sahəsində də əməkdaşlıq dərinləşir. Qırğızıstan daxili bazarının neft məhsulları təminatı və tədarükün şaxələndirilməsi məqsədilə Azərbaycana müraciət edərək, Bakını öz enerji təhlükəsizliyinin etibarlı tərəfdaşı kimi gördüyünü nümayiş etdirib.
Səfərin əhəmiyyətini vurğulayan İlham Əliyev:”Bu gün biz Sizinlə qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsinə birgə səylərimizi bir daha nümayiş etdirərək, dövlətlərarası münasibətlərimizi ən yüksək səviyyəyə qaldırdıq” fikrini bildirib.
Mətbuata birgə bəyanatında Azərbaycan və Qırğızıstanın bütün təşəbbüslərdə bir-birini bundan sonra da dəstəkləyəcəyini bildirən dövlətimizin başçısı vurğulayıb: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.
Bu səfər onu göstərir ki, Azərbaycan–Qırğızıstan münasibətləri artıq ənənəvi dostluq və siyasi dialoq çərçivəsini əhəmiyyətli dərəcədə genişləndirərək strateji iqtisadi tərəfdaşlıq mərhələsinə qədəm qoyur. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız iki dost və qardaş dövlətin əməkdaşlığı deyil, həm də Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirən, regional sabitliyə və dayanıqlı inkişafa xidmət edən mühüm strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.
Bütün bunlar deməyə əsas verir ki, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və Dövlətlərarası Şuranın 3-cü iclası yalnız mövcud əməkdaşlıq mexanizmlərinin nəzərdən keçirilməsi ilə məhdudlaşmır.Qəbul edilən qərarlar Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi müttəfiqlik, iqtisadi inteqrasiya, investisiya tərəfdaşlığı və humanitar əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirilməsi üçün yeni strateji çərçivə formalaşdırır.Bu isə iki qardaş ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı,Türk dünyasında əməkdaşlığın möhkəmləndirilməsi və regionda dayanıqlı inkişafın təşviqi baxımından da mühüm əhəmiyyət daşıyır.Azərbaycan Qafqaz ilə Mərkəzi Asiya arasındakı körpü, Qırğızıstan Şərqi Asiyaya açılan mühüm bağlantı, Türk Dövlətləri Təşkilatı isə bu böyük coğrafiyanın siyasi koordinat sistemi kimi formalaşır. Qarşıdakı mərhələnin uğuru isə imzalanacaq sənədlərin praktiki nəticələri ilə müəyyən olunacaq. Əminik ki,imzalanacaq sənədlərin praktiki nəticələri böyük uğurlar qazandıracaq.

SEYFƏDDİN ƏLİYEV

YAP Masallı rayon təşkilatının sədri

Digər xəbərlər