PDF Oxu

Siyasət

  • 1 157

"Böyük Qayıdış yalnız bərpa deyil, gələcəyin qurulmasıdır" - ŞƏRH EDİLDİ

image

"Böyük Qayıdış proqramı planlı və ardıcıl şəkildə davam edir. Bu çərçivədə həqiqətən də taleyüklü və genişmiqyaslı layihələr uğurla həyata keçirilir. Söhbət ilk növbədə yol və nəqliyyat infrastrukturunun yaradılmasından, yeni avtomobil yollarının çəkilməsindən, tunellərin tikilməsindən, körpülərin salınmasından, kommunikasiya və digər mühüm infrastruktur layihələrinin reallaşdırılmasından gedir".Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.O bildirib ki, işğaldan azad olunmuş ərazilərin bütün bölgələrində fundamental quruculuq işləri aparılır. Əsas məqsəd həmin ərazilərdə davamlı həyatın formalaşdırılması, insanların öz doğma yurdlarına təhlükəsiz və layiqli şəkildə qayıtması, orada özlərini rahat və əmin hiss etmələridir:"Bu baxımdan dövlət başçısının əsas yanaşması ondan ibarətdir ki, Böyük Qayıdış proqramı tələsik və plansız şəkildə həyata keçirilməməlidir. Bu proses sistemli, mərhələli və dövlət proqramı əsasında icra olunmalıdır. İnsanlar öz doğma torpaqlarına layiqli şəraitdə qayıtmalı, onların yaşayışı üçün bütün zəruri imkanlar yaradılmalıdır.Bu gün işğaldan azad olunmuş ərazilərdə yeni şəhərlər, qəsəbələr və kəndlər salınır. Eyni zamanda "ağıllı kənd" və "ağıllı şəhər" layihələri həyata keçirilir. Bu layihələrdə müasir texnologiyaların, innovativ həllərin və qabaqcıl beynəlxalq təcrübənin tətbiqinə xüsusi diqqət yetirilir."Ağıllı kənd" anlayışını tez-tez vurğulamağımız təsadüfi deyil. Çünki bu, özünəməxsus və müasir inkişaf modelidir. Belə yaşayış məntəqələrində bütün sistemlər rasional şəkildə qurulur, texniki və texnoloji imkanlardan səmərəli istifadə edilir, insanların gündəlik ehtiyacları funksional və müasir yanaşmalar əsasında təmin olunur.Böyük Qayıdış proqramı əsasən Azərbaycanın öz maliyyə imkanları hesabına həyata keçirilir. Bununla yanaşı, prosesdə xarici şirkətlər, beynəlxalq korporasiyalar və Azərbaycanla tərəfdaşlıq, o cümlədən strateji əməkdaşlıq münasibətlərinə malik ölkələrin şirkətləri də iştirak edirlər.Bu şirkətlər və tərəfdaşlar layihələrin miqyasını və əhəmiyyətini yaxşı anlayırlar. Onlar dərk edirlər ki, Böyük Qayıdış proqramı Azərbaycan dövləti və xalqı üçün yalnız iqtisadi və ya prestij məsələsi deyil. Bu proqram həm də Azərbaycan dövlətinin quruculuq potensialını nümayiş etdirən, ölkənin imkanlarını göstərən və beynəlxalq səviyyədə diqqətlə izlənilən mühüm sınaqdır.Azərbaycan necə ki, Vətən müharibəsində böyük iradə, cəsarət və qəhrəmanlıq nümayiş etdirdi, quruculuq və bərpa işlərində də yüksək səviyyəli nəticələr ortaya qoymağı qarşısına məqsəd kimi müəyyən edib.Əsas məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil. Həmin bölgələrdə müasir, təhlükəsiz, dayanıqlı və yeni inkişaf mərhələsinə uyğun yaşayış məkanları formalaşdırmaqdır.Təbii ki, belə böyükmiqyaslı layihələri bir neçə gün və ya qısa müddət ərzində həyata keçirmək mümkün deyil. Bu proses vaxt, böyük maliyyə vəsaiti, geniş resurslar, peşəkar kadr potensialı və innovativ yanaşmalar tələb edir.Müasir dövrdə innovasiyalar həyatımızın və inkişaf proseslərinin ayrılmaz hissəsinə çevrilib. Buna görə də işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında innovativ texnologiyaların və müasir həllərin tətbiqi xüsusi əhəmiyyət daşıyır.Bəzi hallarda xarici şirkətlərin və texnologiyaların imkanlarından istifadə olunsa da, Azərbaycan bu sahədə xarici asılılığın yaranmamasına da diqqət yetirir. Ölkəmizin milli şirkətləri həm Azərbaycanda, həm də xarici ölkələrdə fəaliyyət göstərir, yeni bilik və bacarıqlara yiyələnir, müasir texnologiyalarla işləmək təcrübəsi qazanırlar.Milli şirkətlərimizin özünəməxsus baxışları, innovativ yanaşmaları və novatorluq potensialı var. Onların Böyük Qayıdış proqramında fəal iştirakı həm milli iqtisadiyyatın inkişafı, həm də yerli şirkətlərin təcrübəsinin və imkanlarının genişlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.Burada əsas məqamlardan biri də Azərbaycanın öz imkanlarını təsdiq etməsidir. Biz özümüzə və dünyaya göstəririk ki, bu böyük və taleyüklü layihəni həyata keçirmək gücünə və potensialına malikik.Söhbət geniş ərazinin yenidən qurulmasından, həmin torpaqların həyata qaytarılmasından və əvvəlkindən daha müasir, daha təhlükəsiz və daha əlverişli yaşayış məkanlarına çevrilməsindən gedir.Bu, Azərbaycan üçün həm mənəvi borc, həm də dövlətin öz xalqı qarşısında götürdüyü mühüm öhdəlikdir. İnsanların öz doğma yurdlarına qayıtması, orada layiqli şəraitdə yaşaması və bölgələrin davamlı inkişafının təmin edilməsi Böyük Qayıdış proqramının əsas məqsədlərindəndir.Hesab edirəm ki, dövlət başçısının müəyyən etdiyi strateji kurs və qarşıya qoyduğu tələblər həm müasir dövrün, həm də gələcəyin ehtiyaclarına cavab verir.Bu gün həyata keçirilən layihələr yalnız cari dövr üçün nəzərdə tutulmur. Onlar uzunmüddətli perspektivə hesablanır və gələcək nəsillərin ehtiyaclarını da nəzərə alır.Bu baxımdan Azərbaycanın seçdiyi inkişaf kursunun düzgün olduğunu düşünürəm. Mövcud imkanlardan səmərəli istifadə edilir, layihələr mərhələli şəkildə həyata keçirilir və ölkənin iqtisadi potensialına uyğun addımlar atılır.Xaricdən gələn qonaqlar və Azərbaycanın beynəlxalq tərəfdaşları da işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin şahidi olurlar. Onlar Azərbaycanın bu böyük sınağın öhdəsindən uğurla və peşəkarlıqla gəldiyini qeyd edir, ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyini vurğulayırlar.Bu da göstərir ki, Böyük Qayıdış proqramı yalnız Azərbaycanın daxili inkişaf layihəsi deyil, həm də beynəlxalq səviyyədə diqqət çəkən və nümunə kimi qiymətləndirilən mühüm quruculuq modelidir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər