PDF Oxu

Siyasət

  • 1 031

"Çolpan-Atada keçirilən görüş siyasi etimadın yüksək səviyyəsini nümayiş etdirdi" - POLİTOLOQ

image

"Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri, səfər çərçivəsində imzalanan sənədlər, eləcə də Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirilən təkbətək görüş iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun davamlı xarakter aldığını nümayiş etdirən mühüm diplomatik hadisədir. Belə görüşlər dövlət başçılarına ikitərəfli münasibətlərin ən aktual istiqamətlərini açıq və səmimi mühitdə müzakirə etmək, regional və beynəlxalq gündəlikdə yer alan məsələlər üzrə mövqeləri uzlaşdırmaq imkanı yaradır".Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə,bu baxımdan Çolpon-Atada baş tutan görüş Azərbaycan–Qırğızıstan strateji tərəfdaşlığının növbəti mərhələsinə keçidi təsdiqləyən mühüm siyasi mesajdır:"Son illərdə Bakı ilə Bişkek arasında münasibətlər nəzərəçarpacaq dərəcədə intensivləşib. Dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif sahələr üzrə imzalanan sənədlər və həyata keçirilən birgə layihələr göstərir ki, tərəflər əməkdaşlığı uzunmüddətli strateji maraqlar əsasında inkişaf etdirirlər. Təkbətək görüş də məhz bu siyasi iradənin ifadəsi olmaqla yanaşı, gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Görüş zamanı iqtisadiyyat, investisiya, nəqliyyat, energetika, rəqəmsal inkişaf və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərinin müzakirəsi münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir.Bu görüşün diqqətçəkən məqamlarından biri regional əməkdaşlıq gündəliyinin ön plana çıxmasıdır. Azərbaycan Cənubi Qafqaz ilə Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin genişlənməsində mühüm rol oynayır. Qırğızıstan isə Mərkəzi Asiyanın perspektivli iqtisadiyyatlarından biri kimi regional layihələrdə iştirakını artırmağa çalışır. Dövlət başçılarının müzakirələri Orta Dəhlizin inkişafı, tranzit imkanlarının genişləndirilməsi və yeni logistika marşrutlarının formalaşdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu əməkdaşlıq bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyasına və Avrasiya məkanında yeni əməkdaşlıq platformalarının formalaşmasına töhfə verir.Eyni zamanda, təkbətək görüş Türk Dövlətləri Təşkilatı çərçivəsində siyasi həmrəyliyin daha da möhkəmləndirilməsinin göstəricisi kimi dəyərləndirilə bilər. Azərbaycan və Qırğızıstan ortaq tarix, mədəniyyət və dəyərlərə söykənən münasibətləri konkret iqtisadi və strateji layihələrlə zənginləşdirərək təşkilat daxilində əməkdaşlığın praktik nəticələrini artırmağa çalışırlar. Bu yanaşma Türk dünyasında qarşılıqlı etimadın və koordinasiyanın gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.Ümumiyyətlə isə Çolpon-Atada Prezident İlham Əliyev ilə Prezident Sadır Japarov arasında keçirilən təkbətək görüşü təkcə diplomatik protokol xarakter daşıyan görüş olaraq dəyərləndirmək düzgün olmazdı. Bu görüş iki dost və qardaş ölkə arasında siyasi etimadın yüksək səviyyəsini, ortaq strateji baxışın mövcudluğunu və regional əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində qəti iradəni nümayiş etdirir".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər