Həmkarlar ittifaqları işçilərin sosial təminat və əmək hüquqlarının qorunmasında mühüm rol oynayan təşkilatlardan biridir. Praktikada bu qurumlar işçilərin hüquqlarını daha yaxından müdafiə etmək imkanına malikdir. Bunun əsas səbəbi həm onların müstəqil fəaliyyət göstərməsi, həm də çoxsaylı işçiləri əhatə etməsidir. Bu amillər həmkarlar ittifaqlarına əmək hüquqlarının müdafiəsini daha effektiv şəkildə həyata keçirməyə şərait yaradır.Bu sözləri SİA-ya deputat Vüqar Bayramov deyib.O bildirib ki, son illərdə həmkarlar ittifaqlarında institusional, struktur və kadr islahatlarının aparılması bu qurumların sosial məsələlərdə rolunun daha da artmasına səbəb olub. Əsas məqsəd isə həmkarlar ittifaqlarının əmək hüquqlarının qorunmasındakı funksiyasını gücləndirməkdir:“Hazırda həmkarlar ittifaqları işçilərə müxtəlif istiqamətlərdə dəstək göstərirlər. Sanatoriya və istirahət mərkəzlərinə göndərişlərin verilməsi, maddi yardımların göstərilməsi, həssas qrupların və ailələrin himayəyə götürülməsi bu fəaliyyətlərə daxildir. Bütün bunlar həmkarlar ittifaqlarının sosial təminat sahəsindəki rolunu əhəmiyyətli dərəcədə artırır.Bununla yanaşı, növbəti mərhələdə beynəlxalq təcrübəyə uyğun olaraq, həmkarlar ittifaqlarının işçilərin əmək hüquqlarının müdafiəsində daha fəal iştirak etməsi vacibdir. Bu istiqamətdə fəaliyyətin genişləndirilməsi, həmkarlar ittifaqlarının müstəqil şəkildə proseslərə təsir imkanlarının artırılması, eləcə də dövlət və özəl sektorda çalışan işçilərlə daha sıx əməkdaşlığın qurulması zəruridir.Maliyyələşmə baxımından isə həmkarlar ittifaqları əsasən üzvlərin aylıq üzvlük haqları hesabına fəaliyyət göstərir. Bununla yanaşı, bu sahəyə dövlət dəstəyi də mövcuddur. Əgər həmkarlar ittifaqlarının əmək münasibətlərində və sosial təminat sahəsində rolu daha da gücləndirilərsə, dövlətin bu istiqamətdə maliyyə dəstəyinin artırılması da məqsədəuyğun hesab oluna bilər”.
Ayşən Vəli