PDF Oxu

Siyasət

  • 666

Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yeni mərhələyə qədəm qoyur - TƏHLİL

image

Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafına xüsusi diqqət göstərir. Daha doğrusu, bu ölkələrlə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın əsas məqsəd və hədəflərindəndir. Prezident İlham Əliyev Qırğızıstanın Çolpon- Ata şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının görüşündə qeyd etdi ki, Mərkəzi Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “2023-cü ilin əvvəlindən bu günə qədər o, Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 səfər edib, onun həmin ölkələrdən həmkarları isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Bu statistika münasibətlərin dinamikasından və yaxınlığından açıq şəkildə xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.

Prezident İlham Əliyev onu da bildirdi ki, bundan sonra da Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək: “Sizi əmin etmək istəyirəm ki, Azərbaycan məşvərət formatının fəal üzvü olacaq və öz tərəfindən əməkdaşlığın daha da inkişaf etdirilməsi, ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşması üçün bütün səyləri göstərəcək”.

Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən də Qırğızıstanla iqtisadi, sosial, humanitar və digər sahələr üzrə geniş əməkdaşlıq münasibətlərinə malikdir. Rəsmi məlumata görə, yalnız 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 30 milyon ABŞ dollarına yaxın olub. Son 6 ay ərzində Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. 2025- ci də isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub. Bu göstəricilər Qırğızıstanın regionun ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə çevrildiyini göstərir. Azərbaycan isə nəqliyyat-logistika infrastrukturu, enerji layihələri və investisiya mühitinin inkişafı sahəsində topladığı təcrübə ilə Qırğızıstan üçün mühüm tərəfdaş rolunu oynayır. Ona görə də, iki dost, qardaş türk dövləti olaraq Azərbaycanla Qırğızıstan bir-birinə hər bir sahə üzrə dəstək göstərirlər. Təbii ki, bu əlaqələrin yüksələn xətlə inkişaf etdirilməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun müstəsna rolları var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğızıstan Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərində keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki qardaş ölkə arasında əməkdaşlığın hüquqi və siyasi bazasını strateji tərəfdaşlıqdan daha yüksək – müttəfiqlik səviyyəsinə yüksəltdi. Bu sənəd yalnız ikitərəfli münasibətlər üçün deyil, bütövlükdə Türk dünyasının siyasi inteqrasiyası baxımından tarixi əhəmiyyət daşıyır. Bu müqavilənin imzalanması həm də tarixi hadisədir.

Səfər zamanı Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən Prezident İlham Əliyevin ölkənin ən ali mükafatlarından olan birinci dərəcəli “Manas” ordeni ilə təltif edilməsi Prezident İlham Əliyevin nəinki iki ölkə arasında əlaqələrin inkişafına, ümumilikdə Türk Dünyasının inkişafına verdiyi mühüm töfhələrin yüksək dəyəridir. Prezident İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarovu Azərbaycanın ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə mükafatlandırması da xüsusi siyasi və mənəvi məna daşıyır. Bu addım qarşılıqlı hörmətin, etimadın və müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəsinin rəmzidir.

Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi zamanı çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov bildirdi ki, ölkələrimiz arasında dostluğun möhkəmləndirilməsinə Sizin sadiqliyiniz qırğız xalqında dərin hörmət hissləri doğurur. Məhz bu səbəbə görə əziz dostum və qardaşım, Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin qırğız respublikasının ali dövlət mükafatı – “Manas” ordeni ilə təltif olunması qərarını qəbul etdim. Bu yüksək mükafat Sizin Qırğızıstan–Azərbaycan münasibətlərinin möhkəmlənməsinə şəxsi töhfənizin təsdiqidir: “Qırğız Respublikasının xalqı adından və şəxsən öz adımdan Sizi bu yüksək mükafat münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, əmin-amanlıq və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzulayıram”.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, bizim mehriban, dost və qardaş münasibətlərimiz ölkələrimiz arasında bugünkü uğurlu inkişafın mühüm amilidir: “Həmçinin mənim ünvanıma söylədiyiniz xoş sözlərə, bu yüksək ordenə görə Sizə səmimi minnətdarlığımı bildirirəm və Sizi əmin edirəm ki, Qırğızıstan-Azərbaycan münasibətlərinin ölkələrimizin və xalqlarımızın rifahı naminə davamlı inkişafı üçün bundan sonra da bütün səylərimi göstərəcəyəm. Belə yüksək mükafata görə bir daha ürəkdən təşəkkür edirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev onu da bildirdi ki, bu yüksək mükafatı təqdim etməzdən əvvəl, Sadır Nurqojoyeviç, şəxsən Sizi, Sizin komandanızı, qardaş qırğız xalqını Qırğızıstanın Sizin rəhbərliyiniz ilə qazanılan tarixi nailiyyətlər münasibətilə bir daha təbrik etmək istərdim. Mən Qırğızıstana ilk dəfə deyil ki, səfər edirəm, amma məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib.Lakin bütün bunlar məhz qardaş Qırğızıstan xalqının ölkə Prezidenti kimi yüksək vəzifəni Sizə etimad etməsindən sonra baş verir. Dəyişiklikləri hamı görür. Bunları həm dostlar, həm də ölkəyə gələn xarici müşahidəçilər görürlər. Onları görməmək mümkün deyil. Hətta bu gün İssık-Kul rayonunda müşahidə etdiklərimiz də Sadır Nurqojoyeviçin Qırğızıstana rəhbərliyi olmadan təsəvvür etmək mümkün deyil. Qırğız torpağının bu gözəl guşəsi hazırda ən əsas inkişaf dövrünü keçirir. Tarixdə heç kim heç vaxt belə qısa müddətdə burada gördüyümüz güclü inkişafın şahidi olmayıb. Bu, şəxsən Sizin xidmətinizdir. Sizin öz xalqınıza, öz köklərinizə, Qırğız xalqının yüksək mənəvi dəyərlərinə sədaqətinizdir və Qırğızıstanı yeni inkişaf səviyyəsinə yüksəltmək səylərinizdir. Siz buna nail olursunuz. Bu gün Sizin ölkənizin beynəlxalq nüfuzu ən yüksək səviyyədədir və Qırğızıstanın beynəlxalq ali orqana seçilməsi bunu təsdiq edir.

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Qırğızıstan Prezidenti Sadır Japarov çıxışında əminliklə bildirib ki, bu səfər qardaş münasibətlərimizin möhkəmlənməsinə yeni impuls verəcək. Qırğızıstan ilə Azərbaycan bir-birini daim dəstəkləyir və qarşılıqlı maraq doğuran məsələlər üzrə mövqelərini uğurla əlaqələndirir. Məmnunluqla qeyd edirəm ki, Qırğızıstanla Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir. Müntəzəm təmaslar və qarşılıqlı etimad bu gün qurulan müttəfiqlik münasibətləri üçün möhkəm zəmin yaradır.

Prezident Sadır Japarov qeyd etdi ki, gələcəkdə də işgüzar əlaqələrin genişlənməsi, müştərək investisiya layihələrinin həyata keçirilməsi üçün əlverişli şərait yaradılmasına dair razılıq əldə etdik. Bu gün Azərbaycan-Qırğızıstan Fondunun fəaliyyəti çərçivəsində 3 birgə layihənin açılışı oldu və 8 təşəbbüsün həyata keçirilməsinə start verildi.

Nəqliyyat dəhlizlərinin inkişafı və ölkələrimizin tranzit potensialından səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət yetirdik. Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən Orta Dəhlizin əsas bəndi kimi mühüm rolunu qeyd etdik. Həmçinin energetika sahəsində perspektivli istiqamətləri və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə etdik. Bu gün İssık-Kul gölü sahilində Azərbaycanın inşa etdiyi ilk 5 ulduzlu hotelin təntənəli açılışı olacaq.

Çıxışının sonunda Prezident Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi VI Ümumdünya Köçəri Oyunlarının təntənəli açılış mərasimində, “ŞƏT+” Sammitində, həmçinin 2027-ci il oktyabrın 21-23-də keçiriləcək “Bişkek+25” ikinci Qlobal Dağ Sammitində iştiraka dəvət edib.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında iki ölkə arasında qurulan müttəfiqlik münasibətlərinə yönəltdi. Bildirdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik: “Siz qeyd etdiyiniz kimi, bu gün imzalanan sənədlər zərfi qarşılıqlı fəaliyyətimizin geniş sferasını nümayiş etdirir. Əminəm ki, səfərimin nəticələrinə görə əldə olunan razılaşmalar da əvvəlkilər kimi uğurla həyata keçiriləcək.Bu gün biz birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin iki dəfə - 200 milyon dollara qədər artırılması barədə razılıq əldə etdik. Əminəm ki, bu da son hədd deyil, çünki Fondun fəaliyyəti üzrə bizə nümayiş etdirilən təqdimat konkret məzmunla zənginləşir. Qırğızıstanda həyata keçirilən çoxlu layihə var və onlar birgə istehsal, yeni iş yerləri yaradır, qarşılıqlı fəaliyyətimizin iqtisadi potensialını möhkəmləndirir. Həmçinin bu gün həmkarlarımızla bizim birgə qərarımız olan “Bakı” hotelinin açılışında da iştirak edəcəyik. Biz çox sevinirik və fəxr edirik ki, İssık-Kulun sahilində ilk beşulduzlu hotel Azərbaycan dövlətinin vəsaiti ilə inşa edilib və “Bakı” adını daşıyır”.

Prezident İlham Əliyev Qarabağın bərpasına göstərilən köməyə görə Qırğızıstana minnətdarlıq etdi: “Sizinlə birlikdə Ağdam rayonunda “Manas” adını daşıyan məktəbin açılışında iştirak etdik. Bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.Bizi tarix, mədəniyyət, xalqlarımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Bakıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir”.

İ.ƏLİYEV

Digər xəbərlər