“İssık-Kulda Azərbaycan, Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentlərinin birlikdə “Issyk-Kul Golf Resort” kompleksində Qolf Klubunun açılışında iştirak etməsi ilk baxışdan iqtisadi və turizm layihəsi kimi görünsə də, əslində region dövlətləri arasında artan etimadın və çoxtərəfli əməkdaşlığın daha bir göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.Onun sözlərinə görə, son illər Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoq və iqtisadi əməkdaşlıq nəzərəçarpacaq dərəcədə genişlənib:“Prezident İlham Əliyevin bu formatda iştirakı Azərbaycanın regionda etibarlı tərəfdaş və inteqrasiya proseslərinin fəal təşəbbüskarı kimi rolunun daha da möhkəmləndiyini göstərir.Bu cür layihələr yalnız turizm infrastrukturunun inkişafına xidmət etmir. Eyni zamanda dövlətlər arasında qarşılıqlı etimadı möhkəmləndirən, biznes dairələri üçün yeni imkanlar yaradan və investisiya əməkdaşlığını stimullaşdıran platformalar formalaşdırır.Bu gün dünya təcrübəsində böyük idman və istirahət kompleksləri iqtisadi diplomatiyanın mühüm alətlərindən biri hesab olunur. Belə layihələr beynəlxalq investisiyaların cəlb edilməsinə, regionun turizm potensialının tanıdılmasına və dövlətlər arasında qeyri-rəsmi siyasi dialoqun inkişafına əlavə imkanlar yaradır.Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində keçirilən bu tədbirdə digər Mərkəzi Asiya ölkələrinin liderləri ilə birlikdə iştirak etməsi Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya ilə münasibətlərinin yalnız siyasi deyil, iqtisadi, humanitar və sosial istiqamətlər üzrə də ardıcıl inkişaf etdiyini nümayiş etdirir.Belə çoxtərəfli platformalar gələcəkdə Orta Dəhliz, nəqliyyat-logistika, turizm, investisiya və yaşıl iqtisadiyyat istiqamətində yeni regional layihələrin reallaşdırılmasına da müsbət təsir göstərəcək.Prezident İlham Əliyevin bu tədbirdə iştirakı Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmin növbəti təzahürüdür. Bu, eyni zamanda, dövlətlər arasında qarşılıqlı etimadın, dostluğun və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm siyasi mesaj kimi qiymətləndirilməlidir”.
Müəllif: Arzu Qurbanlı