Hər bir xalqın milli mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas təminatçısıdır. Ana dili hər bir xalqın milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Doğma Ana dilimiz olan Azərbaycan dili xalqımızın milli sərvətidir. Azərbaycan xalqının ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Ana dili dövlət rəmzlərimiz olan himnimiz, gerbimiz, bayrağımız kimi müqəddəsdir. “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu. Həmin Qanun 2002-ci il 30 sentyabr tarixində qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Həmin Qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu tənzimləyir.Bu gün Azərbaycan dilinə sahib çıxmaq-dövlətçiliyimizə, müstəqilliyimizə və gələcəyimizə sahib çıxmaq deməkdir. Çünki biz bir xalq olaraq nə qədər güclü, nə qədər müasir və inkişaf etmiş olsaq da, öz ana dilimizi yaşatmadan heç bir halda bütöv ola bilmərik. Ulu Öndər demişkən: “Biz fəxr edirik ki, müstəqil Azərbaycanın dövlət dili olan Azərbaycan dili dünya dilləri içərisində layiqli yerini tutmuşdur”Minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dili xalqımızın qədimliyinin simvolu, qürur mənbəyidir. Bu gün müstəqil bir dövlətimizin mövcudluğu dilimizin qorunması, dünya dilləri içərisində layiqli yer tutması baxımından vacib tarixi imkandır. Məhz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti bu sahədə əldə etdiyimizi uğurların əsasını təşkil edir.Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasətini bu gün Prezidenti İlham Əliyev uğurla, qürurla, əzmlə, hədsiz sevgi ilə davam etdirir. İmzaladığı Fərman və sərəncamlarla Azərbaycan dilinin inkişafına böyük qayğı göstərən ölkəmizin başçısı bütün çıxışlarında ana dilimizin saflığının qorunması məsələlərindən xüsusi ilə vurğulayır.
Nigar Sadıqova,
Neftçala rayon Boyat kənd İnzibati Ərazi Nümayəndəsinin müavini, YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri