PDF Oxu

Siyasət

  • 545

​Azərbaycan dili xalqımızın qürur mənbəyi, dövlətçiliyimizin rəmzidir - ŞƏRH

image

Dil hər bir xalqın varlığının, milli təfəkkürünün, tarixinin və mənəvi irsinin əsas daşıyıcısıdır. Dünyada elə bir xalq yoxdur ki, öz dilini qorumadan milli müstəqilliyini və varlığını saxlaya bilsin. Azərbaycan xalqı üçün də ana dili sadəcə bir ünsiyyət vasitəsi deyil, əsrlər boyu qorunub saxlanılan, formalaşan və zənginləşən müqəddəs bir dəyərdir. Hər il 1 Avqust tarixində ölkəmizdə qeyd edilən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bu dəyərə verilən ali qiymətin və dövlət qayğısının bariz nümunəsidir.Azərbaycan dilinin və əlifbasının inkişaf tarixi zəngin və mürəkkəb bir yol keçmişdir. Əsrlər boyu xalqımız ərəb qrafikalı əlifbadan istifadə etmiş, lakin XIX əsrin ortalarından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla bir çox ziyalılarımız əlifbanın yenilənməsi və daha asan qavranılması ideyasını irəli sürmüşlər.XX əsr isə Azərbaycanın yazı tarixində əsaslı dönüş nöqtələri ilə yadda qaldı. ​1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan sonra 1928-ci ildə latın qrafikalı əlifbaya keçid rəsmiləşdirildi.1939-cu ildə isə Sovet rejiminin siyasi qərarları nəticəsində latın əlifbası kirill qrafikası ilə əvəz olundu.1991-ci il dən etibarən Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kirill əlifbasından yenidən latın qrafikalı Azərbaycan əlifbasına keçid haqqında Qanun qəbul edildi.​Lakin latın əlifbasına tam və hərtərəfli keçidin təmin olunması müəyyən zaman tələb edirdi. Bu prosesin yekunlaşdırılması və rəsmi status alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndər Heydər Əliyev 18 iyun 2001-ci il tarixində Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Fərman imzaladı. Bu tarixi fərmanla 2001-ci il avqustun 1-dən etibarən ölkədə bütün rəsmi sənədləşmələrin, mətbuatın və kargüzarlığın tam şəkildə latın qrafikalı Azərbaycan əlifbası ilə aparılması təmin edildi.
​Bunun davamı olaraq, 9 avqust 2001-ci il tarixli Fərmanla 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təsis olundu. Bu addım ana dilimizin qorunması, inkişaf etdirilməsi və Latın qrafikasının tam bərqərar olması yolunda tarixi bir dönüş nöqtəsi oldu. ​Azərbaycan dili xalqımızın qürur mənbəyi, dövlətçiliyimizin rəmzidir. Şah İsmayıl Xətainin, Şəhriyarın, Füzulinin, Nəsiminin, Vaqifin bizə əmanət etdiyi bu zəngin xəzinəni qorumaq, onu gələcək nəsillərə təmiz və zəngin şəkildə ötürmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

İsmayıl Ağayarov

​YAP Şərur rayon təşkilatının fəal üzvü

Digər xəbərlər