1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü xalqımızın milli-mənəvi dəyərlərinin, tarixi irsinin və milli kimliyinin təntənəsidir. Bu əlamətdar gün ana dilimizin zənginliyini, saflığını və dövlətçilik tariximizdəki əvəzsiz rolunu bir daha xatırladır. Azərbaycan dili əsrlər boyu xalqımızın mədəniyyətini, adət-ənənələrini, ədəbiyyatını və mənəvi dəyərlərini yaşadaraq nəsildən-nəslə ötürmüşdür.
Azərbaycan dili dünyanın ən qədim və zəngin türk dillərindən biridir. Bu dil dahi şairlərimizin, mütəfəkkirlərimizin və görkəmli yazıçılarımızın yaratdığı ölməz əsərlərlə daha da zənginləşmiş, xalqımızın milli sərvətinə çevrilmişdir. Ana dilimiz milli birliyimizin əsas sütunlarından biri olmaqla yanaşı, dövlət müstəqilliyimizin də mühüm rəmzidir.
Müstəqillik illərində Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Latın qrafikalı Azərbaycan əlifbasına tam keçid milli-mədəni dəyərlərimizin qorunması və dünya ilə inteqrasiyanın gücləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyan qərar olmuşdur. Bu mühüm islahat nəticəsində Azərbaycan əlifbası müasir dövrün tələblərinə uyğunlaşdırılmış, elm, təhsil və informasiya mühitində daha geniş imkanlar yaradılmışdır.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilinin inkişafına xüsusi diqqət yetirmiş, onun saflığının qorunmasını hər bir vətəndaşın müqəddəs borcu kimi qiymətləndirmişdir. Məhz onun imzaladığı sərəncamla 1 Avqust "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü" kimi təsis edilmişdir. Bu qərar ana dilimizin dövlətçilik tarixindəki rolunun daha da möhkəmləndirilməsinə xidmət edən mühüm addım olmuşdur.
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də Azərbaycan dilinin inkişafı, onun beynəlxalq aləmdə tanıdılması, informasiya məkanında düzgün istifadəsi və gələcək nəsillərə saf şəkildə çatdırılması istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirilir. Dövlət başçısının qeyd etdiyi kimi, "Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik-müstəqil Azərbaycan dövləti." Bu fikir hər bir Azərbaycan vətəndaşı üçün böyük məsuliyyət və qürur mənbəyidir.
Ana dilimizi qorumaq təkcə dilimizi düzgün danışmaq deyil, həm də milli kimliyimizi, tariximizi və mədəniyyətimizi qorumaq deməkdir. Xüsusilə gənc nəslin Azərbaycan dilini yüksək səviyyədə mənimsəməsi, ədəbi dil normalarına riayət etməsi və onu sevərək yaşatması ölkəmizin gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ana dilimizin daim uca tutulmasını, zənginləşməsini və gələcək nəsillərə saf şəkildə ötürülməsini arzulayırıq. Azərbaycan dili bizim milli qürurumuz, dövlətçiliyimizin dayağı və xalqımızın əbədi mənəvi sərvətidir. Ana dilimizi sevək, qoruyaq və onu gələcək nəsillərə ən böyük milli irs kimi əmanət edək.
1 Avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə Yeni Azərbaycan Partiyasının rəhbərliyini və böyük YAP ailəsini səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni-yeni uğurlar, dövlətimizə və xalqımıza xidmət yolunda daim yüksək nailiyyətlər arzulayıram. Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, Azərbaycan dilimizin saflığının, zənginliyinin və milli-mənəvi dəyərlərimizin qorunması naminə göstərdiyiniz səylərin bundan sonra da uğurla davam edəcəyinə inanıram. Qoy Azərbaycan dili daim ucalarda olsun, dövlətimizin gücü və xalqımızın birliyi əbədi yaşasın!
Mikayıl Səlimov
Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının üzvü,
SOCAR Kompleks Qazma İşləri Trestinin əməkdaşı