“Şəhərsalma və Memarlıq İli” çərçivəsində avqust ayının 3-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı M.Mirqasımov küçəsi 2 üzrə (Respublika Pediatriya Mərkəzi) ərazi partiya təşkilatında seçki yığıncağı keçirib.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov, yerli təşkilatın sədr müavini, mərkəzin şöbə müdirləri, həkim heyəti və digər şöbələri təmsil edən tibbi kollektivin Yeni Azərbaycan Partiyasının üzvləri iştirak ediblər. Yığıncaq Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin, eləcə də Vətən müharibəsində canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
İclasın sədri, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov çıxış edərək, seçki yığıncaqlarının partiyanın daxili nizam-intizamının möhkəmləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi və yerli təşkilatların fəaliyyətinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib. A.Süleymanov qeyd edib ki, Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanmış, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçiliyin inkişafı və milli həmrəyliyin təmin olunmasında mühüm rol oynamış siyasi təşkilatdır. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və ölkənin hərtərəfli inkişafına mühüm töhfələr verir.
Çıxış zamanı son illərdə Azərbaycanın siyasi, iqtisadi və sosial sahələrdə qazandığı nailiyyətlərdən bəhs edən rayon təşkilatının sədri, ölkənin güclü dövlətə çevrilməsində həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıb. O, 2020-ci ildə əldə olunan tarixi Zəfərin Azərbaycanın dövlətçilik tarixində mühüm mərhələ olduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqın birliyi nəticəsində ölkənin ərazi bütövlüyünün tam bərpa edildiyini diqqətə çatdırıb.
Azər Süleymanov çıxışında səhiyyə sahəsinin dövlət siyasətində xüsusi yer tutduğunu da qeyd edib. O bildirib ki, son illərdə ölkədə müasir tibb müəssisələrinin yaradılması, səhiyyə infrastrukturunun gücləndirilməsi, tibb müəssisələrinin yeni avadanlıqlarla təmin olunması, həkimlərin peşəkarlığının artırılması və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Sağlam cəmiyyətin güclü dövlətin əsas dayaqlarından biri olduğunu vurğulayan A.Süleymanov səhiyyə işçilərinin bu istiqamətdə üzərinə böyük məsuliyyət düşdüyünü bildirib. O, partiya üzvlərinin qarşısında duran əsas vəzifənin dövlətə, Prezidentə və milli dəyərlərə sadiq qalmaq, Yeni Azərbaycan Partiyasının ideyalarını layiqincə təbliğ etmək və vətəndaşlara vicdanla xidmət göstərməkdən ibarət olduğunu diqqətə çatdırıb. Rayon təşkilatlarının vətəndaşlarla sıx təmasda olmasının, onların müraciət və təkliflərinə həssas yanaşmasının dövlət-vətəndaş birliyinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
Azər Süleymanov ərazi partiya təşkilatlarının partiyanın əsas dayaqlarından biri olduğunu vurğulayaraq, onların səmərəli fəaliyyətinin ümumi işin uğuruna birbaşa təsir göstərdiyini qeyd edib. O, Respublika Pediatriya Mərkəzinin ərazi partiya təşkilatının ötən dövr ərzində fəallığı ilə seçildiyini, ictimai-siyasi proseslərdə və partiyanın həyata keçirdiyi tədbirlərdə yaxından iştirak etdiyini xüsusi qeyd edib. Çıxışının sonunda A.Süleymanov Yeni Azərbaycan Partiyasının üzvlərinin bundan sonra da ölkənin inkişafı, dövlətçiliyin möhkəmləndirilməsi və milli həmrəyliyin daha da gücləndirilməsi istiqamətində birgə fəaliyyət göstərəcəklərinə əminliyini ifadə edib.
Daha sonra, Respublika Pediatriya Mərkəzinin direktoru Erkin Rəhimov çıxış edib. O çıxışında Azərbaycan Respublikasında səhiyyənin inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri olduğunu, son illərdə ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, tibb müəssisələrinin yenidən qurulması, yeni xəstəxanaların və poliklinikaların istifadəyə verilməsi, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində mühüm işlər görüldüyünü qeyd edib. Bu inkişafın əsasında dövlətimizin insan amilinə verdiyi yüksək dəyərə əsaslandığını, Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi sosialyönümlü siyasət və ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə reallaşdırılan islahatlar nəticəsində səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunmasından, xüsusilə də səhiyyə infrastrukturunun gücləndirilməsi, müasir tibbi avadanlıqların alınması, icbari tibbi sığorta sisteminin tətbiqi və əhalinin keyfiyyətli tibbi xidmətə çıxış imkanlarının genişləndirilməsinin bu siyasətin uğurlu nəticələri olduğunu bildirib. Erkin müəllim onu da bildirib ki, uşaqlar xalqın gələcəyidir, sağlam gələcək isə sağlam uşaqlardan başlayır. Məhz buna görə də pediatriya sahəsi dövlətimizin xüsusi diqqət və qayğı göstərdiyi sahələrdən biridir. Ana və uşaq sağlamlığının qorunması, körpələrin sağlam inkişafı, peyvənd proqramlarının uğurla həyata keçirilməsi, erkən diaqnostika və profilaktik tədbirlərin genişləndirilməsi ölkəmizdə həyata keçirilən səhiyyə siyasətinin mühüm tərkib hissəsidir.
Bu sahədə çalışan hər bir pediatr, tibb bacısı və səhiyyə işçisi yalnız peşə borcunu yerinə yetirmir, eyni zamanda gələcəyimizin sağlam təməlini formalaşdırır. Hər bir sağlam uşaq sabahın güclü vətəndaşı, dövlətimizin inkişafına töhfə verəcək bir şəxsiyyətidir. Buna görə də pediatriya sahəsində çalışan əməkdaşların əməyinə verilən yüksək qiymət tamamilə təbiidir. O, həmçinin çıxışının sonunda dövlətimizin səhiyyəyə göstərdiyi diqqət və qayğı, Yeni Azərbaycan Partiyasının sosial siyasəti və səhiyyə işçilərinin fədakar əməyi sayəsində ölkəmizdə bu sahə daha da inkişaf edəcəyinə, xalqımıza göstərilən tibbi xidmət daha yüksək səviyyəyə yüksələcəyinə olan inamından da söz açıb.
Daha sonra ərazi partiya təşkilatının sədr müavini, Qarayev adına Uşaq Kliniki Xəstəxanasının Transfuziya kabinetinin müdiri Şəhla Quliyeva çıxış edərək, iclas zamanı səsləndirilən fikirləri dəstəklədiyini bildirib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əsas fəaliyyət prinsipi xalqına xidmət etmək, ölkənin inkişafına və dövlətçiliyin möhkəmləndirilməsinə töhfə verməkdir.
Ş.Quliyeva vurğulayıb ki, hər bir partiya üzvü öz fəaliyyət sahəsində vicdanla çalışmaqla dövlətə və cəmiyyətə ən layiqli xidməti göstərmiş olur. O, pediatriya sahəsində çalışan həkim kimi uşaqların sağlamlığının qorunmasına dövlət tərəfindən göstərilən diqqət və qayğının nəticələrini gündəlik fəaliyyətində yaxından müşahidə etdiyini bildirib. O, müasir tibbi infrastrukturun yaradılması, səhiyyə sahəsində aparılan islahatlar və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin tibb işçilərinin məsuliyyətini daha da artırdığını diqqətə çatdırıb.
Şəhla Quliyeva çıxışının sonunda bugünkü müzakirələrin qarşıya qoyulan vəzifələrin uğurla həyata keçirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib, Respublika Pediatriya Mərkəzinin kollektivi olaraq bundan sonra da həm peşəkar fəaliyyətlərində, həm də ictimai-siyasi həyatda Yeni Azərbaycan Partiyasının dəyərlərinə sadiq qalacaqlarını vurğulayıb.
Daha sonra Qarayev adına Uşaq Kliniki Xəstəxanasının baş tibb bacısı çıxış edərək, səhiyyə işçilərinin üzərinə düşən məsuliyyətin hər zaman yüksək olduğunu bildirib. O qeyd edib ki, dövlət tərəfindən səhiyyə sahəsinə göstərilən diqqət və qayğı, tibb müəssisələrində yaradılan müasir şərait, eləcə də səhiyyə işçilərinə verilən dəyər onların daha məsuliyyətlə və fədakarlıqla fəaliyyət göstərməsinə stimul verir. Baş tibb bacısı vurğulayıb ki, pediatriya sahəsində çalışan orta tibb işçiləri uşaqların sağlamlığının qorunması və keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində böyük məsuliyyət daşıyırlar. O, bu sahədə çalışan hər bir tibb bacısının peşə etikası, humanist yanaşması və yüksək peşəkarlığının sağlam gələcəyin formalaşmasında mühüm rol oynadığını qeyd edib. Çıxışının sonunda baş tibb bacısı kollektiv adından dövlətimizin səhiyyəyə göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, bundan sonra da öz peşə fəaliyyətlərini vicdanla davam etdirərək, uşaqların sağlamlığının qorunması naminə əzmlə çalışacaqlarını bildirib. Yığıncaqda ərazi partiya təşkilatının sədri olaraq, Respublika Pediatriya Mərkəzinin direktoru Rəhimov Erkin Xəyyam oğlunun, sədr müavini olaraq isə, Qarayev adına Uşaq Kliniki Xəstəxanasının Transfuziya kabinetinin müdiri Quliyeva Şəhla Aslan qızının namizədliyi irəli sürüldü və təklif səsə qoyuldu. Rəhimov Erkin Xəyyam oğlu yekdilliklə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının “M.Mirqasımov küçəsi 2” (Respublika Pediatriya Mərkəzi) ünvanında fəaliyyət göstərən ərazi partiya təşkilatının sədri, Quliyeva Şəhla Aslan qızı isə sədr müavini seçildi.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.