Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin tarixində yeni səhifə açdı. Bugünkü geosiyasi şəraitdə Azərbaycan və Qırğızıstan nümayiş etdirirlər ki, ortaq tarix, dil və mədəni irs müasir iqtisadi və siyasi əməkdaşlıqla tamamlandıqda, Türk dünyasında daha güclü inteqrasiya və qarşılıqlı etimada əsaslanan yeni inkişaf modeli formalaşır. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Müqavilə” ikitərəfli əlaqələrin hüquqi bazasını gücləndirməklə yanaşı, Türk dünyasında inteqrasiyanın daha da dərinləşdiyini nümayiş etdirdi. Bu səfər siyasi dialoqun genişlənməsi, iqtisadi əməkdaşlığın yeni mərhələyə keçməsi, nəqliyyat-logistika, investisiya, enerji, humanitar əlaqələr və regional əməkdaşlığın gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “dövlətlərarası münasibətlər ən yüksək səviyyəyə qaldırıldı.” Dövlət başçımız da vurğuladı ki, müttəfiqlik münasibətləri sadəcə siyasi bəyanat deyil, qarşılıqlı etimad və məsuliyyət tələb edən uzunmüddətli strateji öhdəlikdir: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq.”
Görünən budur ki, Bakı ilə Bişkek bundan sonra beynəlxalq təşkilatlarda, regional təhlükəsizlik məsələlərində, iqtisadi layihələrdə və siyasi təşəbbüslərdə bir-birini daha fəal şəkildə dəstəkləyəcək. Qırğızıstan Prezidenti Sadır Japarov da bu sənədi “tarixi hadisə” adlandıraraq bildirdi ki, “bu tarixi hadisə, həqiqətən də Qırğızıstan-Azərbaycan əməkdaşlığının yeni mərhələsinin əsasını qoyur.”
Səfərin ən mühüm iqtisadi qərarlarından biri Azərbaycan-Qırğızıstan İnvestisiya Fondunun kapitalının iki dəfə artırılması oldu. Söhbət 200 milyon dollara qədər artımdan gedir. Fond artıq hər iki ölkədə real layihələrin maliyyələşdirilməsinə başlayıb. Yeni qərar isə sənaye, kənd təsərrüfatı, logistika, tikinti, emal sənayesi və digər istiqamətlər üzrə daha iri investisiyaların cəlb edilməsinə imkan yaradacaq.
Prezident Sadır Japarov da vurğuladı ki, Fond çərçivəsində artıq üç layihə istifadəyə verilib, səkkiz yeni təşəbbüsə isə start verilib. Bu fakt iki ölkə arasında iqtisadi əməkdaşlığın artıq nəzəri müzakirələrdən praktik nəticələr mərhələsinə keçdiyini göstərir.
Müzakirələrdə nəqliyyat və logistika məsələləri xüsusi yer tutdu. Rəsmi Bişkek də ölkəmizin Orta Dəhlizdə rolunu yüksək qiymətləndirir və Azərbaycanın Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən dəhlizin əsas bəndi hesab edir. Hazırda Orta Dəhliz qlobal ticarətdə alternativ və təhlükəsiz nəqliyyat xətti kimi getdikcə daha çox əhəmiyyət qazanır. Azərbaycanın son illərdə liman, dəmir yolu və logistika infrastrukturlarına yatırdığı milyardlarla dollar investisiya artıq region ölkələri tərəfindən də yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev çıxışında Qırğızıstanın Qarabağın bərpasına verdiyi dəstəyi xüsusi vurğuladı. Ağdam rayonunda tikilən “Manas” məktəbi bunun ən bariz nümunəsidir. Bu humanitar layihə Türk dünyasında həmrəyliyin konkret ifadəsidir.
Azərbaycan və Qırğızıstan arasında münasibətlər yalnız iqtisadi və siyasi istiqamətlərlə məhdudlaşmır. Prezident İlham Əliyev Çingiz Aytmatovun Bakıda abidəsinin və parkının açılmasını, Bişkekdə Azərbaycan-Qırğızıstan Dostluq Parkının yaradılmasını, qarşılıqlı Mədəniyyət Günlərini xalqları yaxınlaşdıran mühüm addımlar kimi qiymətləndirdi. Bu təşəbbüslər ortaq türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edir.
Səfərin ən diqqətçəkən siyasi hadisələrindən biri Prezident İlham Əliyevin ilk dəfə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu üzv kimi iştirak etməsi oldu. Bu, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır. Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, “bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib.”
Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın güclənməsi, Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, rəqəmsal və nəqliyyat bağlantılarının genişlənməsi Azərbaycanı Mərkəzi Asiyanın əsas tərəfdaşlarından birinə çevirib.
Nigar Məmmədova
Milli Məclisin deputatı