Son illər ölkəmizin siyasi həyatında bir sıra mühüm siyasi hadisələr baş vermidir ki, onlardan biri də Azərbaycan lideri cənab İlham Əliyein Qırğızıstan Respublikasına 31 iyul -1 avqust tarixli rəsmi səfəri və İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində keçirilmiş Mərkəzi Asiya dövlət başçılarının və Azərbaycan Respublikasının Prezidentinin ilk qeyri-rəsmi məsləhətləşmə görüşündə iştirakı oldu. Bu format Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirdi.
Məsləhətləşmələr zamanı regional təhlükəsizlik, nəqliyyat-kommunikasiya marşrutlarının inkişafı, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun genişləndirilməsi, enerji təhlükəsizliyi, ticarət, investisiya əməkdaşlığı, iqlim dəyişiklikləri və Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyini bir daha bəyan etdi və Xəzər dənizinin hər iki sahilində yerləşən ölkələrin ortaq maraqlarının reallaşdırılması üçün birgə fəaliyyətin vacibliyini vurğuladı.
Bu görüş Azərbaycanın Mərkəzi Asiya regionunda etibarlı strateji tərəfdaş kimi qəbul edilməsinin və ölkəmizin Avropa ilə Asiyanı birləşdirən nəqliyyat-logistika sistemində artan rolunun növbəti təsdiqi oldu.
Bu səfər eyni zamanda Azərbaycanla Qırğızıstan arasında münasibətlərin inkişafında mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər, imzalanan sənədlər və verilən siyasi mesajlar göstərdi ki, Azərbaycan ilə Qırğıstan arasında əməkdaşlıq artıq ənənəvi dostluq münasibətlərindən strateji müttəfiqlik mərhələsinə yüksəlmişdir.
Cənab İlham Əliyevin Qırğızıstan Prezidenti Sadır Japarov ilə keçirdiyi təkbətək və geniş tərkibli görüşlərdə siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat-logistika layihələri, enerji təhlükəsizliyi, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm, təhsil və humanitar əməkdaşlıq kimi geniş spektrli məsələlər müzakirə olundu. Görüşlərdə vurğulandı ki, Azərbaycan və Qırğıstanı ortaq tarix, dil, mədəniyyət və türk kimliyi birləşdirir və bu amillər münasibətlərin gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Dövlət başçıları qarşılıqlı etimada əsaslanan münasibətlərin regional sabitlik və təhlükəsizliyə mühüm töhfə verdiyini bəyan etdilər. Bu yanaşma Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
İqtisadi və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi səfərin əsas istiqamətlərindən biri idi. Tərəflər qarşılıqlı investisiyaların artırılması, birgə sənaye layihələrinin həyata keçirilməsi, kiçik və orta sahibkarlığın inkişafı, nəqliyyat dəhlizlərinin səmərəli istifadəsi və Orta Dəhliz üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərini diqqət mərkəzində saxladılar.
Humanitar əməkdaşlıq istiqamətində qəbul edilən qərarlar iki xalq arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edir. Səfər zamanı verilən siyasi mesajlar Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində Azərbaycanın Türk dünyasının inteqrasiyasında aparıcı dövlətlərdən biri kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirdi. Qırğıstanla münasibətlərin inkişafı bu siyasətin mühüm tərkib hissəsidir.
Dövlət başçılarının bir-birini ali dövlət ordenləri ilə təltif etməsi Azərbaycan–Qırğızıstan münasibətlərinin yüksək etimad səviyyəsinin və strateji müttəfiqliyinin rəmzi kimi xüsusi siyasi məna daşıyır. Bu, təkcə diplomatik etiket nümunəsi deyil, həm də iki dövlətin siyasi iradəsinin, ortaq tarixi-mədəni dəyərlərə sadiqliyinin və gələcək əməkdaşlığın davamlı inkişafına verdiyi önəmin rəmzidir və Türk dünyasında dövlətlərarası həmrəyliyin möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi ismarıcdır.
Əli Hüseynli
Milli Məclisin deputatı