PDF Oxu

Siyasət

  • 495

İki qardaş dövlətin inkişaf edən əlaqələri - ŞƏRH

image

İyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun mətbuata birgə bəyanatlarla çıxış etməsi iki ölkə arasındakı diplomatik, iqtisadi və mədəni əlaqələrin yeni, keyfiyyətcə daha yüksək səviyyəyə keçdiyini nümayiş etdirir.

Azərbaycan və Qırğızıstan arasında münasibətlər sadəcə ikitərəfli diplomatik əlaqələrlə məhdudlaşmır, həm də strateji xarakter daşıyır. Yüksək səviyyəli qarşılıqlı səfərlər, imzalanan sənədlər və tərəflərin nümayiş etdirdiyi siyasi iradə iki dövlət arasındakı etimadın əsas sütununu təşkil edir. Keçirilən görüşlər və qəbul edilən qərarlar qarşılıqlı fəaliyyətin institutlaşdırılmasını, strateji tərəfdaşlığın institusional əsaslarının möhkəmləndirilməsini təmin edir. Şərq və Qərb, eləcə də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında körpü rolunu oynayan bu diplomatik xətt hər iki ölkənin geosiyasi mövqeyini gücləndirir.

Müttəfiqlik münasibətlərinin bəyan edilməsi tərəflər üzərinə böyük siyasi və geosiyasi məsuliyyət qoyur. Azərbaycan və Qırğızıstan beynəlxalq təşkilatlarda — Birləşmiş Millətlər Təşkilatı (BMT), Türk Dövlətləri Təşkilatı (TDT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və digər platformalarda bir-birinin suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını ardıcıl şəkildə dəstəkləyirlər. Təhlükəsizlik sahəsində əməkdaşlıq regional sabitliyin qorunmasına, müasir çağırış və təhdidlərə karşı birgə mübarizə aparılmasına xidmət edir. İqtisadi-ticari əlaqələrin dərinləşməsi isə qarşılıqlı asılılığı müsbət məcrada artıraraq dayanıqlı inkişafa zəmin yaradır.

İki ölkə arasında iqtisadi əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinin başlıca göstəricilərindən biri Birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə kapitalının 100 milyon dollardan 200 milyon dollara qədər — iki dəfə artırılması barədə əldə olunmuş razılıqdır. Bu fond sadəcə maliyyə mexanizmi deyil, eyni zamanda real iqtisadiyyata, istehsalat sektoruna və infrastruktur proqramlarına birbaşa xidmət edən strateji alətdir. Fondun xətti ilə Qırğızıstanda həyata keçirilən layihələr:

Birgə sənaye və kənd təsərrüfatı istehsalatının təşkilinə, yeni iş yerlərinin yaradılmasına və sosial rifahın artırılmasına, qarşılıqlı ticarət dövriyyəsinin həcminin genişləndirilməsinə, regionlararası nəqliyyat-loqistika marşrutlarının effektivliyinin yüksəldilməsinə mühüm töhfə verir.

Maliyyə vəsaitinin artırılması fondun fəaliyyətinin konkret və nəticəyönümlü layihələrlə zənginləşdiyini və gələcəkdə bu həcmin daha da artırılması potesialının olduğunu göstərir.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yeniden qurulması prosesində dost və qardaş ölkələrin iştirakı böyük mənəvi və siyasi əhəmiyyət kəsb edir. Qırğızıstanın Ağdam rayonunda inşa etdirdiyi və Qırğız xalqının milli eposunun adını daşıyan “Manas” məktəbi bu həmrəyliyin bariz nümunəsidir. 30 il ərzində dağıntılara məruz qalmış Qarabağ bölgəsinin bərpasına verilən bu dəstək:

İki xalq arasında qardaşlıq və dostluq tellerinin sarsılmazlığını, humanitar və təhsil sahəsində birgə layihələrin davamlılığını, postmünaqişə dövründə Mərkəzi Asiya dövlətlərinin Cənubi Qafqazda sülh və quruculuq proseslərinə verdiyi real töhfəni nümayiş etdirir.

Azərbaycan və Qırğızıstan xalqlarını ortaq köklər, dil, din, mədəniyyət və tarixi irs birləşdirir. Hər iki dövlətdə digər tərəfin görkəmli şəxsiyyətlərinə, ədəbiyyat və incəsənət xadimlərinə böyük ehtiramla yanaşılır. Bu ortaq dəyərlər müasir dövrdə siyasi və iqtisadi münasibətlərin daha möhkəm təməllər üzərində qurulmasını təmin edən mənəvi dayaq rolunu oynayır.

Xalqların bir-birinə daha da yaxınlaşmasında humanitar və mədəni diplomatiya mühüm alətdir. Qırğızıstanda Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda isə Qırğızıstan Mədəniyyət Günlərinin təşkili cəmiyyətlərarası inteqrasiyanı dərinləşdirir. Bu cür tədbirlər ortaq türk mədəniyyətinin təbliğinə, gənc nəsillər arasında əlaqələrin qurulmasına və Türk Dövlətləri Təşkilatı çərçivəsində mədəni bütünləşməyə xidmət edir.

Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geosiyasi və geoiqtisadi baxımdan bir-birinə yaxınlaşması müasir dövrün əsas trendlərindən biridir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilməsi və bu formatın “Mərkəzi Asiyanın və Azərbaycanın dövlət liderlərinin görüşü” kimi adlandırılması tarixi hadisədir. Bu adım:

Xəzər dənizi hövzəsi və Orta Dəhliz (Middle Corridor) çərçivəsində nəqliyyat-logistika layihələrinin daha səmərəli koordinasiyasına, enegetika, ticarət və təhlükəsizlik sahələrində konvergensiyaya, regionlararası strateji alyansın formalaşmasına imkan yaradır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinə Qırğız Respublikasının ali dövlət mükafatı olan “Manas” ordeninin təqdim olunması iki ölkə lideri arasındakı qarşılıqlı hörmətin, şəxsi dostluğun və Azərbaycanın regional inteqrasiyadakı xidmətlərinə verilən yuxarı qiymətin təzahürüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iyulun 31-də verdikləri bəyanatlar iki ölkə arasındakı münasibətlərin strateji məzmununu bir daha təsdiqləyir. İqtisadi fondların genişləndirilməsi, Qarabağın bərpasında iştirak, mədəni-humanitar mübadilə və regional inteqrasiya formatlarının inkişafı Azərbaycan-Qırğızıstan tərəfdaşlığının uzunmüddətli, dayanıqlı və hər iki tərəf üçün faydalı perspektivlərə malik olduğunu göstərir.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər