PDF Oxu

Siyasət

  • 523

Azərbaycan dili – milli varlığımızın və dövlətçiliyimizin əbədi dayağı - ŞƏRH

image

Hər bir xalqın milli varlığını, tarixi yaddaşını, mədəniyyətini və mənəvi dəyərlərini yaşadan ən mühüm amillərdən biri onun ana dilidir. Dil xalqın keçmişini bu günə, bu gününü isə gələcəyə bağlayan müqəddəs körpüdür. Azərbaycan dili əsrlər boyu xalqımızın milli-mənəvi sərvəti kimi formalaşmış, zənginləşmiş, böyük söz ustalarının yaradıcılığı ilə inkişaf etmiş və müstəqil Azərbaycan dövlətinin əsas milli atributlarından birinə çevrilmişdir. Hər il 1 avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması xalqımızın ana dilinə, milli-mənəvi dəyərlərinə və dövlətçilik ənənələrinə verilən yüksək qiymətin bariz ifadəsidir. Bu əlamətdar gün Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, saflığının təmin olunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan dili xalqımızın milli kimliyinin əsas sütunlarından biridir. Tarixin müxtəlif dövrlərində xalqımız müxtəlif təzyiqlərlə üzləşsə də, ana dilini qoruyub saxlamağı bacarmış, onu milli varlığının ayrılmaz hissəsinə çevirmişdir. Müstəqillik illərində isə dövlət dilinin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur. Bu istiqamətdə misilsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti Azərbaycan dövlətçiliyinin ən parlaq səhifələrindən biridir. Ulu Öndər Heydər Əliyev həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycan dilinin qorunması və inkişafı üçün ardıcıl, uzaqgörən siyasət həyata keçirmişdir. 1978-ci ildə SSRİ dövründə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması məhz Ulu Öndər Heydər Əliyevin qətiyyətli mövqeyinin nəticəsi idi. O dövrün mürəkkəb siyasi şəraitində belə bir müddəanın Konstitusiyada əksini tapması böyük siyasi iradənin və milli təfəkkürün təzahürü idi. Bu tarixi addım Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyırdı. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin inkişafı istiqamətində yeni mərhələ başlandı. Ümummilli Lider Heydər Əliyev ana dilimizin dövlət dili kimi mövqeyinin daha da möhkəmləndirilməsi üçün ardıcıl qərarlar qəbul etdi. 2001-ci il 9 avqust tarixli Fərmanı ilə latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi tam başa çatdırıldı və həmin Fərmanla hər il avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu. Bu qərar təkcə əlifba dəyişikliyi deyildi. Bu, Azərbaycanın milli-mənəvi dəyərlərinə, müstəqil dövlətçilik ideologiyasına və dünya azərbaycanlılarının milli birliyinə xidmət edən mühüm strateji addım idi. Latın qrafikalı əlifbaya keçid Azərbaycanın dünya informasiya məkanına inteqrasiyasını sürətləndirdi, müasir elmin, təhsilin və texnologiyaların inkişafına yeni imkanlar yaratdı. Ümummilli Lider Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, ana dili xalqın ən böyük milli sərvətidir və hər bir vətəndaş bu dili qorumalı, sevməli və inkişaf etdirməlidir. Onun rəhbərliyi ilə Azərbaycan dilinin elmi əsaslarla öyrənilməsi, lüğətçilik işinin genişləndirilməsi, klassik irsin latın qrafikası ilə yenidən nəşri, dərsliklərin hazırlanması və dilçilik elminin inkişafı istiqamətində mühüm işlər görüldü. Bu siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı ana dilimizin qorunmasını və inkişafını milli dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etmişdir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dilinin saflığının qorunması, müasir dövrün tələblərinə uyğun inkişaf etdirilməsi, informasiya məkanında düzgün istifadəsinin təmin olunması istiqamətində mühüm dövlət proqramları, sərəncam və fərmanlar qəbul edilmişdir. Dövlət başçısının imzaladığı sənədlər Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsinə, onun elektron mühitdə inkişafına, terminologiyanın zənginləşdirilməsinə və dil normalarının qorunmasına mühüm töhfələr vermişdir. Müasir dövrdə qloballaşma prosesləri dillərin qarşısında yeni çağırışlar yaradır. Xarici sözlərin həddindən artıq istifadəsi, sosial şəbəkələrdə və rəqəmsal platformalarda dil normalarının pozulması, ədəbi dil qaydalarına əməl olunmaması ana dilimizin qorunmasını daha da aktuallaşdırır. Məhz buna görə də dövlət tərəfindən Azərbaycan dilinin saflığının qorunmasına xüsusi diqqət yetirilir, dövlət qurumları, elm və təhsil müəssisələri, media orqanları bu istiqamətdə sistemli fəaliyyət göstərirlər. Bu gün ölkəmizdə Azərbaycan dilinin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Təhsil müəssisələrində ana dilinin tədrisi daim təkmilləşdirilir, elmi tədqiqatlar genişləndirilir, yeni lüğətlər hazırlanır, klassik və müasir ədəbiyyat nümunələri nəşr olunur, elektron resurslar yaradılır, dilçilik sahəsində innovativ layihələr həyata keçirilir. Azərbaycan dili beynəlxalq aləmdə də öz mövqeyini möhkəmləndirir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan mədəniyyət mərkəzlərində, universitetlərdə və diaspor təşkilatlarında ana dilimizin tədrisi və təbliği istiqamətində mühüm işlər görülür. Bu, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və milli kimliyimizin qorunmasında mühüm rol oynayır. Ana dilinə sevgi təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Azərbaycan dilində düzgün danışmaq, onu qorumaq, zənginləşdirmək, gələcək nəsillərə olduğu kimi çatdırmaq hər birimizin müqəddəs vəzifəsidir. Dilimizi qorumaq milli kimliyimizi, tariximizi, mədəniyyətimizi və dövlətçiliyimizi qorumaq deməkdir. Bu gün fəxrlə deyə bilərik ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dil siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Dövlətimizin ana dilinə göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycan dili müasir dövrün tələblərinə uyğun inkişaf edir, beynəlxalq nüfuzu artır və gələcək nəsillərə etibarlı şəkildə ötürülür. Hər bir vətəndaş ana dilimizin saflığını qorumağı, onun zənginliyini yaşatmağı və inkişaf etdirməyi özünün mənəvi borcu hesab etməlidir. Çünki dilimiz xalqımızın milli sərvəti, dövlətçiliyimizin təməli, milli birliyimizin rəmzi və Azərbaycançılıq ideologiyasının ən güclü dayaqlarından biridir.

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

Digər xəbərlər