Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gənclərinin və könüllülərinin birgə “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib.
Öncə tədbir iştirakçıları "Ekol Mühəndislik Xidmətləri" QSC-nin Eko Park İnnovasiya Mərkəzinə ekskursiya edib, sonra “Yay məktəbi” nümayəndələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və müasir, müstəqil Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra “Yay məktəbi”nə həsr edilmiş xülasə video-çarxı nümayiş etdirilib.
Çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi sədrinin müavini Sevinc Qasımova, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Eyvaz Hünbətov, “Yay məktəbi”nin fəal iştirakçısı, Azərbaycan Dillər Universitetinin tələbəsi Fəxriyyə Mirzəyeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları Ulu Öndər Heydər Əliyevin mənəvi mirası olan Azərbaycançılıq ideologiyasının və öz canı, qanı bahasına torpaqları işğaldan azad etmiş, ərazi bütövlüyü və suverenliyi bərpa etmiş gəncliyimizin müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırdığı Zəfər Konsepsiyasının ölkə gəncliyi qarşısında müəyyən etdiyi prioritetlər barədə danışıb, gənclər siyasətinin uğurlarından bəhs edib, “Yay məktəbi”nin iştirakçılarını təbrik ediblər.
Çıxışlardan sonra “Yay məktəbi”ni uğurla başa vuran iştirakçılar sertifikatlar ilə təltif ediliblər.
Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.