2026-cı il iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov arasında keçirilən görüşlər, Dövlətlərarası Şuranın üçüncü iclası, imzalanan sənədlər və mətbuata verilən birgə bəyanatlar iki dost və qardaş ölkə arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edən mühüm addımlar olmuşdur.
Prezident İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər qarşılıqlı hörmətə, etimada, tarixi dostluğa və ortaq mənəvi dəyərlərə əsaslanır. Hər iki dövlət türk dünyasının ayrılmaz hissəsi kimi siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır. Dövlət başçısı qeyd etdi ki, son illərdə yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına ciddi təkan verib və bu əməkdaşlıq bundan sonra da yüksələn xətlə davam edəcək.
Azərbaycan və Qırğızıstan arasında siyasi münasibətlər etibarlı tərəfdaşlıq prinsiplərinə söykənir. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin mövqeyini dəstəkləyir, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət nümayiş etdirir. Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən birgə fəaliyyət isə ortaq maraqların qorunmasına və türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Səfər zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas müzakirə mövzularından biri oldu. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı, sənaye, enerji və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın inkişaf etdirilməsi barədə razılığa gəldilər. İmzalanmış sənədlər gələcəkdə iqtisadi münasibətlərin daha da möhkəmlənməsinə geniş imkanlar yaradır.
Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq nəqliyyat layihələri, xüsusilə Şərq–Qərb Orta Dəhlizi, Qırğızıstan üçün də mühüm perspektivlər açır. Bu marşrut Mərkəzi Asiya ilə Avropanı birləşdirən ən əlverişli nəqliyyat istiqamətlərindən biri hesab olunur və iki ölkə arasında ticarətin həcminin artmasına şərait yaradır. Prezident İlham Əliyev çıxışında bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini xüsusi qeyd edib.
Humanitar və mədəni əlaqələr də Azərbaycan–Qırğızıstan münasibətlərinin mühüm istiqamətlərindən biridir. Ortaq tarix, dil yaxınlığı, milli-mənəvi dəyərlər və zəngin mədəni irs xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır. Təhsil, elm, mədəniyyət və gənclər siyasəti sahələrində həyata keçirilən birgə layihələr gələcək nəsillər arasında dostluğun möhkəmlənməsinə xidmət edir.
Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, Azərbaycan və Qırğızıstan arasında münasibətlər təkcə ikitərəfli əməkdaşlıqla məhdudlaşmır. Hər iki dövlət regional sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasına töhfə vermək əzmindədir. Bu baxımdan qarşılıqlı dəstək və etimad münasibətləri gələcək əməkdaşlığın əsas təminatıdır.
Bu gün Azərbaycan ilə Qırğızıstan arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətləri türk dünyasının birliyini gücləndirən mühüm amillərdən biridir. Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri və mətbuata verdiyi bəyanat göstərdi ki, iki ölkə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığı yeni mərhələyə yüksəltmək əzmindədir. Siyasi dialoqun genişlənməsi, iqtisadi layihələrin həyata keçirilməsi, humanitar əlaqələrin inkişafı və beynəlxalq təşkilatlar çərçivəsində birgə fəaliyyət Azərbaycan–Qırğızıstan münasibətlərinin gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Bu səfər iki qardaş xalqın dostluğunun, qarşılıqlı etimadının və ortaq gələcəyə inamının daha bir parlaq təzahürü kimi tarixə düşmüşdür.
Rauf Nəcəfov
YAP Sədərək rayon təşkilatının məsləhətçisi